Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:51

Məcburi köçkünlərin evlərini kimə satırlar? (VİDEO)


«İlham Əliyev bizdən ötrü tikib o evi. İki uşaqla çölün düzündə qalmışam. Xahiş edirəm, kompüterlə yoxlasınlar, görsünlər mənim adıma ev tikilib, ya yox».
MEHMANXANADA KÖÇKÜN QALMAYIB?
1993-cü ildən Naftalandakı mehmanxanada məskunlaşan köçkünlər deyirlər ki, 3 ildə qurduqları xəyalları boşa çıxıb. 3 il əvvəl prezidentin göstərişi ilə Goranboyda onlar üçün inşasına başlanan məhəlləyə başqaları köçürülüb. Əvəzində onların məskunlaşdıqları mehmanxananın suyu, işığı, qazı kəsilib. Köçkünlərin fikrincə, bununla məmurlar görüntü yaratmaq istəyirlər ki, mehmanxanada daha köçkün qalmayıb. Əslində isə, 18 köçkün ailəsi soyuq, qaranlıq və şəraitsiz mehmanxanada həyat sürməkdə davam edirlər. Köçkünlər belə deyirlər.
«EVİN BİRİNİ BƏZƏYİRLƏR»
Bu il yanvarın 21-də prezident Goranboyda Naftalan köçkünləri üçün nəzərdə tutulmuş 525 ailəlik, beşmərtəbəli 9 binadan ibarət məhəllənin açılışında da iştirak edib:
«Prezident açılışa gəldi, bizi ora qoymurlar axı, müəyyən adamlar toplayırlar - müəllimlər, üç-dörd nəfər qaçqın, bir şəhid ailəsi, evin birini bəzəyirlər, şəhid ailəsini də oturdurlar orda, prezident gedir onunla 5 dəqiqə söhbət edir, vəssalam», - məcburi köçkün Füzuli Sarıyev belə deyir.
O, əlavə edir ki, məhəllənin açılışından sonra binalardakı mənzillər nisbətən imkanlı köçkünlərə satılmağa başlanıb:
«Hazırda 2 bina təmiz boşdur, o biri binalar da tam dolmayıb. Ancaq bizi köçürmürlər, o binalar məhz bizim üçün tikilmişdi, şəxsən mənim özümə o binalardan birindən 2 otaqlı mənzil veriblər. Ancaq oğlumun ailəsinə düşən mənzili vermədilər. Oğlumun ailəsi ilə mənim ailəm ümumilikdə 7 nəfərik. Səsimizi çıxaranda deyirlər «gedin birtəhər yaşayın»».
Məcburi köçkün Füzuli Sarıyev hesab edir ki, boş qalmış binalardakı mənzillər də satılacaq.
HAMI KÖÇÜRÜLÜB GORANBOYA
Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin şöbə müdiri Elman İsmayılov isə Naftalandakı mehmanxanada köçkün qalmadığını, onların Goranboyda yeni salınmış köçkün məhəlləsinə köçürüldüklərini deyir:
«Naftalanda bütün sanatoriyalarda və mehmanxanada məskunlaşan köçkünlər köçürülüb Goranboya. Hətta qeydiyyatı olmayıb orada yaşayan ailələr də köçürülüb. Gəncədə, Bakıda yaşayıb adı 10-20 il əvvəl orda qalanlar istisna olmaqla».
«BİZİ KÖÇÜRMƏDİLƏR»
Ancaq Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Məmməd Əlizadə AzadlıqRadiosuna deyib ki, Goranboyda yeni salınmış köçkün məhəlləsinə Naftalandakı mehmanxanada yaşayan köçkünlər yox, yalnız sanatoriyalarda yaşayan məcburi köçkünlər köçürülüb:
«Dövlət komissiyası tərəfindən həmin mənzillər köçkün ailələrinə paylanılır. Əgər onların da adları həmin komissiyanın siyahısında varsa, qeyd-şərtsiz evlərini alacaqlar. Hamı istəyir mənzil alsın, ancaq onlar təyinat üzrə tikilib, yəni yalnız sanatoriyada yaşayanlar üçün».
«Bax, gəlinimin mebellərini sökmüşəm, qablaşdırıb yığmışam ki, köçürük. Ancaq bizi köçürtmədilər», - bu isə yeni salınmış köçkün məhəlləsinə köçmək arzusu ürəyində qalan Firəngiz Sarıyevadır.
Köçkünlər isə onlara çatmalı olan mənzillərə köçürülmələri tələbi ilə Bakıdakı dövlət qurumlarına şikayət məktubu ünvanlayıblar.

Şərhləri göstər

XS
SM
MD
LG