Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:18

Əlvida, Las-vegas! Salam, sülh korpusu!


Colin Jones
Colin Jones
Ucaboy, 31 yaşında sarışın, sadə geyimli bir oğlan deyir bunu. Bu geyimdə adi müəllimə də oxşayır. Amma vaxtilə bu cavan oğlan gözqamaşdırıcı həyat tərzi olan, kazinolar şəhəri Las-Veqasda, dünyanın ən böyük hotelində menecer işləyib. Onu bu sahədə gözəl perspektiv də gözləyib. Ancaq... Günün birində bu parıltılı həyatla vidalaşıb. Necə deyim, dünyanın mərkəzindən ucqarına üz tutub, yardım gözləyənlərə əl uzatmaq istəyib. Özü belə deyir.

Həmsöhbətimi təqdim etməyi unutdum. Colin Jones, ABŞ vətəndaşıdır, İndiana Universitetinin siyasət və biznes fakültəsinin məzunudur. Bir ildir ki, Azərbaycandadır. ABŞ-ın Sülh Korpusunun könüllülərindəndir.

Dediyinə görə, İspaniyada gördüyü, pul qazanmaq uğrunda çarpışan Mərakeş miqrantlarının həyatı onu təsirləndirib. Bundan sonra da qərar verib.

«DEDİ Kİ, AZƏRBAYCANA GEDƏCƏKSƏN, DEDİM: OLDU!»

- Adamlara kömək etmək lazımdır. Sonra sənəd verdim, müsahibələrdən keçdim... Bir il sonra Sülh Korpusu dedi ki, Azərbaycana gedəcəksən. Mən də dedim: «Oldu!» Azərbaycan çox maraqlıdır, çox qəşəngdir, adamları çox mehribandır. Bura gəldim, fərqli ölkədə yaşamaq istədim, fərqli adətlər öyrənmək istədim. Bura gəldim, çünki, mənim başımı dünyadan açmaq istəyirəm. Başa düşdün?

- Yəni dünyadan baş açmaq istədiz?

- Bəli.

Dediyinə görə, son ana qədər Sülh Korpusu da, işlədiyi otel də ona düşünmək üçün vaxt verib. Otel Sinqapurda yeni iş təklif edib. Amma rədd edib:

- Sülh Korpusu könüllülərə çox pul vermir. Çünki bu halda normal adamları başa düşmərik. Az pul verir, yemək üçün, ev üçün, taksi pulu...

Colin Jones Azərbaycan dilini, adətlərini Sumqayıtda 3 aya öyrənib. Azərbaycan dilində fikrini ifadə etsə də, oxumağa əziyyət çəkir:

«Sözlər böyükdür. Mənim lüğətim lazımdır. Çox vaxt aparacaq».

«BAKIDA İNKİŞAF VAR, AMMA RAYONLARA KÖMƏK LAZIMDIR»

Colin Oğuzda yeni ailəsi ilə yaşayır. Bu ailəni Sülh Korpusu tapıb. Bəs işinin adı nədir?
«Bakıda inkişaf var. Amma rayonlara, adamlara bir az kömək lazımdır».

Colin Jones Resurs Mərkəzində oğuzlulara ingilis dili, kompyuterdə işləməyi, biznes qaydalarını öyrədir. Sülh Korpusu Azərbaycanın bir çox bölgələrində layihə reallaşdırır: ictimai əsaslı turizm. Yəni bu işin iştirakçısı olan ailələr bölgəyə turist cəlb edir, onları evlərində yerləşdirirlər. Bu yerdə Colinin öyrətdiyi ingilis dili köməyə gəlir:

Colin Oğuzda yeni ailəsi ilə birlikdə
Colin Oğuzda yeni ailəsi ilə birlikdə
«Birinci iliydi bu il, 120 qonaq gəldi. Azdır, amma ola bilsin «Eurovision»a görə çox adam gəlsin. Çox adam Azərbaycanı rayonlarını, adətlərini görmək istəyəcəklər».

Colin qeydiyyatdan keçmələrindən, lisenziya almaq zərurətindən danışır. Amma bizə maraqlı olan təəssüratlarıdır.

«2 LİTR DOVĞA İÇƏ BİLƏRƏM»

«Adamlar çox mehribandırlar. Piyada gedəndə adamlar deyəcəklər ki, Colin, Colin, gəl, indi mənim evimə qonaq gəl. Hər gün 3-4 adam deyir. Deyirəm ki, yox, indi evə getməliyəm, ya işim var, ola bilsin gələn dəfə. Amma stolun üstündə dovğa varsa gedirəm, çünki 2 litr dovğa içə bilərəm».

Colin Azərbaycan mətbəxindən kələm dolmasını, kababları çox sevdiyini deyir. Toylardakı bolluqdan da danışır:

- Burda çox yemək verirlər. Amerikada bir az salat, toyuq, kartof, bir az şirniyyat. Bir az yeyib, sonra oynayacağıq.

Colin Azərbaycan toylarında rəqs etməyi də sevir.

AZƏRBAYCANDA BƏYƏNMƏDİYİ

Bəs Azərbaycanda nəyi bəyənmir Colin? Deyir ki, başqa rayona getmək istəyəndə taksi sürücüləri ona qiymət oxuyurlar:

- Deyirlər ki, «ooo həmin şəhərə çoxdur, çoxdur, 30 manat». Amma normalda 10 manatdır. Mən deyirəm ki, bir az aşağı... Onlar deyəcək, nə verəcəksən?

«YAXŞI QIZ TAPSAM, İNŞALLAH»

Azərbaycanlı qızlar haqında da danışır həmsöhbətim. Deyir ki, Oğuzda qızlar Resurs Mərkəzinə üç-üç gəlirlər, tək gəlmirlər:

«Amerikada və burda qızlar fərqlidir. Amerikada qızlarla oğlanlar dost olacaqlar, kinoteatra gedəcək, yeməkxanada görüşəcəklər. Amma burda fərqlidir, Bakıda bir az fərqlidir. Oğlanlar dost olmaq istəyəcəklər, amma... Çətindir».

Söz Azərbaycanda evlənən könüllülərdən düşür. Colin gülür:

«İndi subayam. Yaxşı qız taparsam İnşallah, ola bilsin...»

«COLİN – BİZİM OĞLAN»

Deyir ki, Azərbaycana gəlmək istəyəndə anası və qardaşı çox qorxub. Amma sonradan Azərbaycanı görəndə rahatlanıblar:

Colin Jones Oğuzda
Colin Jones Oğuzda
«Onlar bilirlər ki, Oğuzdakı ailəm çox yaxşıdır. Mənim burdakı anam Amerikadakı anama dedi ki, Colin yaxşı oğlandır, o bizim oğlan...»

Colindən Amerika üçün, doğmaları üçün darıxıb-darıxmadığını soruşuram:

«Mənim evimdə internet var. Mənim atam, anam, bacım, qardaşım ilə danışıram. Çat var, Skype var. İndi asandır. Sülh Korpusunun 50 yaşı var. Amma ilk könüllülər gedəndə internet yox idi. Məktub yazırdılar, o da 3-4 həftəyə çatırdı».

«DƏNİZ VƏ QOCA»

Colin Jones Azərbaycanda gələn ilin dekabrına kimi qalacaq. Sonra Vaşinqtonda və ya Ostində təhsilini davam etdirmək niyyətindədir. Ya da... Arzuları çoxdur.
Sonda sevdiyi yazıçı Ernest Hemingwaydən danışırıq.
- Çox yaxşıdır. «Dəniz və Qoca» mənim sevimlidir.
- Amma sonda intihar edir yazıçı.
- İndi oldu... Amma simbolizm verəcək. Bir kasıb, qoca adam qayıqda, dənizdə, əlində bir sap, ən böyük balığı tapmaq istəyir... Çox maraqlıdır...

Həmsöhbətim həyatının «ən böyük balığını tuta» biləcəkmi, ən böyük arzusunu çin edəcəkmi bilmirəm. Amma o, istəklərinin ardınca gedənlərdəndir deyəsən.

P.S. Colin Jonesla Azərbaycan siyasəti haqqında danışmadıq. Çünki «Olmaz» dedi: «Biz Sülh Korpusu olaraq kömək edirik. Burda siyasət və din haqqında heç vaxt danışmayacağıq».

Sülh Korpusu könüllülər 78 ölkədə fəaliyyət göstərir.
XS
SM
MD
LG