Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

Vəfa Quluzadə regionda demokratiya yelləri əsdiyini deyir


Politoloq Vəfa Quluzadə. Foto: Samirə Nəcəf
Politoloq Vəfa Quluzadə. Foto: Samirə Nəcəf

Dekabrın 21-də politoloq Vəfa Quluzadənin doğum günüdür. Ömrünün 70 –ci ilini qeyd edən politoloqla dünyada, regionda və Azərbaycanda vəziyyətdən danışdıq:
- Vəfa müəllim, 1991 –ci ilin bu günü Rusiya, Belarusiya, Ukrayna, Qazaxıstan, Moldova, Azərbaycan, Ermənistan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan rəhbərləri, bir araya gələrək Sovet İttifaqına son qoyulduğunu, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıldığını elan etdilər...
- MDB ölü doğulmuş uşaqdır. MDB əslində yox dərəcəsindədir. Boris Yeltsin Sovet İttifaqını buraxanda düşünürdü ki, MDB bütün bu respublikaları yenə də Rusiyanın malikanəsi kimi saxlayacaq və onlar Rusiyanın tərkibinə daxil olacaqlar. Amma bu, baş vermədi. Əksinə, bu ölkələr birinci yerə öz müstəqilliyini, ərazi bütövlüyü kimi məsələləri qoydular. Və Qərblə güclü surətdə əlaqələr yaratdılar. Hazırda bütün MDB ölkələrinin Qərblə istisnasız əlaqələri var.
- Bəs Rusiyanın qərblə əlaqələri yoxdurmu?
- Rusiyada vəziyyət çox pisdir, qarışıqdır. Bəlli deyil orada 2012-ci ildə hakimiyyət dəyişəcəkmi və necə dəyişəcək. Ona görə indi MDB haqqında danışmaq xüsusilə yersizdir. Çünki, MDB baş tutmayıb. NATO-nun əleyhinə blok yaratmaq istəyiblər, amma bacarmayıblar. Yəni NATO hara, bizim keçmiş sovet respublikaları hara. Müqayisəyə gəlməzdir. Bir Rusiya özüdür. Onun da ordusu acınacaqlı vəziyyətdədir. O səbəbə görə də ortada nə MDB var, nə də hərbi blok. Mən hesab edirəm ki, Rusiya müflis vəziyyətindədir.
- İndiki hadisələrin fonunda regionda vəziyyət necədir?
- Əgər biz 20-ci əsrin əvvəllərini xatırlasaq, o vaxt rus dilində deyirdilər ki, «prizrak kommunizma brodit po Evropu». Yəni, Avropada kommunizm kabusu dolaşır. İndi də demək olar ki, bu regionda artıq demokratiya kabusu dolaşır. Xalqlar demokratiya uğrunda mübarizəyə qalxırlar. Bizim regiona baxanda əsas bu müşahidə olunur...
- İranın vəziyyəti bu ərəfədə necə təsir bağışlayır?
- Çox pis. Ona görə ki, İranda tamamilə totalitar bir rejimdir. Və bu rejim özünü bütün dünyaya qarşı qoyub. Baxmayaraq ki, İran həm mədəniyyət, həm də milli sərvətləri –neft, qaz və sair baxımdan olduqca zəngin bir ölkədir. Gözəl, çalışqan da xalqları var. İran hər şeylə özü özünü təmin edir. Amma bu qarşıdurma İrana baha başa gələcək.
İranda hakimiyyət dəyişikliyi ola bilər. Bunu əvvəlcədən çox ölkələr hiss etmir. Məsələn, Rusiya hiss etmədi ki, artıq orada 1990-cı illərdən bəri yeni nəsil yaranıb – doğulub, böyüyüb, təhsil alıb. İndi bu yeni nəsil başqa cür yaşamaq istəyir. Keçmiş kommunistlərin rəhbərliyi altında diktatura vəziyyətində yaşamaq istəmir. İran da belədir. İranda da artıq internetə çıxan, bütün dünya ilə əlaqəyə girən yeni nəsil əmələ gəlib. Onlar da dünyanın yaşadığı kimi yaşamaq istəyir, demokratiya, insan haqlarını tələb edirlər. Ona görə vəziyyət belədir.
- Azərbaycanda nə var, nə yox?
​- Azərbaycan tələb olunan islahatları keçirtməlidir. Əgər bu islahatlar keçirilməsə, Azərbaycanda da vəziyyət gərgin ola bilər. Çünki Azərbaycanda islahatlar bütün sahələrdə olmalıdır.
- Bu, «gərginlik» ifadəsini necə anlamaq olar ?
- Mən Azərbaycanı ərəb ölkələri səviyyəsində hesab etmirəm. Və hələlik ki, bu proseslər Qazaxıstanı çıxmaq şərti ilə keçmiş sovet məkanında başlamayıb. Qazaxıstandakı da hələ məlum deyil nədir. Ərəb inqilablarına oxşar proseslərin başlanğıcıdır, yoxsa fəhlələrin maaşları ödənincə bitəsi olan təsadüfi bir haldır. Ona görə bizim region haqqında hələ fikir yürütmək tezdir.
- Çex Respublikasının keçmiş prezidenti Vaclav Havelin vəfatının fonunda insanların ona qarşı müşahidə edilən sayğısına münasibətiniz.
- Vaclav Havel mənim ən sevimli, ən hörmətli dövlət xadimim idi. Mən ona böyük hörmət bəsləyirəm. Çünki, olduqca təmiz adam idi. Ən çətin dövrlərdə xalqına rəhbərlik etdi. Özü şəxsən tamamilə kristal-təmiz bir şəxsiyyət kimi qaldı. İki dəfə prezident oldu. Əvvəl Çexoslovakiyada, sonra Çexiyada. Sonra xalq yalvardı ki, qal, üçüncü dəfə prezident ol, o bu təklifi rədd etdi. Çexiya indi Avropanın həmçinin demokratiya baxımından ən yaxşı inkişaf edən ölkələrindən biridir. Vaclav Havel isə, hesab edirəm ki, özünün parlaq, təmiz şəxsiyyəti, vətənpərvərliyi və demokratiyaya sadiqliyi ilə dünya tarixinə daxil olacaq.
- Sizcə təmiz adam olmasaydı bu cür xatırlanardı?
​- Heç vaxt. Dövlət başçısı gərək təmiz olsun. Dövlət başçısına xalq qeyri- təmizliyi heç vaxt bağışlamır. Xalq hər şeyi bilir.
- Şimali Koreya rəhbəri Kim Conq İl 69 yaşında vəfat etdi. Bu ölkədə baş verənləri görürsüz. Adamlar küçələrdə, meydanlarda yerə çöküb ağlaşırlar. Buna münasibətiniz.
- Stalin öləndə mən məktəbli idim. Bizdə də hamı ağlaşırdı. Xatırlayıram, görürdüm məktəbdə şagirdlər, müəllimlər hamı ağlayır. Mənimsə ağlamağım gəlmirdi. Qorxudan tüpürcəyimi gözlərimə sürtürdüm, üz gözümü də turşudurdum ki, mənim də ağladığımı zənn etsinlər. Çünki ağlamayanlar cəzalandırıla bilərdilər. Çünki bu Stalin rejimi- avtoritar rejim idi. Şimali Koreyada da Stalin rejimidir. Ağlamayanın işi xarab ola bilər. Onların beyinləri o qədər yuyulub ki, çoxları həqiqətən də ürəkdən ağlayır, çoxu da vəziyyəti gözəl dərk etdiyi üçün yalandan ağlayır. Bax Koreyada vəziyyət belədir.
- Cəmiyyəti bir qismi ürəkdən ağlayan, digər qismi tüpürcəyini gözünə sürtən vəziyyətə hansı proseslər gətirib çıxarda bilir?
- Diktatura, xalqlara, insanlara qarşı güc işlətmək, repressiyalar. Xalq bunların hamısını bilir. Sovet dövründə mənim gözüm qarşısında NKVD (SSRİ daxili işlər komissarlığı- İ.R.) gəlib həyətdən adamları ailəsinin gözü qarşısında yığıb aparırdı. Bir çoxlarını da ailəsi ilə birlikdə götürürdülər. Məsələn, bizim qonşuluğumuzda general Başov var idi. Özü də NKVD-dən idi və çox pis adam idi. Amma görünür hansısa intriqanın nəticəsində onu da gəlib apardılar. Ailəsini də sürgün etdilər. Ev eşiyini, nəyi vardı hamısını aldılar əlindən. Bu belə bir rejim idi. Bir adamla pozuluşanda onun bütün nəslinə zülm edirdi. Ona görə Şimali Koreyadakı vəziyyət anlaşılandı.
​- Adamları bu vəziyyətdən çıxartmaq üçün nə qədər vaxt tələb olunur?
- Tarixin işinə baxır. Burada xalqları günahlandırmaq olmaz. Çünki xalq özü totalitar rejimdə heç bir şey edə bilmir. Biz bunu görmüşük. Stalin ölənədək hamı iflic vəziyyətdə idi. Amma bu cür rejimlər qalmırlar. Nə cürsə daxildən çürüyüb uçurlar. Sovet İttifaqı boyda nəhəng uçdu. Şimali Koreya da uçacaq.
- Vəfa müəllim, və nəhayət, bu gün sizin doğum gününüzdür. Özünüzü necə hiss edirsiniz?
-Necə deyim... (Gülür) Azərbaycanın sıravi vətəndaşı özünü necə hiss edirsə, mən də elə.
- Özünüzü dünyanın necə bir ölkəsində hiss edirsiniz və necə olmasını istərdiniz? Əgər belə bir ehtiyac olsa əlbəttə ki.
- Mən çox arzu edərdim ki, Azərbaycan tamamilə azad, demokratik bir dövlət olsun. İnsafən deyim ki, Azərbaycanı 1980-90-cı illərlə müqayisə etmək olmaz. Artıq ölkədə kütləvi şəkildə çoxpartiyalılıq var, müxalif qəzetlər çıxır, xalqın açıq rəy söyləmək imkanı var. Yəni inkişaf var və bunu heç vaxt inkar etmək olmaz. Amma çalışmalıyıq ki, bu inkişaf gətirib bizi çiçəklənən Avropa ölkəsinə çevirsin.
XS
SM
MD
LG