Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 08:31

Hekayəçilik: bir addım irəli, iki addım geri


Tənqidçi Tehran Əlişanoğlu "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə göndərilmiş hekayələri təhlil edir. (1-ci yazı): "Diqqət çəkən, maraq oyadan əsərlər var, amma diksindirən, heyrətləndirən, dərin düşüncələrə sövq edən hekayələr az qala yox kimidir..."


Tehran Əlişanoğlu


HEKAYƏÇİLİK: BİR ADDIM İRƏLİ, İKİ ADDIM GERİ


“Ədəbi azadlıq” müsabiqəsinin builki yekununda təxminən belə bir fikir söylədim:

“Azadlıq radiosunu təbrik eləmək olar, o bu Müsabiqə ilə geniş Azərbaycan mənzərələrinə çıxmışdır...

Amma Ədəbiyyatımızı, hekayəçiliyimizi – yox; çün bu mənzərələrə fərdi baxışlar, fərqli nöqteyi-nəzərlər, oxucunu diksindirən bədii rakurs, düşündürücü yazıçı mövqeyi az qala yox kimidir; gizlətmirəm, mən səsimi az-çox fərqli görünən hekayələrə vermişdim...”


Hekayə - Ədəbiyyatın Cəmiyyət həyatına-gerçəklərinə- gündəmə, İnsan – Cəmiyyət təmasına-ilgilərinə-ilişgilərinə girən ən operativ növü-janrıdır.

Bircə Bokkaççonun “Dekameron”u bəsdir ki: çökən Orta əsrlər Avropa cəmiyyyəti- dünyagörüşü- mənzərələrini yanımızdaymış kimi bütün genişliyi-

Diqqət çəkən, maraq oyadan əsərlər var, amma diksindirən, heyrətləndirən, dərin düşüncələrə sövq edən hekayələr az qala yox kimidir...

aydınlığı ilə görə bilək.

Nizaminin “Sirlər xəzinəsi”ndəki 20 hekayət imkan verir ki: formalaşan Azərbaycan cəmiyyətinin türklük, İslam və antik yaddaş fonunda əxlaq və ətvarını, bu və digər mənzərələrini bizimmiş, bügünmüş, nə qədər yaxınmış kimi hiss eləyək.

Onore de Balzakın məşhur “Bəşərin komediyası” barəsində gərək ki, Marksın (ya Engelsin?) belə bir fikri məşhurdu ki: XIX əsrin Fransa həyatı-cəmiyyəti haqqında bütün iqtisadçıların-siyasətçilərin verdiyindən daha artıq bilgi verir.

Heç özümüzə əziyyət vermədən, bilmək-duymaq istəsək ki: XX yüzilin əvvəllərində Azərbaycan cəmiyyətinin ümumi parametrləri nədən ibarətdir, Ə.Haqverdiyevin “Marallarım”ına baxmağımız kifayət edər; məişətdən əxlaqa, düşüncəyə, fəaliyyətə qədər ordakılar bizik - doğmaca Azərbaycan türkləri...

Milli ədəbiyyata gələk; XX əsr Azərbaycan nəsrinin tədqiqatçısı kimi mən bir şeyə diqqət yetirmişəm: 1920-1930-cu illərin çox sürətlə dəyişən, ziddiyyətli, hətta bəzən paradoksal Azərbaycan mənzərələrini yalnız hekayəçilik adekvat qeydə ala, təcəssüm etdirə bilmiş (Azərbaycan romanının buna hələ gücü-səriştəsi- fürsəti çatmırdı).

Həm də təkcə klassik hekayəçilər: Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminlinin simasında yox, aktiv maarifçilər: A.Şaiq, S.S.Axundov, yeni hekayəçilər: C.Cabbarlı, Seyid Hüseyn, T.Ş.Simurğ, Böyükağa Talıblı, Qantəmir, habelə: Hacıbaba Nəzərli, Əbülhəsən Ələkbərzadə, Mir Cəlal, Sabir Rəhman, Əli Vəliyev və b. kimi sovet gəncliyinin qələmində. Eynən də 1960-1970-ci illərin yeni, modernləşən Azərbaycan həyatında hekayə və povestin çevik müdaxiləsindən və iştirakından danışmaq və öyünmək olar...

Bax bu mənada mən Azadlıq radiosunu təbrik etdim; portalın iki il müntəzəm
"Ədəbi Azadlıq-2011" müsabiqəsinin qalibi Musa Əfəndi (solda)
"Ədəbi Azadlıq-2011" müsabiqəsinin qalibi Musa Əfəndi (solda)
keçirdiyi Ədəbi Azadlıq müsabiqəsi janrın imkanlarını görükdürməklə, həm də iki onil ərzində Azərbaycan həyatının geniş faktları-olayları-mənzərələrinə, ziddiyyət və problemlərinə Oxucunun nəzərlərini çəkə, diqqətini toplaya bildi.

Belə ki, builki müsabiqənin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunması da bu yöndən özünü doğrultdu.

Üstəlik, üst-üstə 100 hekayənin toplandığı iki toplunun (2010, 2011) işıq üzü görməsi kitabsevərlərə-oxusevərlərə-hekayəsevərlərə də əsl hədiyyə oldu...

Bütün bunlar belədir, danmıram, lakin göründüyü kimi: Müsabiqə nəticələrinə olduğundan artıq dəyər verməyə də çalışmıram; çün Ədəbi Azadlığın niyyətləri sırasında ictimai-siyasi və mədəni-kütləvi tələblər: “söz azadlığına, plüralizmə, demokratiyaya töhfə vermək”lə yanaşı, estetik tələbat, Ədəbiyyatı gəlişdirmək: “Azərbaycan yazarlarının yaratdığı ən yaxşı əsərlərə dəyər vermək” məqsədi də durur (sitatlar Müsabiqənin ideya müəllifi Kənan Kazımoğludandır).

Bu isə Hekayələr müsabiqəsi və Müsabiqə hekayələrinə daha da çox tənqidi yanaşmağı təlqin edir...

Mövzu yeknəsəqliyi

Konkret mənada Mövzu (tema), əslində: bədii əsərdə, Ədəbiyyatda həyatın, həyat sferalarının izi-təzahürü-nişanəsini xəbər verir.

Əlinə təzəcə qələm almış yazar da, peşəkar yazıçı da, istedad yiyəsi də, qrafoman da həyatdan yazır, həyat məsələlərinə toxunur.

Bu mənada nə qədər əzici olsa da: eyni bir “müstəqillik yükü, əzabı”ndan gərilmiş qəhrəmanı (istər sosial planda olsun, istərsə psixoloji, ya mənəvi-əxlaqi) hekayənin birində itirib digərində tapanda, yaxud Qarabağ savaşı, qaçqınlıq dərdinin vurduğu zərbələri burda və orda az qala eyni görəndə, ya ailə-məişət-cəmiyyət münasibətlərini hər yerdə eynən, həmən-həmən biləndə çox da təəccüblənmirəm.

Eyni bir dövrün yazarları eyni həyat materialına üz tutur, eyni həyatdan mövzu alırlar.

Bu səviyyədə (mövzu planında) hələ profanı peşəkardan, yazıçını qrafomandan ayırmaq olmur, heç gərək də deyil.


"Ədəbi Azadlıq-2010" müsabiqəsinin seçmə hekayələr kitabı
"Ədəbi Azadlıq-2010" müsabiqəsinin seçmə hekayələr kitabı
Cəmisinin xidməti həyatı-bugünü-gündəmi yazmaq, aktuallaşdırmaq, Oxucu diqqətinə çatdırmaq cəhdlərindən ibarətdir.

Məsələn, Ədəbi Azadlıq-2011-də belə bir fakt diqqətimi çəkdi: seçilmiş 10-luqda 13 hekayədən yalnız dördünün müəllifi peşəkar yazarlardı (Azad Qaradərəli, Rəhim Əliyev, Rasət Pirisoyu və Jalə İsmayıl), yəni bilavasitə Ədəbiyyatla, hekayəçiliklə məşğuldurlar.

