Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:23

Tural Əsədbəyli "Vətən məhəlləsi" (Hekayə)


Bu hekayə şəhid kapitan Əhməd Abdullayevə
və onun yadigarları Hüseynlə Nihada ithaf olunur.


1994-cü il. Baharın son ayında ulduzlar şəhərin üstündən asıldığı sakit bir gecədə, beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki aynabəndə yaxınlaşdı və bu dəfə həyəcanla aşağı baxmaq üçün boylanmadı, o on dörd yaşındakı balaca. Altı il keçmişdi, o aynabənddə düşmənlə ilk tanışlığından...

O zaman ilk dəfə həyacanla boylanmışdı, həyətdəki binaların arasında dayanmış zirehli maşını və üstündə oturmuş rus əsgərini görmək üçün.

Daha bir həftə öncə Məliklə birlikdə binanın tinində, yad məhəllədən gələn bir oğlanı qovmuşdular, qonşu qızları qorumaq məqsədilə.

Lakin bu dəfə məhəlləyə gələn adi bir oğlan deyildi, onun zirehli- sursatlı maşını və əynində “şanlı” Sovet Ordusunun forması vardı.

İlk dəfə o zaman o bu zirehli maşının önündə durub, məhəlləni tərk etməsini istəyəcəkdi, məhəllə uşaqları ilə birlikdə.

Düşmənlə tanışlığın nə dərəcədə onun həyatını dəyişəcəyindən bixəbərdi səkkiz yaşındakı o balaca…

1988 ci il Sovetlər Birliyinin son nəfəsi, xəbərlərdən hər gün eşitdiyimiz və bu günlərdə artıq əzbərlədiyimiz erməni işğalçılarının davam etdirdiyi təcavüzün başlanğıcıydı, atasının arxa otaqdakı etdiyi şərhlər.

Amma onun gördüyü mənzərə isə, məhəllədə damağında sigaret,ayaqlarını uzadaraq oturmuş yad əsgər və ona yaltaqlanaraq dolma gətirən qonşular idi.

Bu mənzərə onu aşağı endirib rus əsgərini ordan qovmağa məcbur edirdisə, arxa otaqdakı şərhlər, bu işin daha böyük bir məhəllədə baş verməli olduğunu anlatmağa çalışırdı.

Minlərlə tanımadığı simalarla birlikdə yumruğunu və üç rəngli bayrağı səmaya qaldırmaqdı səkkiz yaşındakı bir uşağın, oyunlarla əvəz etdiyi günlər. Artıq Azadlıq meydanı idi onun yeni və böyük məhəlləsi.

Yaşının kiçik olmasına baxmayaraq, nə istədiyini bilirdi və bu düşməni öz məhəlləsindən qovmağa qərarlı idi.

Rus bölməsində təhsil almağının səbəbinin sadəcə rus dilini öyrənmək məqsədi olduğunu heç vaxt unutmurdu. Atası ona ilk dəfə üç rəngli bayrağı, milli marşı və bu zamana qədər itirilmiş torpaqların tarixini öyrətdiyi zaman ürəyi kin və nifrət, ağlı isə min cür suallarla dolmuşdu.

Həmin an o artıq ailənin və məhəllənin bir parçası olmaqdan çıxmış, özünü böyük bir Vətənin parçası olaraq görməyə başlamışdı. O, artıq gecələr atası ilə birlikdə küçələrədə ”28 Aprel” yazılmış onlarla üç rəngli plakatlarda tabaşirlə “28 May” sözünü əlavə etmək həyəcanını yaşayırdı.

O, balaca ürəyi ilə özünü Vətən Məhəlləsində tanıtdırmağa başlamışdı belə. Bir neçə milisin gözü önündə atasının çiyninə qalxıb, qırmızı sovet bayrağını çıxardaraq, üç rəngli bayrağı işıq dirəyindən asmağı isə onun üçün bu yolda qazandığı kiçik olsa da, ilk zəfəri olmuşdu. Fəqət bir axşam 4 dekabrda atası ilə Azadlıq meydanına getdiyi zaman gördüyü mənzərə onun kiçik qəlbini kövrəltmişdi.

O, tanımadığı on minlərlə simalar yerini yüzlərlə insanlara buraxmışdı. Yüzə yaxın insan yorğanlara bürünmüş və Azadlıq məhəlləsinə yad məhəllənin əsgərlərini buraxmamaq üçün yerə uzanmışdılar.

Əfqanstanda döyüşmüş məhəllə oğlanları tankların qabağında sipər kimi dayanmışdılar. Qaranlıq, soyuq hava, bir iki yerdə qızınmaq üçün yandırılmış ocaqlar və Sabir Rüstəmxanlının başına toplanmış bir qrup insanlar, uzaqdan: “Ay camaat getməyin, meydanı tərk etməyin”, -sözləri nə olub bitdiyini anlatmırdı ona.

Çox keçmədən Qızıl Ordunun zirehli texnika ilə meydana gələcəyini eşidəndə onlarla elə oradaca, elə öz məhəlləsindəcə savaşmaq hissi getdikcə daha da gücləndi.

Hər dəfə qəzəbini içində boğduğu zaman bunun qazanacağı böyük zəfərin ilk elçisi olduğunu bilməsi üçün yaşı hələ çox az idi. 11-ci Qızıl Ordu metrosunun önündə avtobusa minəndə pəncərədən gördüyü mənzərə aynabənddəkindən daha vahiməli idi.

Onlarla zirehli texnika və yüzlərlə yad məhəllənin əsgərləri artıq sürətlə şəhərə doğru irəliləyirdi. İçindəki qəzəb boğazında düyünlənib gözlərini doldurmuşdu...

Dolan o gözlər nəhayət, 20 yanvar 1990-cı ildə boşalmışdı, yastığına. Həm kədər, həm sevinc qarışıq hisslərindən süzülmüş, göz yaşları.

Kədər, məhəlləsində öldürülən yüzlərlə günahsız sakinlər və onları qoruya bilməməsi idi bu göz yaşlarının səbəbi. Sevinc hissləri isə bu hadisənin məhəlləsinin çoxəsrlik əsarətdən qurtulacağının müjdəçisi olması idi.

O gecə bütün yaşanan hadisələri qonşunun evinə yığışmış insanlarla birlikdə, dərin səssizlik içində partlayan, sonra isə vızıldayan güllə səslərinin sadə insanların çarəsiz hayqırışlarının içinə qarışdığını “Azadlıq” radiosundan eşitmişdi.

Yaşının az olması, orada ola bilməməsi, kədərinin və qətiyyətinin bir az daha artmasına səbəb olmuşdu. Bir həftə məktəblərin bağlı olduğundan növbəti addımının nə olması düşünmək üçün fürsət qazandırmışdı ona. Ertəsi gün məktəbə gedəndə taxacağı “pioner” qalstukunun mərasim hazırlığı olduğunu artıq bilirdi.

Müəlliməsi Yekaterina Nikolayevna tədbirdə hər kəsin nə edəcəyini izah etdikdən sonra ona xüsusi tapşırıq vermək üçün yanına çağırdı.

Qızıl hərflərlə, qırmızı parlaq kağızın üzərinə yazılmış” Lenin” şeirini ona uzadaraq, bunu əzbərdən oxuyacağını bildirdi.O, qaşlarını çataraq kağıza baxıb mədəni şəkildə bunu oxumayacağını və pioner olmaqdan imtina etdiyini söylədi.

Özlərini mədəniyyətin son həddi sayan totalitar rejimin, hətta rus dilində danışaraq “intellektual səviyyəli” olduğunu zənn edənlər kütləsinin nəhəng nümunəsi olan Yekaterina Nikolayevna, bir balacanın önündə aciz qalaraq ən son “mədəniyyət” həddində qışqıraraq direktorun yanına qaçdı.

Çox keçmədən uzun koridorun sonunda divarların belə qorxduğu, müəlliminin haqq və hüququnu qorumaq üçün otağından çıxan direktor göründü. O, balacanın qulağını dartaraq otağına sürütlədi.

Hobbiesin dediyi “totalitar rejim insanları yoğurur, onlara istədiyi şəkli verir və cəmiyyət orqanizmasının istifadə məqsədinə uyğun hala gətirir” sözlərini çox sonralar oxusa da, bütün məktəbin müəllimləri “direktor” abidəsindən qorxsalar da, məktəbin şagirdləri axsaq direktorun əsayla vəhşicəsinə döyməsindən vahimələnib tir-tir titrəsələr də, o balaca üçün o direktor Vətən Məhəlləsində yaltaqlanaraq rus əsgərinə dolma aparan bir “qonşu” idi.

Digər uşaqlara pis nümunə olduğu üçün müəllimləri onu parka gəzintiyə götürməməklə, təcridlə cəzalandırmaqla bilmirdilər ki, o balacanın uşaqlıq hissini boğduqca tam əksinə onda qürur hissini yüksəldirlər.

Elə ona görə daha sonrakı həyatında qürurunu hər şeydən üstün bildi və müəllimlərinə bilmədən verdikləri dərsə görə ömür boyu minnətdar oldu.

O qədər qürurlu idi ki, atasının könüllü olaraq Qarabağ müharibəsində savaşmağına digər uşaqlar kimi parka getməkdən daha çox sevinirdi. Bir səhər oyandığında qüruru kədərlə tanışmışdı.

Dərhal xəstəxanaya qaçaraq atasının sağ olduğunu, amma yaralandığını öyrəndi.

Qollarını və ayaqlarını itirmiş, bədənləri parçalanmış məhəllə əsgərlərinin danışdıqları hekayələr məktəbdəki nağıllara bənzəmirdi.

Hospitaldan çıxdıqda atası “ bu savaş yükünü sizin nəslin öhdəsinə buraxa bilmərik “ deyəndə artıq o nə edəcəyini bilirdi. Bir il sonra sözünü unutmayaraq, Türkiyədəki hərbi liseydə oxumaq üçün sənədlərini hərbi komissarlığa təqdim etdi..

Çox keçmədən onunla birgə imtahana gələnlərin bilik səviyyəsinin göy kağızlarla ölçüldüyünü və onun bu imtahandan keçmə şansının heç olduğunu eşitmək, qarşılaşdığı ilk çirkin haqsızlıq idi.

Torpaqlarını itirmiş millətin peşəkar zabitə ehtiyacı olduğu halda öz məhəlləsindəki insanların bu cür ədalətsiz seçimi nə üçün etdiklərini anlamaq istəmirdi. Komissarlığın tibbi müayinəsindən keçərkən onun 39 kg olduğunu və 1 kg əksik olduğunu bəhanə gətirərək, “hərbiyə yararsız” damğasını vurdular.

Bu bəs deyilmiş kimi həkimlərdən ibarət komissiya üzvləri otağın ortasında utanaraq yarıçılpaq vəziyyətdə durmuş o balacaya lağca cibini daşla doldurmasını tövsiyə edərkən hamısı birdən qəhqəhəylə gülmüşdü.

İçimizdəki düşmənlərin daha çox acımasız olduğunu ilk dəfə o otağın ortasında öyrənmişdi. Ertəsi gün hərbi komissara etirazını bildirmək üçün atası ilə birgə qəbul otağında rus dilli katibə onlara gözləməli olduqlarını bildirdi.

Katibənin manikür mərasimini seyr edərək və hələ də onları niyə qəbul etmədiklərini anlamadan sakitcə oturmağa davam etmişdi.

Buna dözməyən atası katibənin əngəllərinə baxmayaraq, otağa girəndə qarşısında duran qısa boylu polkovnik leytenant (təxminən yüziyirmi kilogram çəkisindəydi) onun haqlı tələblərindən çəkinərək sənədləri Biləcəri hərbi komissarlığına göndərməyə, deyinərək razılaşmışdı. Biləcəridəki mənzərə də fərqli deyildi.

Tibbi müayinədən burada da keçirmədilər. Həkimlər ondan pul istəmişdilər. Sənədləri qəbul edən Kərimov soyadlı mayor onu sorğu-suala tutduqdan və fiziki hərəkətləri necə məharətlə yerinə yetirdiyini görəndən sonra: “Bu nə biabırçılıqdır? Bu uşaq indi mənim əsgər yola saldıqlarımdan daha çevik və daha qabliyyətlidir”,- deyərək, sənədi imzaladı və imtahanlarda iştirak üçün onu imtahan otağına göndərdi.

İmtahanda suallara cavab verəcəyinə əmin idi. Fəqət bilmirdi ki, bu otaqda da onu “xoş” sürprizlər qarşılayacaq...

Bir gün sonra atası imtahan komissiyasınin sədrinə imtahanda biliyin düzgün qiymətləndirilməməsi ilə bağlı öz etirazını bildirdi və yenidən daha ciddi nəzarət altında imtahan keçirildi. Bu imtahanın nəticəsində onun biliyini məcburən yüksək qiymətləndirəsi oldular.

Bir həftə keçməsinə baxmayaraq, heç bir xəbər yox idi. Göy kağızların gücünə inanmağa başlayır, gün keçdikcə isə ümidlərinin ondan bir az da uzaqlaşdığını hiss edirdi.

Son ümid yeri, ilk dəfə düşmənlə tanış olduğu aynəbəndə çıxmaq olmuşdu.Yorğun, başıaşağı ümidin son anında ulduzların göründüyü o gecədə pəncərədə göründü on dörd yaşlı gənc.

Ehmalca balaca əllərini qaldırdı, ovuclarını səmaya döndərərək dodaqlarından bu kəlmələr süzüldü: “Allahım, Səndən heç bir şey gizli qalmaz, Sən hər şeyi görənsən, Sən hər şeyi bilənsən, niyə zabit olmaq istədiyimi yalnız Sən bilirsən.

Yeganə ümidim Sənsən. Sən mənə bu yolda kömək ol, mən Sənə söz verirəm ki, məhəlləmizi düşmənlərdən təmizləyəcəyəm..!” Səhər açıldığında komissarlıqdakı kapitan ona xarici pasportun hazırlanması üçün şəkil çəkdirmək tapşırığını vermişdi.

Çox qəribə olduğunu daha sonrakı illərdə düşündü: ”Alın yazısını özümü seçmişdi, yoxsa seçilmişdimi?

Uşaqlıq illərində rus bölməsndə oxumuş, dinlə heç bir əlaqəsi və dindar bir çevrəsi olmayan bir uşağın belə bir dua etməsi onun üçün Allahın möcüzəsimi, yoxsa bir alın yazısımı olduğunu hələ də Azərbaycanın Milli Ordusunun bir kapitanı kimi düşünməkdədir...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG