Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56
Azərbaycan Ziyalılar Forumunun qurucularından olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov yanvarın 19-da “Media forum” saytına danışıb.

O, “Hyatt Regency” hotelinin rəhbərliyindən cavab almadıqlarını bildirib: “Hotel rəhbərliyi ötən il dekabrın 29-da yaranmış problemə hələ də rəsmi aydınlıq gətirməyib.

Eləcə də növbəti tədbirimizi bu hoteldə keçirməyin mümkün olub-olmaması məsələsi açıq qalır. Hoteldən cavab gəlməyib.

Mən və həmkarlarım qərara gəlmişik ki, hotel rəhbərliyinə bir həftə də vaxt verək. Əgər bu bir həftə ərzində də hotel rəhbərliyindən lazımi cavab almasaq, şəbəkənin baş ofisinə şikayət məktubu göndərəcəyik”.

2011-ci il dekabrın 29-da “Hyatt Regency” hotelinin “Bakı” zalında yığıncaq keçirmək istəyən Ziyalılar Forumu problemlə üzləşib. İşıqlar sönüb və hotel rəhbərliyi bunu binanın elektrik sistemində baş vermiş qəza ilə izah edib. Təşkilatçılar isə baş verənləri hakimiyyətin toplantıya mane olması kimi qiymətləndiriblər.

Rüstəm İbrahimbəyovun sözlərinə görə, forumun növbəti toplantısı yanvarın axırında olacaq: “Amma mövzu və yer dəqiqləşməyib. Gərək forumun digər üzvləri ilə də bu haqda məsləhətləşmələr aparaq. Bundan sonra ictimaiyyətə dəqiq bir şey söyləmək olar”.

Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.

Hyatt Regency - Hyatt beynəlxalq otellər şəbəkəsinə aiddir. Şəbəkənin mərkəzi ofisi ABŞ-da - Çikaqonun mərkəzindəki 48 mərtəbəlik göydələndə (Downtown Chicago 71 South Wacker Drive) yerləşir.

Hyatt korporasiyasının prezidenti - Mark Hoplamazyandır.

Korporasiyanın dünya boyu 500-ə yaxın daşınmaz əmlakı var.

İki il yarım əvvəl Amerikanın özündə Hyatt otelləri ilə bağlı qalmaqal baş vermişdi.

2009-cu il avqustun 31-də Massachusetts ştatının mərkəzi Bostonda şirkətə məxsus üç oteldən 100-ə yaxın xidmətçi işdən azad edilmişdi.

Xidmətçilər (onlar mediada "Hyatt 100" adlandırılırdı) işdən azad edilmələri ilə razılaşmamış, işdən azad ediləcəkləri barədə onlara əvvəlcədən xəbərdarlıq edilmədiyini, onların yerinə daha ucuz işçi qüvvəsi ilə müqavilə imzalandığını bildirmiş, məsələni ictimailəşdirmişdilər.

Xidmətçilərdən bəziləri, məlumata görə, oteldə 20 il idi çalışırmış.

Bu kütləvi işdən çıxarma bir sıra yerli siyasi xadimlər və ictimai fəalları da qəzəbləndirmişdi. Bostonda yüzlərlə ictimai fəalın iştirakı ilə etiraz yürüşü keçirilmişdi.

Massachusetts qubernatoru Deval Patrick hətta dövlət işçilərini oteli boykot etməyə çağırmışdı.

Şərhləri göstər

XS
SM
MD
LG