Gəl ki, 13 hekayənin hər birində bugünün sözü-izi, aktual gündəmdən nəsə var; hətta hekayələr mövzu planında bir-birini o qədər izləyir-uyuşurlar ki, Ədəbiyyatın, yazıçı sözünün harda başlayıb həyatın diktəsinin harda qurtardığını da sezmək çətin olur...

Belə ki: mənimcə, Anar Fərəcovun “Yerevan azərbaycanlısının memuarları” qaçqınlıq acısı, doğma yurd nisgilini Azad Qaradərəlinin (2-ci yerin sahibi) “Gilənar albalı olurmu?” hekayəsindən heç də az doğurmur.

Şahbaz Xuduoğlunun “Doktor Cəmil”, Rasət Pirisoyunun “Xa...” əhvalatları günün məzəsi qismində Rəhim Əliyevin (2-ci yer) “Zabitəli kişinin arvadı”ndan az maraqlı deyil.

“Yaşıl qurbağanın çəhrayı daşı”nda Babək Göyüşün (3-cü yer) “dəli”si bəlkə Musa Əfəndinin (1-ci yer) “Onları yol apardı” hekayəsinin qəhrəmanından daha da kəsərlidir.

Mənsurə Qaçayqızının arzular-hisslər dünyasına bələnmiş gerçək “Qərar”ı Tosif Həsənlinin qaba-vulqar, Qarabağ realiyalarına bulanmış “Divarlar”ından, ya Novruz İbrahimoğlunun zəmanə acıları ilə dolu “Ritorik”asından az önəmli deyil.

“Araba sahipinden satılıktır”da Mətləb Muxtarovun (3-cü yer), “Vəfalı xoruzu cehiz apardı” hekayəsində Şəhriyar Hacızadənin cızdığı uşaqlıq xatirələrinin hər biri öz aktual vurğusu ilə yadda qalır (birisində son sovet dönəminin milliləşmə kodları, digərində şirin-acı kasıblıq həyatı)...

Göründüyü kimi: mövzu planı hələ Ədəbiyyat üçün azdır; sual yaranır: niyə məhz bu mövzular?; nədən, hansı səbəbə?; əhəmiyyəti, təsiri nədir? Məsələn, mən daha bir məqama diqqət etdim: Müstəqilliyimizin 20 illiyinə həsr olunmuş Müsabiqədə, artıq qabartdığım kimi: nə qədər desən, “müstəqilliyin ağrıları” barəsində hekayələr yazıldı, amma 150 hekayədən heç bircəciyində də Müstəqilliyin sevinclərini yaşayan-ifadə edən-təcəssümləndirən nümunəyə rast gəlmədik. Görəsən nədən?

Hərçənd bu yerdə daha bir: Azadlıq uğrunda savaş mövzusunu – bu və ya digər qədər sezdirən uğurlu nümunələri: Samir Sarının “Zorbaların torbası”, Tural Əsədbəylinin “Vətən məhəlləsi”, Dilqəm Əhmədin “Cəfər” hekayələrini anmamaq olmaz. Amma istisnalar da elə ümumi qənaəti təsdiqləyir; hər üç hekayədə hədəf Azadlığa qənim kəsilmiş mühitdir...

İdeya kasadlığı

Geniş mənada İdeya – Ədəbiyyatın həyata yönəlik silahıdır; əslində: Ədəbiyyat elə İdeyadan, yazıçı sözü-mətləbi-niyyəti-qayəsindən başlanır; bir qayda olaraq, bədii əsərin ideya və mövzu planlarından ayrılıqda deyil, ideya-mövzu vəhdətindən söhbət gedir.

Çün mövzu heç vəch Ədəbiyyata kor-koranə, stixiya ilə gəlmir, Ideyanın gücünə girir...

Didaktik Şərq poeziyasında hekayənin yeri: göstərmək-düşündürmək-təsir etmək yolu ilə ibrətləndirməkdən ibarət idi; Nizaminin “Sirlər xəzinəsi”ndə, Ruminin “Məsnəvi”sində olduğu kimi.


"Ədəbi Azadlıq-2011" müsabiqəsinin prizləri
"Ədəbi Azadlıq-2011" müsabiqəsinin prizləri
Qərb intibahında Ədəbiyyat İnsanın dünyaya-həyata-təbiət(in)ə açıqlığını-bağlılığını hədəf götürmüşdü, Bokkaççonun, Çoserin hekayələri buna əngəl olan sxolastik nə varsa, ifşasını verir.

Maarifçilər nadanlığa-xürafata-sosial ədalətsizliyə qarşı Ədəbiyyatın gücünü ağlın-hünərin-biliyin təbliğ olunması, göstərilməsində görürdü; M.F.Axundzadənin “Aldanmış kəvakib”ində, S.S.Axundovun “Qorxulu nağıllar”ında olduğu kimi.

Realistlər İnsanı, İnsan- Cəmiyyət münasibətlərini (dövrün pozitivist bilikləri sayəsində) axıracan öyrənməyi-analiz və faş etməyi məqsəd seçdilər: O.Balzakın, G.Mopassanın novelləri, A.Çexovun, C.Məmmədquluzadənin hekayələrində gördüyümüz kimi...

Bəs bizim hekayəçiləri qələmə əl atmağa vadar edən nədir?

İbrətləndirməkmi?, eləcə həyatda-cəmiyyətdə-ətrafımızda baş verənləri xəbər vermək, göstərib-duyğulandırmaqmı?, öyrədib- başa salıb- anlamadığımız nələrisə anlatmaqmı?, bilib-bilmədiklərimizi bir daha analiz-təhlil-tənqid-ifşa-faş eləmək, üzərində düşündürməkmi? Klassik örnəkləri əbəs anmadım; doğrusu, hekayəçilərimiz sadaladığım məqsədlərə can atırlar da.

Amma sormaq gərək: tele-kino-foto-fono-kosmos-bilgisayar-internet... əsrində buna nə dərəcədə yaxın gəlir, nə qədər nail ola bilirlər?

Heç də Nizami dühası ilə müqayisədən söhbət getmir, yaxud İntibah dövrünün həyat dolu təbii İnsanını (İnsan təbiətini) bugünün quru vücuddan ibarət rəqəmsal-texnogen İnsanı (İnsan texnolojisi) ilə yanaşı gətirmək fikrim yox...

Hər dövrün öz İdeyaları olur və bu İdeyalar əsr İnsanını görməyə-anlamağa-dərk etməyə açar-vəsilə olur; bax, bu həzzi-effekti-gərəyi mən günün hekayələrindən ala bilmədim.

Hərçənd bu sarıdan qiymətləndirdiyim “Ülviyyə Heydərova” hekayəsində Jalə İsmayıl da (3-cü yerin sahibi) Sənət problemini aktuallaşdırır.

Hekayədə fotoqrafiya sərgisini seyr edən iki intellektualın mübahisəsi verilib (birisi rəssam, digəri təxmin etmək olar ki, yazar, ya da sadəcə sənətsevərdir): Sənət eləcə bu və ya digər rakursdan gerçəkləri göstərməklə maraq oyatmalı, xoşa gəlməlidirmi? (1); ya həmçinin diksindirməli, heyrətləndirməli və düşündürməyi bacarmalıdır (2)?

Birinci mövqeyə qane olan yazar bu fikirdədir ki: “gördüklərimiz sadəcə xoşumuza gəlsə, yetərlidi... ” İkinci mövqedə israr edən rəssamın fikrincə: “bütün hallarda bizdə heyrət doğuran şeyləri sevirik. Biz həyəcanlanırıq bundan. Biz bu barədə düşünməyə başlayırıq...”

Elə hekayəçiliyimizdə də vəziyyət təqribən eynidir; diqqət çəkən, maraq oyadan əsərlər var, amma diksindirən, heyrətləndirən, dərin düşüncələrə sövq edən hekayələr az qala yox kimidir...

Ən nəhayət sərgidə: “həm xoşa gələn, həm də diksindirən sənət əsəri”nə rastlaşdıqda məlum olur ki, həmişəki tək, bu heç də “bizimki” deyilmiş, “gürcülərin”miş: “Bizimkilərin düşüncəsi azad deyil. Azad olmadıqca da nəsə yaratmaq mümkün deyil...”

(ardı var)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG