Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:27
Türkiyədəki ələvi məzhəbinin təmsilçiləri oktyabrın əvvəlində çapdan çıxmış və Çaldıran döyüşündən - Şah İsmayılla türk hökmdarı - Yavuz Sultan Səlimin savaşından bəhs edən “Şah və Sultan” romanının müəllifi İsgəndər Palanın cəzalandırılması üçün prokurorluğa şikayət ərizəsi veriblər.

Ankara cümhuriyyət prokurorluğuna şikayət ərizəsi "Pir Sultan Abdal 2 iyul mədəniyyət və təhsil vəqfi"nin adından yazılıb.

Vəqfin 6 idarəçisinin imzaladığı şikayət ərizəsində deyilir :” Yazdığı kitabla ələviliyi kiçildən, böhtan atan və aşağılayan, ələvilərin dini ibadət yerləri sayılan Cəm mərasimini bir içki məclisi kimi təqdim edən şübhəli şəxsin Türk cəza qanununun 216-cı maddəsinin 1-ci bəndinə görə məhkəməyə cəlb edilərək cəzalandırılması üçün iddia qaldırılmasını tələb edirik” .

Vəqfin idarəçiləri ilk tədbir kimi kitabın bazardan yığışdırılmasını tələb ediblər.

Yazıçı İsgəndər Palanın “Şah və Sultan” romanı oktyabrın əvvəlində çapdan çıxıb.

Kitabın ilk tirajı 100 min ədəddir.

Kitab barədə prokurorluğa şikayət ərizəsi verən vəqfin adı Türkiyədə ələvi məzhəbinə mənsub olan insanlara qarşı 2 iyul 1993 ildə törədilən qətliamı simvolizə edir.

Həmin gün Sivas şəhərindəki Madımak otelini yandıran radikal dindarlar ələvi mənşəli 37 ziyalının ölümünə səbəb olmuşdular.

Radikal dindarlar otelin yandırılmasına bir gün əvvəl Sivasda çıxış edən məşhur yazıçı Əziz Nesinin “islama qarşı dediyi sözlərin səbəb olduğunu” bildirmişdilər.

Əziz Nesin otelin yanğın pilləkənlərindən qaçırılaraq ölümdən xilas edilmişdi.

Ələvilik - islamda mövcud məzhəblərdən biridir - daha çox şiəliyə və bəktaşiliyə yaxındır.

Türkiyədə sünnilərdən sonra ən böyük dini icmadır. Əsasən ölkənin şərqində yaşayırlar.

İsgəndər Pala
Ələvilərin əhəmiyyətli saydıqları şəxsiyyətlər arasında Şah İsmayıl Xətaidən başqa İmam Əli, İmam Həsən,
İmam Hüseyn, İmam Cəfəri Sadiq, Pir Sultan Abdal, Hacı Bəktaş Vəli, Əhməd Yasəvi, Yunus Əmrə, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Qul Himmət, Mövlana Cəlaləddin Rumi də var.

Ələvilər Şah İsmayıl ordusunda da vuruşmuşlar.

“Şah və Sultan” romanı çapdan çıxandan sonra “Azadlıq” radiosuna qısa açıqlama verən İsgəndər Pala Azərbaycan oxucularının kitabla bağlı fikirlərinin onun üçün maraqlı olduğunu bildirmişdi.

İsgəndər Pala ilə “Şah və Sultan” romanı barədə müsahibəni bu günlərdə oxuyacaqsınız.

Həmçinin oxu
İsgəndər Pala: “ Füzuli mənim üçün Həzrəti-Füzulidir”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG