Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:12

Amerikalını Bakıda çaşdıran hərflər


Foto: Sülh korpusu
Foto: Sülh korpusu
Davidlə söhbətimiz neftlə başlandı: ABŞ-ın Texas ştatının Houston şəhərindən Bakıya könüllü işləməyə gələn Davidin gözünə dəyən bənzərliklərdən biri də neftlə zəngin şəhərlərdə yaşamasıdır:

“Houston və Bakı eynidir, hər ikisi öz neft və qaz sənayesi ilə məşhurdur. Houstonda əvvəl Amerikanın futbol komandası olub “Oilers” adında. Bakıda da “Neftçi” olduğu kimi...”

33 yaşlı David Chang ABŞ-ın Sülh Korpusunun könüllülərindəndir, hüquq elmləri doktorudur. Azərbaycana 3 ay əvvəl gəlib. Əvvəl Ceyranbatanda qalıb, indi Masazırda yaşayır. Davidin “ğ”, “x”, “ü” hərfləri ilə “münasibəti yaxşı olmasa da”, Azərbaycan dilinə elə hakim olub ki, ən mürəkkəb cümlələri də Azərbaycanca qurmağa inad edir. Amma ilk günlərdə dil baryeri üzündən məzəli vəziyyətlərə düşüb:

“MƏN PARTİYAYA GEDİRƏM!”

“Azərbaycanda evində yaşadığım ailə ilə bir anlaşılmazlıq olmuşdu. Qonşudakı evdə ad günü keçirirdilər. Mən onda Azərbaycan dilində “mən gedirəm” deyə bilirdim. Amma “party” sözünün tərcüməsini bilmirdim. Mən tələm-tələsik balaca lüğətimdə “party” sözünə baxdım və ilk gördüyüm söz “partiya” oldu. Dedim ki, “Aa Ella, ingiliscə, azərbaycanca eynidir. Mən partiyaya gedirəm! Onlar da mənə təəccüblə baxdılar və dedilər ki, yaxşı, get, amma başa düşmürük nə işin var orda”.

33 yaşlı David Chang
33 yaşlı David Chang
David Azərbaycana gəlməzdən əvvəl bura haqqında bilgiləri neftdən kənara çıxmayıb. Bu da ABŞ-da Bakı-Ceyhan-Tbilisi üzərində çalışan bir hüquq şirkətində işlədiyinə görə idi. Qalanını isə azərbaycanlılarla ünsiyyətdən öyrənib. Deyir ki, burda ən çox təəccübünə səbəb olan eyni insanların evdə və ictimai yerdə özlərini başqa cür aparmasıdı:

FƏRQLİ MƏDƏNİYYƏTLƏR

“Azərbaycandakı “atamla” küçədə rastlaşırıq bəzən. Çox formal şəkildə salamlaşıb keçirik. Heç deməzsən ki, mən 3 aydır ki, onun evində yaşayıram. Halbuki evdə bu, tamamilə fərqlidir. Təzə vaxtlarda bunu müşahidə etmişdim. Hardasa xoşuma da gəldi. Azərbaycanda ailədə söhbət edirlər, zarafatlaşıb-gülürlər. Amerikalılar hər yerdə belə aparır özlərini – başqa ölkələrdə bizim barəmizdə belə bir fikir var ki, hay-küylüyük, başqalarını diqqətini cəlb edirik və s.”

David Chang Bakıya gəlməzdən əvvəl Sülh Korpusunda təlimatlarla tanış olub. Özünü aparması, hansı suallarla qarşılaşacağı və s. barədə. Gəlib yerində şahid olduqlarını bizimlə də paylaşır:

“Burda insanlarla ilk dəfə görüşən kimi soruşurlar: neçə yaşın var? Evlisən, subaysan? Uşaqların varmı? Bu cür şeyləri Amerikada soruşmaq üçün gərək o adama yetərincə yaxın olasan”.

“ÇAY YUXUMU QAÇIRDIR”

Mədəniyyət mübadiləsinə gələn David Azərbaycanın yemək mədəniyyətilə yaxşı tanışdır. Deyir ki, milli mətbəxin bütün yeməklərini bəyənir. Azərbaycanlıların çaysevərliyini isə xüsusi yaddaşına yazıb:

David Chang Qız Qalasında
David Chang Qız Qalasında
“Çox gülməli hadisə baş vermişdi. ABŞ-da koffeinsiz bir pəhriz saxlayırdım. Qazlı su, kofe içmirdim, bəzən çay içirdim, onda da ancaq yaşıl çay. Azərbaycandakı ilk günüm məni saxlayan ailə ilə keçdi. Gəldim və birlikdə çay içdik. Ardınca nahar etdik. Sonra bir az daha çox çay içirdilər. Sonra məni çayxanaya apardılar. Orda da çoxlu çay içməli oldum. Bunlardan sonra həmin gecə mənim gözümə yuxu getmədi. Sonra ailəyə dedim ki, axşam çay içməməliyəm, yuxumu qaçırdır”.

QADIN– QADINLA, KİŞİ – KİŞİ İLƏ DOSTLUQ ETMƏLİ

David Masazırda imkansızlar üçün klinika ilə əməkdaşlıq edir. Gününü əsasən heç bir maaş almadığı – könüllü çalışdığı işində keçirir. Amma boş vaxtlarında Bakını tanımağa çalışır, azərbaycanlı ailəsi ilə qonaqlığa gedir, ailədəki bacı və qardaşının dostları ilə görüşürlər:
“Ailəvi dostlardan kənarda, burda adətən kişilərlə dostluq etməli olursan. Sülh korpusunun könüllü qızları isə əsasən qadınlarla oturub-dururlar”.

Davidin tez-tez görüşdüyü dostları arasında öz həmyerliləri də var - Sülh Korpusunun Azərbaycana gətirdiyi könüllülər. Amma Azərbaycan dilini inkişaf etdirmək üçün daha çox yerli sakinlərlə ünsiyyətə girməyə can atır. Onu burada hələ 2 il gözləyir...
XS
SM
MD
LG