Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:39

Seysmoloq: «Bakıda risk böyükdür»


Tahir Məmmədli
Tahir Məmmədli
«Bakı şəhərində 91-ci ildən əvvəl tikilən binaların bəziləri 6 bala, bəziləri 7 bala hesablanıb».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramına qonaq olan Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli deyib.

Seysmoloq qeyd edib ki, Azərbaycan da Türkiyə kimi seysmik cəhətdən aktiv zonadır. Azərbaycanda da nə vaxtsa zəlzələ ola bilər. Buna baxmayaraq Türkiyədəki zəlzələ ilə əlaqədar burda da hansısa bir seysmik təkanın baş verməsini söyləmək mümkün deyil. Ancaq Vanda təkanlar hələ bir müddət davam edəcək.

«KİM NECƏ TİKİR, DEYƏ BİLMƏRƏM»

Seysmoloq Bakı şəhərində tikilən binaların keyfiyyətinə də toxunub, deyib ki, seysmoloqlar bina tikilməmişdən əvvəl rəy hazırlayırlar:

«Nazirlər Kabinetinin sərəncamı ilə istənilən hündürmərtəbəli, hətta 2-3 mərtəbəli bina tikilərkən bizdən ərazidə maksimum neçə bal gücündə zəlzələ ola biləcəyi haqda rəy alırlar. Bu rəyə uyğun bina tikməlidirlər. Onu yoxlamaq isə bizim sahəmiz deyil. Kim necə tikir, mən deyə bilmərəm. Buna Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları nəzarət edir. Düşünürəm ki, onlar buna ciddi riayət edirlər. Çünki bura seysmoaktiv ərazidir».

Tahir Məmmədli bildirib ki, binaların neçə mərtəbəli olmasının heç bir fərqi yoxdur. Əsas onların seysmik dayanıqlığının olmasıdır.

Bakı
Bakı
«BAKIDA 8 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLA BİLƏR»

Seysmoloq deyir ki, Abşeron zonasında, o cümlədən Bakı şəhərində 12 ballıq şkala ilə 8 bal gücündə zəlzələ ola bilər. Zəlzələ ocaqları Xəzər dənizinin dibindədir deyə, dənizə yaxın ərazilərdə 1 bal artıq hiss oluna bilər. Buna görə də tikilən binalar 8, dənizə yaxın ərazilərdə isə 9 bala dayanıqlı tikilməlidir:

«Bakıda risk böyükdür. Çoxlu köhnə binalar var. İstismar müddəti keçmiş binalar var. Zəlzələ olarsa, onların böyük əksəriyyəti ola bilsin davam gətirmədi».

SEYSMOLOQLARIN SƏHVİ

Tahir Məmmədli seysmoloqların bir səhvi ilə bağlı maraqlı faktı da diqqətə çatdırıb:

«Seysmoloqların özlərinin səhvləri də var. 1978-80-ci ilə qədər seysmoloqlar fikirləşirdilər ki, Bakı, Abşeron zonası 6 ballıq zonadır və binalar 6 bala uyğun tikilirdi. 80-ci ildə alimlər hesabladılar ki, səhv etmişik, 7 ballıq zonadır. 91-ci ildə isə dedilər ki, 8 ballıq zonadır. Təsəvvür edin 91-ci ildən əvvəl tikilən binaların bəziləri 6 bala, bəziləri 7 bala hesablanıb…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG