Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:10

Tanınmış İran yazıçısı Mustafa Məsturun "Azadlıq"a müsahibəsi


Mustafa Məstur
Mustafa Məstur

"İranın üç seçkin yazarı Türk idilər"... "Yazanda heç bir ləzzət hiss eləmirəm"... “Fahişəliklə məşğul olan kimsə mənə görə, şiddət tətbiq edən birindən daha təmiz və daha insandır”

Bu yaxınlarda tanınmış İran yazıçısı Mustafa Məsturun “Cüzamlı əllər və donuz sümüyü” romanı “Qanun” nəşriyyatında çap edilib. Onunla təbrizli şairə Ülkər Ucqar söhbətləşib.


- Bircə romanınızı oxumuş oxucuya özünüzü təqdim etmək gərəyi yaransa, nə deyərdiniz?


- Azacıq fərqli olan bir yazıçıyam, deyərdim. Bu fərq yaxşı və ya pisliyin göstərgəsi deyildir. Yalnız azacıq fərqli olan bir yazıçı, üstəlik yazıçını rahatsız edən fərqlilikdir bu. Belə ki, bu dəyişikliyin olmamasını arzu edən və “keşkə olmasaydı” deyən yazıçı. Ola bilər ki, yalnız bu kiçik fərqlilik üzündən oxucular bəzən əsərlərini maraqla izləyir, bəzən isə ilk kitabını oxuduqdan sonra xəyal qırıqlığına uğrayır və bir də sənin kitablarına can atmırlar.

- Roman yazarı Mustafa Məsturun ən önəmli özəlliyi nədir?

- Yaşamaqdan qorxan adam. Həyatın mürəkkəb və gələcəyin bəlirsiz, qaranlıq olmasından qorxan bir şəxs. Var gücü ilə həyatdan anladıqlarını ən səmimi şəkildə yazmağa çalışan, eyni zamanda həyatı heç zaman anlamaq olmaz deyə düşünən birisi.

- Avtobioqrafiyanızdakı bilgilərin çoxu uşaqlıq dövrünüzlə ilgilidir. Səbəbi?

- Bəlkə bu ona görədir ki, mən gerçək uşaqlıq yaşamışam. Bugünkü uşaqlıq aləmi

Mustafa Məstur çağdaş İran ədəbiyyatının ən tanınmış, istedadlı yazarlarından biridir. Təsvirçiliyə daha çox yer verən yazarın üslubu sadə olduğu qədər də mürəkkəbdir.
“Cüzamlı əllər və donuz sümüyü” romanı az vaxtda məşhurlaşaraq yüksək tirajla 15 dəfə ardıcıl nəşr olunub və yazara “İlin ən yaxşı romanı” İsfahan ədəbi mükafatını qazandırıb.

Bir sıra dünya dillərinə, 2011-ci ildə isə italyan dilinə tərcümə olunaraq çap edilən bu roman “Türin Beynəlxalq Kitab Sərgi”sində oxuculara təqdim olunub və maraqla qarşılanıb.
Sizə təqdim etdiyimiz eksklüziv müsahibəni Mustafa Məsturdan, “Qanun” nəşriyyatında “Balıqçı əllərinə doğru” şeir kitabı çap edilən və böyük maraqla qarşılanan Təbrizli şairə Ülkər Ucqar alıb. Oxuculara onu da bildirmək istərdik ki, bu yaxınlarda Mustafa Məsturun və Ülkər Ucqarın kitablarının Bakıda təqdimatı baş tutacaq. Təqdimatın vaxtı dəyərli kitabsevərlərə bildiriləcək.

Pərviz Cəbrayıl
"Azadlıq" qəzeti

həddən artıq asayişlə, imkanlarla doludur. Uşaq bağçasında, nəqqaşlıq siniflərində, musiqi ilə və ya kinoteatrda, televizorla kompüter önündə keçir. Ancaq mənim uşaqlıq çağım və böyüdüyüm yerdə bu şeylərin heç biri yox idi. Uşaqlığım xurma ağacının budaqlarında, Karun çayında, pişik qovlamaq və Əhvazın isti küçələrində keçdi. Aqressiya, çirkab və kasıbçılıqla dolu bir ortamda. Günlər bir-birinə bənzəməzdi. Hər gün dünəninə bənzəməyən yeni bir otaq idi. Hər gün dünənkindən fərqli yeni bir hadisə baş verirdi. Bu həyatın içindən yanaşanda mənim uşaqlığım sanki min il sürüb. Əlbəttə uşaqlığım əsərlərimin çox azına mövzu olub və həyatımın önəmli təcrübələrinin böyük hissəsini böyüdüymdə kəsb etmişəm. Mən yazmaq üçün uşaqlıq dövründən yararlanan yazarlardan deyiləm. Yaş ötdükcə günlərimin daha yeyin keçdiyini hiss edirəm. Uşaqlıq günlərinin sanki hər günü min ilə bərabər idi, ancaq yetkinlik zamanında illərim bir göz qırpımında keçir. Bunları “Gecə təklifi” adlı əsərimdə yazmışam. Uşaqlıq çağlarına dönmək əlçatmaz, ancaq şirin arzudur.

- Müsahibələrinizin birində demisiniz ki, uşaqlıqdan fərqli idim, sizcə, bu bir ədəbiyyatçının özəlliyindən qaynaqlanır, yoxsa qaçqınlıq yaşamış və ya kasıbçılıq görmüş bir uşağın fərqliliyidir?

- Ədəbiyyatla ilgisi yoxdur. Bu fərqlilik insanın fərdiyyətindən asılıdır. Həyata başqa cür baxan birisidir. Bəlkə başqa cür dediyimizin əhəmiyyəti yoxdur, ancaq hər halda başqa cürdür. Bu isə insanı yalnızlıq hissinə düçar edir. Başqalarına bənzəməmək hətta varoluş və fərdiyyət anlayışları ilə tanış olan birisinə də qorxuducudur, indi gör 15 yaşındakı bir uşaq üçün nə deməkdir. Bu fərqlilik sonradangəlmə deyil, əksər hallarda fərdin təbiətində mövcuddur, ancaq zamanın ötdükcə mütaliə, axtarış və düşünməklə böyüyür, böyüyür və yenə də böyüyür, ta ki qarşısı alınmayacaq əjdahaya çevrilənə qədər. Onun varlığından narazısan, ancaq xilas ola bilmirsən. Mən çalışmışam ki, onunla dinc yaşayam.

- İndi isə Azərbaycan oxucuları sizi bu roman vasitəsi ilə tanıyacaqlar. Bu görünüş sizin özünüzdən olan görünüşlə nə qədər üst-üstə düşə bilər?

- Bu roman İtaliyada da işıq üzü gördü. Ondan öncə isə İstanbulda da nəşr edildi. Hesab edirəm ki, bu romanda Danialın xarakteri mənə nə iləsə daha yaxındır, baxmayaraq ki, əsərin o biri obrazları ilə də yaxınlığımız var – istər kişi, istər qadınlar olsun. Əslində bu mənim ən çox personaja yer verdiyim romanımdır və personajların hər birisi özündə mənim yaşamımın bir hissəsini yansıdır.

- Hansı romanınızın tərcümə edilməsini istərdiniz?

- Son yazdığım roman İtaliya və İranda yayınlanmaq üzərədir. Adı “Nəvid və Nigar haqqında üç qısa raport”dur və düşünürəm ki, keçmişdəki işlərimdən bir az fərqlidir. Mən bu romanı önərərdim. “Cüzamlı əllər və donuz sümüyü” romanımda çox balaca rolu olan Nigar adlı bir personaj var. Bu personaj “Nəvid və Nigar haqqında üç qısa raport”romanında qol-budaqlanıb və baş roldadır. Ancaq Danial və ona tay adamlar haqqında ətraflı bilgi əldə etmək istəyənlər üçün “Mən sərçə deyiləm” adlı romanı oxumalarını tövsiyə edərdim.

- Əsərləriniz ümumiyyətlə hansı dillərə çevrilib?

- Ərəbcəyə, kürdcəyə, indoneziya dilinə, İstanbul türkcəsi, italyanca.

- “Cüzamlı əllər və donuz sümüyü” romanını İtalyada necə qarşıladılar?

- Yaxınlarda romanın təqdimat mərasimi üçün İtaliyaya getmişdim. İtalyan oxucularının bu romana necə baxdıqları mənə maraqlı idi. “La repubblica” qəzetinin jurnalisti bu romanın almancaya çevirilməsini önərdi və özü alman naşirləri ilə danışmağa cəhd göstərdi. İspaniya ədəbi agentliklərindən biri isə ispan dilinə tərcüməsini istəyirdi. İtalyanın İrandakı sabiq səfiri də kitab haqqında öygü dolu bir yazı yazdı.

- Sizcə, əsəriniz Azərbaycan oxucularıyla necə bir bağlantı quracaq?

- Romanlarımın böyük hissəsi fəlsəfi fonda oluşur və belə baxanda zaman və məkandan bağımsızdırlar. İnsanın həyatdakı mövqeyinə vurğulanır və bu baxımdan da
məncə, İran nəsri sayılmazlar. İnsan və onun gücsüzlüyü haqqında olan dastanlardır bunlar. Bütün insanların qarşılaşdığı əsas ortaq nöqtələr haqqıdnadırlar. Eşq, ölüm, qəm, xəstəlik, yalqızlıq, həyatın anlamı haqqında sorulan çətin suallar, tanrının varlığına şübhə, aqressiya və həyatı uduzmaq kimi şeylər. Belə baxanda bir İranlı, Azərbaycanlı və ya İtalyan oxucusunu ayırd edə bilmirəm.

- Bütün əsərlərinizdə islami mətnlərə güclü işarələriniz var, bunun üçün hazırlanmış nizamlı planlarınızmı var, yoxsa öz-özünə belə alınır?

- Din və həyatın anlamlılığı mənim üçün böyük bir əhəmiyyət daşıyır. Din deyərkən yalnız islamı deyil, bu sözcüyün əsas anlamını nəzərdə tuturam. Hesab edirəm ki, dinlər dünyaya anlam bəxş etmək üçün çox çabalamışlar və din müasir insanın həyatında güclü komponentlərdəndir. Dini insan həyatının yapısından qaldırmaq olumlu da deyildir, yararlı da. Əlbəttə ona görə ki, mən islami toplumda tərbiyə almışam və doğal olaraq islama müraciətim daha çoxdur. Belə ola-ola Danialın Məsih haqqında danışıqları diqqətə layiqdir. Xatırlatmalıyam ki, Danial yəhudi adıdır.

- İranlı yazarlardan ən çox kimləri oxumusuz və ya oxumaqdasınız?

- Toplamda son iki onillikdə qadın yazarların kişi yazarlara müqayisədə yaxşı işlədikəri qənaətindəyəm. Zuya Pirzad, Fəriba Vəfi və Qoli Tərəqqi İran ədəbiyyatının ən yaxşı nəsr nümunələrindən bəzisini yaratmışlar.

- Bəs yabançı yazıçılardan?

Yabançı yazıçılardan daha çox yazarın adını çəkmək olar, məsələn, ilk sırada və ən yaxşısı məncə, Cerom Devid Selincerdir. Reymond Karverin də işlərini bəyənirəm və onların çoxunu farscaya tərcümə etmişəm. Daha əski olanlarda Flanneri O'Konner və yenilər arasında Haruki Murakami, İsaac Başevis Singer, Jumpa Lahirini sevirəm. Con Hoyer Apdeykin də bəzi işləri olağanüstüdür.

- Son zamanlarda oxduğunuz ən yaxşı romanın adı nə idi?

- Xaricilərdə “Kafka Murakami sahillərində” və İranlılarda “Mənim quşum” - Fəriba Vəfidən. “Mənim quşum” bugünkü İran qadınlarının durumunu ən yaxşı şəkildə nümayiş etdirir.

- Əgər “Cüzamlı əllər və donuz sümüyü” romanını iki cümlədə birisinə anlatmaq istəsəniz bu necə olar?

- Bir-birinin yanında yaşayan, ancaq bir-birindən xəbərləri olmayan insanların çarəsizlik hekayəsi. Sanki bir-birindən hədsiz uzaqdırlar və yalnız biz oxucular tanrı kimi onların hər birinin vəziyyətindən agahıq.

- Romanlarınızın hansısa özəl əxlaqi məqsəd güdməsi fikri ilə nə qədər razılaşırsınız?

- Mənim üçün əxlaq ədəbiyyatdan önəmlidir, ancaq bu o anlama gəlməsin ki, əsərlərimdə əxlaq dərsi keçirəm. Ədəbiyyat öyüd vermək üçün deyildir. Daha çox sevərəm ki, əxlaqın incə məqamlarını hökm vermədən dastanda anladam. Həyatın çətin durumlarını nümayiş etdirmək ədəbiyyatın bacara bildiyi bir işdir, ancaq öyüd, əxlaq dərsi ədəbiyyatın işi deyil. Mənim əsərlərimdə əxlaqsız davranışlara çox rast gəlmək olar, ancaq çalışmışam ki, bu darvarnışları hökm vermədən göstərim.

- İşinizin məzhəbi yanları olsa da, sanki əsərlərinizin pis adamlarına da simpatiyanız var, baxışınız məhkumedici deyildir, canyandıran bir baxşıdır.

- Çalışmışam baxışlarım insanyana olsun. İnandığım və anladığım tək fəlsəfə yaxşı olmaq və yaxşı eləməkdir. Belə baxanda qınanılası adamların az olduğunu görürsən. Başqalarına zorakılıq işlətmək... Təəssüflə toplumumuzda birisinin əxlaqsız davranışını
Ülkər Ucqar
Ülkər Ucqar
zorakılıqdan daha çox qabardırlar. Mən belə bir baxışla razı deyiləm. Fahişəliklə məşğul olan biri mənə görə, şiddət tətbiq edən birindən daha təmiz və daha insandır.

- Türk ədəbiyyatı ilə nə qədər tanışlığınız var?

- Neçə il öncə Türkiyə yazarlarının dəvəti ilə “Antakya günləri” adlı proqrama qatılmaq üçün Türkiyəyə getdim, oranın şairləri və yazarları ilə tanış oldum. Təsəvvürümcə, Türkiyənin aydınlar toplumu özəlliklə də dini aydınları batı və laiklik ilə bilavasitə bağlantıda olduqları üçün yaxşı təfəkkür gəlişmələri olub. Onlarla bizim ədəbiyyatda ortaq nöqtələr çoxdur, ancaq düşünürəm ki, İranda roman sahəsində dinamizm və hərəkətlilik Türkiyədkindən daha çoxdur.

- İran Türklərindən kimləri oxumusuz?

- İranın üç seçkin yazarı Türk idilər. Keçmiş nəsildən kişilər içində Qulamhüseyn Saidi və bugünkü nəsildə xanımlar içində Fəriba Vəfi. Bu iki ad İran ədəbiyyatında artıq sabitləşiblər. Bu ikisinin yazıları məncə dünya səviyyəsindədir və İranın tarix və coğrafiyasını aşa bilir. Uşaq ədəbiyyatı sahəsində isə Səməd Behrəngi olağanüstüdür. Uşaqlığımda oxuduğum ilk roman Behrənginin “Bir şaftalı və min şaftalı”sı idi. Oxuya-oxuya neçə yol ağlamışdım. Maraqlıdı, ən son yazdığım romanda əsərin əsl personajı “Bir şaftalı və min şaftalı” dastanı haqqında danışır və hətta onun özətini anladır. Romanın bu parçasını yazmaq üçün bir daha bu əsəri oxudum və qəribə olan bu ki, yenə də ağladım. Bu dastan olağanüstüdür, kədər onun təninə toxunmuş kimidir. Ümid edirəm ki o gün gəlsin, Vəfi xanımın özəlliklə də “Mənim quşum” əsəri, həmçinin Saidinin “Əzəl bəyalıları” və Səməd Behrənginin qısa hekayələri Azərbaycan Respublikasında tərcümə olunub yayılsınlar.

- Bir əsəriniz üstə nə qədər çalışırsınız? Məsəl üçün “Cüzamlı əllər və donuz sümüyü” romanını yazmaq nə qədər vaxtınızı aldı?

- Mən çox ləng yazıram. Bir neçə sətir yazmaq üçün saatlarca kompüter dalında otururam. Nəsə yazdığımda əksər hallarda onu redaktə etmərəm. Buna görə yazmaq işi mənə ən çox əziyyət verən işlərdəndir. Yazdığım zaman heç bir ləzzət hiss eləmirəm, amma oxuduğumda ləzzət ala bilirəm. Cəmi 83 səhifəlik “Cüzamlı əllər və donuz sümüyü” romanını yazmaq 9 ay çəkdi. Yorucu iş idi.

- Bir əsəri çap etdikdən sonra olarmı ki, əsərinizin hansısa bölümündən narazı qalasınız?

- İşlərimi çap olduqdan sonra lap çoxu bir dəfə oxuyuram. Artıq yazılıb çap olunmuş əsərim haqda düşünmürəm. Sohrab Sepehrinin bu şeirinə çox inanıram: “Başın dalında yel əsmir”...

Ülkər Ucqar
"Azadlıq" qəzeti

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG