Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:21

Ramiz Rövşən: «Havel göstərdi ki, balaca ölkənin böyük rəhbəri olmaq olar»


Ramiz Rövşən
Ramiz Rövşən
Çex respublikasının ilk prezidenti, məşhur dissident, dramaturq Vaclav Havel vəfat edib. Şair Ramiz Rövşənlə Vaclav Havel barədə söhbəti təqdim edirik:
- Düzü mən, Havelin bir yazıçı, drammaturq kimi oxucusu olmamışam. Mən daha çox çex poeziyası ilə maraqlanmışam, şairlərdən Volkeri, Nezvalı (İrji Volker, Vitizlav Nezval -Çex şairləri'-İ.R.) çox sevərdim. Amma mənim bildiyim Havel dissident idi. Mən onun o dövrki Çexoslavakiyada dissident kimi adını çoxdan eşitmişdim. 1968-ci ildən-yəni Sovet qoşunları Praqaya girəndən sonra mən onu tanımışam.
- Hansı təəssürat yaradırdı sizdə?
«HAVEL TƏKCƏ İSTEDADLI DEYİL, HƏM DƏ ÇOX MƏNƏVİYYATLI, YÜKSƏK ƏXLAQLI BİR ADAM İDİ»
- Çox ciddi mənəviyyat adamı təəssüratı yaradırdı. Yəni sənət adamı olmaq həm də birmənalı şəkildə mənəviyyat adamı olmaq demək deyil. İstedad mənəvi-əxlaqi keyfiyyət deyil axı. İstedad hardasa bir vergidir. Amma Havel təkcə istedadlı deyil, həm də çox mənəviyyatlı, yüksək əxlaqlı bir adam idi. Mən onu belə tanıyırdım. Qəribədir ki, zaman da eləcə göstərdi onu. Sovet imperiyası dağılandan sonra dünyanın-xüsusən də Şərqi Avropanın mənzərəsi dəyişdi. Həmin dövrdə hakimiyyətə bir xeyli dissidentlər gəldi. Bolqarıstanda məşhur «Faşizm» kitabını yazmış və çox incidilmiş Jelyu Jelev (bolqar filosof, siyasi xadim, Bolqarıstanın demokratik yolla seçilmiş ilk prezidenti-İ.R.) hakimiyyətə gəldi. Polşada Lex Valensa (Lech Wałęsa Polşa siyasət adamı, insan hüquqlarının fəal müdafiəçisi, Müstəqil həmkarlar təşkilatı olan «Solidarnost»un keçmiş rəhbəri. İxtisasca elektrik, 1983-cü ildə Nobel Sülh mükafatına layiq görülüb -İ.R) gəldi. Gürcüstanda Zviyad Qamsaxurdia, Azərbaycanda Əbülfəz Elçibəy və sair. Bu sırada da Çexoslavakiyada Havel gəldi hakimiyyətə. Bildiyim o idi ki, Havelə həm də bir dissident kimi səs verdilər. Çox maraqlıdır ki, Çexoslavakiyanın iki dövlətə - Çexiya və Slovakiyaya bölünməsi də Havelin dövrünə düşdü. Fərqli şəkildə olsa da bu ölkə SSRİ-nin, Yuqoslaviyanın taleyini yaşadı. Havel bir insan, vətandaş və prezident kimi bu bölünməyə qarşı olsa da hər halda onu əngəlləyə bilmədi. Amma çex xalqı buna görə Haveldən küsmədi. Bundan sonra Haveli yenidən bir də prezident seçdilər. Məncə burada siyasətçidən daha çox Havelin mənəvi əxlaqi keyfiyyətinə üstünlük verildi.
Mənə elə gəlir ki, çex xalqının Havelə münasibətində hind xalqının Mahatma Qandiyə (Mohandas Karamçand Qandi - Hindistan siyasətçisi və düşüncə adamı, hind milli - azadlıq hərəkatının, 1919-1948-ci illər arasında ən önəmli lideri, hüquqşünas-İ.R.) münasibətinə bənzər bir şey var. Yəni onu daha çox mənəviyyat adamı kimi sevirlər.
«TOTALİTAR REJİMƏ QARŞI MÜBARİZƏ APARMAQ, HƏLƏ DEMOKRAT OLMAQ DEMƏK DEYİL»


- 80-ci illər Havel kimi Şərqi Avropanın çox siyasətçisini oxşar tale ilə üz-üzə qoymuşdu. Amma sonucda heç də hamısı Havel kimi ola bilmədi. Vəfatına belə birmənalı münasibət də belə düşünməyə əsas verir. Nə idi onu bir şəxsiyyət kimi bu həddə gətirib çatdıran, siyasi xadimliyi ya yaradıcı adam olması?

- Zaman göstərdi ki, məsələni, mahiyyət etibarı ilə təkcə hakimiyyətə gəlmək, yaxud dissident olmaq həll etmir. Bir çox məşhur dissidentlərin sonrakı taleyi də bunu təsdiqlədi. Lap tutaq ki, SSRİ-nin ən böyük dissidentlərindən biri olan Soljenitseni deyək. Yazıçı kimi böyüklüyü, SSRİ-nin dağılmasında siyasi-mənəvi cəhətdən böyük rolu öz yerində, amma sonradan məlum oldu ki, bu adamın özündə kifayət qədər bir imperiya təfəkkürü var imiş. Sonrakı çıxışlarında, yazılarında zaman-zaman bu göründü.
Yəni hələ dissident olmaq, totalitar rejimə qarşı mübarizə aparmaq, sözün həqiqi mənasında demokrat olmaq demək deyil. Yəni pisə qarşı olmaq, hələ yaxşı olmaq demək deyil. Bunlar fərqli şeylərdir. Bu mənada məncə Havel sözün əsil mənasında demokrat olduğuna görə belə sevildi. Havelin gücü sevgi üstündə idi millətinə, xalqına və insanlar ona inandılar. Qiymət vermək istəmirəm. Hər halda deyək ki, Polşadakı mübarizədə «Solidarnost»un çox böyük rolu olmuşdu, amma Lex Valensa bu ölkəyə çox qısa bir müddətdə rəhbərlik edə bildi.
Təbii ki, Havel məsələsində görünür təkcə söhbət mənəviyyatdan getmir. Görünür onun həmdə təşkilatçılıq və idarəçilik metodu xarakteri ilə üst-üstə düşüb. Yəni ancaq təkcə məhəbbət hissi ilə də bunu bacarmaq mümkün deyil. Təsəvvür edin ki, dünyada da Havelə münasibət təxminən çex xalqının münasibətinə yaxındır. Hər halda ən böyük şərtlərdən biri mənəvi-əxlaqi keyfiyyətdir. Ola bilər ki, vaxtında kimlərsə bunu görməsin, və ya özlərini görməməzliyə vursunlar. Amma uzun zaman kəsiyində görünür ki, bu çox böyük rol oynayır və cəmiyyətə də böyük təsiri olur.

«HAVEL İNSANLARA GÖSTƏRDİ Kİ, O YALNIZ HAKİMİYYƏT MARAQLARI İLƏ YAŞAMAYAN ADAMDIR»
- Sizcə sona qədər Havel kimi qalmaq üçün nələrdənsə imtina etmək lazımdırmı, xüsusən də siyasətçiyə?
Vaclav Havel AzadlıqRadiosuna müsahibəsi zamanı
Vaclav Havel AzadlıqRadiosuna müsahibəsi zamanı
- «Siyasət oyundu», «siyasət riyakarlıqdır» deyənlər var. Siyasəti bir çox keyfiyyətsiz peşələrə oxşadanlar var. Amma Havelin nümunəsi də bir daha göstərir ki, yaşamaq yalnız yaşamaq üçün ola bilməz, eləcə də hakimiyyət yalnız hakimiyyət üçün olmamalıdır. Bildiyim qədər Çexoslavakiya dağılandan sonra heç Havelin prezidentliyə iddiası da yox idi. İnsanların istəyi ilə qatıldı seçkilərə. Ölkənin bölünməsinin qarşısını ala bilmədiyi üçün onda müəyyən qədər günah hissi var idi özünə. Amma xalqın ona inamına, etibarına baxın də. Bu nümunə gözəldir. Ən gözəli xalqın ona münasibətidir. Çünki istənilən dövlət başçısından müəyyən zaman kəsiyində müəyyən narazılıqlar olmalıdır. Yəni bu qaçılmazdır. Şübhəsiz ki, ən azı ölkənin ikiyə bölünməsində Haveldən də narazılıqlar var idi. Amma insanların ona olan münasibəti hər şeyi üstələdi. İkincisi də Havel insanlara göstərdi ki, o yalnız hakimiyyət maraqları ilə yaşamayan adamdır. Yəni əxlaqlı, mənəviyyatlı olmağın birinci şərti imtina etməyi bacarmaqdır.
- Dünyada Havel kimi siyasətçi nümunələrinin olmasının Azərbaycan kimi ölkələrə hansısa bir xeyiri dəyə bilir?
- Havel kimi insanların olması Azərbaycanın hakimiyyətinə də, müxalifətinə də, cəmiyyətinə və millətinə də bir həqiqəti deməlidir. İstənilən məqamlarda və istənilən halda insan kimi qalmağı, mənəvi əxlaqi keyfiyyətləri qoruyub saxlamağı bacarmaq lazımdır. Hətta onu saxlayarkən uduzmalı olsan da. Heç vaxt öz vicdanın əksinə getmək lazım deyil və bu keyfiyyət həmişə qiymətləndirilir.
Əbülfəz Elçibəy deyirdi ki, «hər şeyin zamana ehtiyacı var». O mənada zaman insanların qiymətini verir. Amma Havel ona görə xoşbəxt adam idi ki, onun zamana o qədər də ehtiyacı olmadı. O elə yaşadığı dövrdə öz qiymətini aldı, xalq məhəbbətini gördü, indi də o məhəbbət göz qabağındadır. Ölümünə münasibətə görə də onu bir siyasətçi və şəxsiyyət kimi də xoşbəxt saymaq olar.
- Vafatı ilə bağlı fikirlərdə dünyanın bəzi hüfuzlu şəxsləri, dövlət rəhbərləri – Almaniya kansleri Angela Merkel, İsveçin Xarici İşlər naziri Carl Bildt Haveli «ən böyük avropalı» adlandırırlar. Buna münasibətiniz.
- Bu sözlər Havelin şəxsiyyətinə və yaşadığı ömrə verilən qiymətdir. Çexiyadan qat-qat qüdrətli, dünya taleyində böyük rol oynayan dövlətlər, hətta Avropa üçün həlledici rol oynamayan bir ölkənin keçmiş rəhbəri haqda bunu deyirlərsə. Deməli bura söhbət həmin ölkədən əvvəl şəxsiyyətin özündən, onun mənəvi əxlaqi keyfiyyətlərindən gedir. Səməd Vurğun deyirdi ki, Balaca ölkənin böyük şairi olmaqdansa, böyük ölkənin balaca şairi olmaq daha yaxşıdır. O bunu çox böyük əzablardan sonra demişdi təbii ki. Çünki balaca ölkədən dünyaya çıxmaq çətindir. Amma Havel də göstərdi ki, balaca ölkənin böyük rəhbəri də olmaq olar. Yəni balaca ölkənin böyük rəhbəri Havel idi. Halbu ki, çox böyük ölkələrin çox balaca rəhbərləri var. Zaman da bunu zaman-zaman göstərib.
XS
SM
MD
LG