Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:14

İsgəndər Palanın tarixi romanları niyə çox oxunur?


Yazıçının sirri nədir? "Yunus adi bir roman qəhrəmanı kimi yox, romandakı İnsan olaraq könüllərə yol tapır".

Məşhur türk yazarı İsgəndər Palanın "Od" romanı indi Türkiyədə ən çox satılan kitablardandır.


Yusif YAQUBOĞLU


(Türkiyə türkcəsindən Seyfəddin HÜSEYNLİ çevirdi)


"OD"DAKI YUNUS ODU

“Biz bu eldən gedər olduq,
Qalanlara salam olsun!...”
Yunus Əmrə

Dövranlar görmüş bu Yer üzündə kimlərin adı qalıb, özləri buradan köç edəndən sonra?

Ölüm, labüd bir axın kimi, hansı sultanı, hansı kralı, hansı bəxtəvəri cənginə alıb aparmayıb ki?!

Kimsə məzarından boy verib qalxa bilibmi?! Yaxşı, bəs böyük sənət?! Bəs o böyük sənəti yaradanlar?!

Özlərindən sonra ölümsüz irsləri qalırsa, onların gəliş-gedişi necə izah olunsun?... "Od" - bu kimi suallara cavab aranan bir romandır.

Bir yandan da, bu romanda Yunus Əmrədən, onun böyük dünyasından bütöv bir şəkildə - müəmmaları, ağrıları, xamlıqdan yetkinliyə doğru pillə-pillə yüksəlişi ilə bərabər - söz açılır.

Əlbəttə, mövzu təkcə bununla da məhdudlaşmır. Hər bir böyük sənətçi üçün önəmli olan amil, yəni onun doğulduğu zaman, əhatə olunduğu tarixi mühit də nəzərə alınır, təsvir edilir bu əsərdə. İnsanın, inancın, eşqin və təbii ki, şeirin üzərinə böyük bir yürüş öz bədii əksini tapır.

Özü də, yazdığı romanlarla neçə müddətdən bəri yüz minlərlə oxucunun sevgisini qazanan, istəklisinə çevrilən, əsərləri təkrar-təkrar oxunan İsgəndər Pala girişir bu çətin işə.

Romanda o, tanıdığımız qədər də tanımadığımız Yunusun - "Bizim Yunus"un ardınca gedir. "Miskin" Yunus bitmək bilməyən, uzun zaman davam edən gəzərgi həyatı ilə oxucunu heyrətdən heyrətə doğru çəkib aparır.

* * *

İsgəndər Pala bir elm adamı olmağın və mövzuya aid lazımi biliklərə yiyələnməyin gətirdiyi rahatlıqla işləyir.

Yunusu olduqca geniş rakursda və oxunaqlı bir dillə tanıdır bizə.

Bu dil, eynən Yunusdakı kimi, son dərəcə sadələşmək, aradan yüzillər keçəndən sonra da, onunla bir qardaş kimi ünsiyyət qura bilmək arzusunun ifadəsidir. Bundan əlavə, romanın girişindəki Molla Qasım hesablaşması yazarın ilk növbədə öz daxili aləmi ilə əbədi mücadiləsindən xəbər verir.

Bəli, məhz belədir: bu üsulla - əsrlər öncə ədəbiyyatımıza gətirdiyi Molla Qasım obrazı vasitəsilə Yunus Əmrə bir növ sənətlə və özü-özüylə haqq-hesab çəkməyin, hesablaşmağın ilk nümunələrindən birini yaradıb.

Əgər sonda hər şey kamilləşmiş insana və böyük sənətə gedib çıxacaqsa, yox etməkdə, yox olmaqda, hətta yox sayılmaqda nə qəbahət var ki?

Beləliklə, özünü daima yonub hamarlamaqla, sadəcə təsəvvüf sarıdan deyil, poeziya
İstanbulda bir Yunus İmrə heykəli
İstanbulda bir Yunus İmrə heykəli
sənətilə bağlı da tənqidə açıq olmaq anlayışını dünyamıza bəxş etmiş bir şairdir Yunus Əmrə. İsgəndər Pala da yazı və ifadə texnikası baxımından buna bənzəyən bir gedişlə Yunusun dünyasına dərindən nüfuz etməyə nail olub.

* * *

13-cü yüzilin Anadolusu bir çox cəhətdən ağrı-acılar və təlatümlər beşiyidir.

Öncə aramsız Xaçlı yürüşləri, sonra da Monqol istilası, daxili qarışıqlıqlar, savaşlar, dağıntı və talanlar, əslində, məkandan daha çox, insanın özünü yandırıb məhv etməkdədir.

Maddi dağıntılar özüylə birgə dərin bir mənəvi aşınma və çarəsizlik gətirib.

Yunus da, hələ Bizim Yunus adlanmayan, Yunus Əmrə olmayan Yunus da bu çərçivənin, bu çıxılmazlığın içərisindədir. Can və mal təhlükəsizliyi qalmayıb, Xaçlı, Monqol tör-töküntüləri hər yerdə meydan sulayırlar, insanları hər mənada qorxuya salırlar.

Bax, Yunus da belə bir halda çıxır oxucunun qarşısına - çarəsiz, kimsəsiz. Yunus: - "Hər şey havada uçuşan alovların peyda olmasıyla başladı, Molla Qasım" - deyərək açıb danışır başına gələnləri. Həmin uğursuz və amansız alovların görünməsiylə Yunusun o anlaradək həyatında var olan nizam dağılacaq, canının canı Elifi - Sitarəsi öləcək, evinə də, ürəyinə də od düşəcəkdi.

Qıyıqgözün törətdiyi vəhşətin bir nəticəsi də eşq və oğul itkisi olacaqdı. Sitarəsini könlündə arayan Yunus, oğlunu illər boyu yollarda axtaracaqdı.

Yunus Sitarəni alovların içindən çıxarsa da, onu ölümün pəncəsindən qurtara bilməyəcəkdi. Sitarəni yandıran od bu dəfə Yunusun canına düşəcəkdi.

Yollar uzunu elə hey arayıb-axtaran Yunus ilk vaxtlar, eynilə 13-cü yüzilin özü kimi, aqibəti bilinməyən bir qarışıqlıq içərisində karıxıb qalacaqdı.

Ancaq bu məqamda, heç kəsin ağlına gəlməyəcək işlər çıxacaqdı ortaya: Xoca Əhməd Yəsəvinin uzaq Xorasanda çaldığı maya, dərdlərin tozuyla qatılaşaraq, Anadolunu altdan-altdan nizama salmağa başlayıb.


İsgəndər Pala
İsgəndər Pala
Dərdlər böyüdükcə ümid artır, zülm ərşə qalxdıqca insan əbədi şəfa dənizinin sahilinə üz tutmaqdadır. Amma heç nə birdən-birə alınmır: nə yeni doğulmuş uşaq dərhal ayağa qalxır, nə də dişi bitməmiş qurd ova çıxır. Yunus da Bizim Yunus olmaq üçün hələ xamlıq mərhələsində çox yol getməlidir. İntizardırsa intizardır bunun adı, ümidsizlikdirsə də ümidsizlik. Onsuz da bu tale bir qara şal kimi biryolluq salınıb çiyinlərinə.

Gənc Yunusun eşq şərbətilə məst olduğu, röya ilə gerçək arasında qaldığı belə bir məqamda bu adın tezliklə tarix səhifələrinə əbədi həkk olunacağı kimin ağlına gələrdi?!

"Od"dan belə görünür ki, Hacı Bektaşın və Mövlananın Yunus Əmrə ilə qarşılaşması hələ uzun zaman mübahisə mövzusu olaraq qalacaq. Bozçölün İşığı - Hacı Bektaş romanda Yunusa istiqamət verən bir şəxsiyyət kimi çıxır qarşımıza. "Yunusu kəşf edən insan" da adlandıra bilərik onu. "Buğda yerinə nəfəs verməyi" Yunusa məhz Hacı Bektaş təklif edir. "Əsilliyin qaynağı doğruluq yox, duruluqdur, Yunusum" - deyən də Hacı Bektaşdır. Səbri - murada yetmək üçün mütləq dərəcədə vacib olan cövhəri israrla təlqin edən də odur. Beləcə, İsgəndər Pala Yunusu "Bizim Yunus" kimi tanınacağı bir yola çıxarır.

* * *

Romanda Yunus Əmrənin öz içindəki Yunusu addım-addım necə yox etdiyi və "Bizim Yunus"a necə çevrildiyi də təsvir olunur. Boynu bükülü, baxışları yerə dikili, müti bir adam deyil burdakı Yunus. Azacıq psixoloji dərinliyə varanda, əslində eşq və gələcək arasında vurnuxan bir insan kimi görürük onu. Bu cəhətinə görə "Od"u həm də "Dərvişin insani portreti" kimi oxumalıyıq. Çünki bir yandan, Samuel adı verilən itkin oğlunun həsrəti və Sitarəsinə bu dünyada heç cür qovuşa bilməyəcəyini dərk etməsi Yunusun içini dağlayır.

Bir yandan da, onun qalxmaqda olduğu təsəvvüf pillələri sadəcə "dümdüz odunlar daşıyıb gətirmək"dən ibarət deyil. Yeri gələndə, ən müşkül mətləblərə dair suallar verməyindən, dirəşməyindən, mübarizə aparmağından da qalmır Yunus. Niyə də geri dursun, "kahinlərin, tutuquşu satanların, qılınc və xəncər bülövləyən ustaların, müştəri gözləyən fahişələrin səsləri" heç də uzaqda deyil, hər an qarşılaşacağı bir məsafədə, hələ də yayılmaqdadır, axı! Belə bir mühitdə heç nəyə etibar yoxdur.

Yunusun həyatındakı ən mühüm qarşılaşma məqamı Tapdıq Əmrənin dərgahında gerçəkləşir. "Onun yoluyla getmək və ya getməmək”, “ətəyindən tutmaq, yaxud tutmamaq” arasında hər nə qədər tərəddüd etsə də, əslində, bunlar rəmzi hallardır. Bir gün qovula biləcəyi qapıya layiq olmaq yolunda dərdə-qəmə batır şair.

Yunus Əmrə ilə Mövlananın qarşılaşması, mədəniyyət tariximiz qədər, təsəvvüf tarixinin də maraq oyadan və mübahisə doğuran mövzularındandır. İsgəndər Pala öz kitabında bu mövzuya çox geniş yer ayırmasa da, onu layiqincə təsvir etdiyini deyə bilərik: "Bu qarşılaşmadan sonra Şeir, Yunus üçün bambaşqa bir meyar kəsb edəcəkdi". Çünki Mövlana, Yunusun içindəki mübhəm Şeiri oyandırmışdı.

Heç şübhəsiz, hər kəsin az-çox tanıdığı bir şəxsiyyət haqqında yazmaq asan iş deyil.

Bununla belə, hər romanı ilə yüzminlərlə oxucu qazanan və çox sevilən bir yazıçı kimi, İsgəndər Pala Yunus Əmrənin həyatını və onunla bağlı bir çox məsələni, romançılığın münbit atmosferi içərisində, həyatımızın bir hissəsinə çevirməyə nail olur. Nəticədə, Yunus adi bir roman qəhrəmanı kimi yox, romandakı İnsan olaraq könüllərə yol tapır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG