Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:23

«NİDA» məşhur hotellərə qarşı kampaniyaya başlayıb


Ziyalılar Forumu, 1 fevral 2012
Ziyalılar Forumu, 1 fevral 2012
-

«Nida» Vətəndaş Hərəkatı Bakıdakı böyük hotel şəbəkələrinin bir qisminə qarşı kampaniyaya başlayıb. Təşkilatın internet saytında verilən məlumatda qeyd edilir ki, onlar sosial şəbəkələrdən də istifadə etməklə həmin hotellərin mənsub olduqları şəbəkənin rəhbərliyinə müxtəlif dillərdə etirazlar göndərəcəklər.

ETİRAZIN MƏZMUNU

«Nida» iddia edir ki, son vaxtlar Azərbaycan hakimiyyəti müxalifəti, müstəqil insanları, təşkilatları sıxışdırmaq üçün yeni metoddan istifadə edir:

«Hakimiyyətin sifarişi ilə Bakıdakı müxtəlif hotellər əvvəldən razılaşma olmasına baxmayaraq, Müsavat Partiyasının yubiley tədbiri, Ziyalılar Forumunun və bəzi müstəqil təşkilatların tədbirlərinə yer verməkdən son anda imtina edib.

Təəssüflər olsun ki, ABŞ-ın «Ambassador Group», «Hyatt Hotels Corporation» və «Hilton Worlwide» kimi dünyada ən böyük və məşhur şəbəkələrin Azərbaycandakı hotelləri də hakimiyyətin demokratiya və ədalət uğrunda mübarizə aparan insanların hüquqlarını bu cür kobud şəkildə pozmasına kömək edirlər.

Biz bu imtinaların əsl səbəblərini açıqlayan məktubun (ingiliscə) həmin hotel şəbəkələrinin mərkəzi ofisinin e-mail adresinə göndərilməsi üçün «Facebook» və digər sosial şəbəkələrdə geniş təbliğat kampaniyasına start vermişik».

Bakıdakı hotellər adətən müxalifət və müstəqil qurumların tədbirlərinə yer verməkdən imtina etməsini texniki problemlərlə izah edirlər.

İMTİNA TARİXÇƏSİ

Keçən il dekabrın 29-da «Hyatt Regency» hoteli son anda Ziyalılar Forumunun toplantısının keçirilməsinə yer verməkdən imtina edib. Hoteldən bunu texniki problem yaranması ilə əsaslandırıblar.

Keçən il dekabrın 25-də yubiley keçirmək istəyən müxalif «Azadlıq»qəzetinin «Qızıltac» restoranındakı mərasimi yarımçıq qalmışdı. Mərasim zamanı işıqlar söndürülmüş, qonaqlardan restoranı tərk etmək tələb olunmuşdu.

2011-ci ilin oktyabr ayında Fridrix Naumann Fondu Müsavat Partiyasının 100 illiyi münasibətiylə "Liberal Forum" keçirmək istəyirdi. Tədbirin Ambassador Hotel otelində və Niaqara şadlıq sarayında olması planlaşdırılırdı. Mərasimə 2 gün qalmış həmin hotel və restoran yer verməkdən imtina etmişdilər.

2011-ci il martın 18-də rok musiqi ifaçısı Azər Məmmədovun Bakı Rok Klubunda nəzərdə tutulmuş konserti də təxirə salınmışdı. AzadlıqRadiosuna müsahibəsində Azər Məmmədov bildirmişdi ki, konsertə iki saat qalmış bizə bar işçisi yaxınlaşıb dedi ki, bar işçisinə Prezident Aparatından zəng edib deyiblər ki, burda konsert keçirilməsi qadağandır.
XS
SM
MD
LG