Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38

Atatürkdən Ərdoğana qədər Türkiyənin yenidən qurulması


Türkiyənin Baş naziri Recep Tayyip Erdogan partiyasının fəalları ilə görüşdə çıxış edərkən. Divarda onun portreti Atatürkün portreti ilə yan-yana asılıb. 10 avqust 2011

Türkiyənin Baş naziri Recep Tayyip Erdogan partiyasının fəalları ilə görüşdə çıxış edərkən. Divarda onun portreti Atatürkün portreti ilə yan-yana asılıb. 10 avqust 2011


“The Washington Post” qəzeti Türkiyədə ordu rəhbərlərinin kütləvi istefasından sonra yaranan vəziyyəti şərh edir. Yaxın Şərq məsələləri üzrə Washington İnstitutunun əməkdaşı Soner Cagaptayın hazırladığı şərhi qısa ixtisarla təqdim edirik:


Birinci dünya müharibəsindən sonra Osmanlı imperiyası dağılanda Mustafa Kamal Atatürk Avropa tipli yeni bir Türkiyə qurdu. Hakimiyyətin bütün qanadlarına, o cümlədən orduya tam nəzarət edən Atatürk dini dövlətdən ayırdı. Öz vətəndaşlarına özlərini qərbli hesab etmənin lazımlığını söylədi.

Bundan bir əsr sonra Ədalət və İnkişaf Partiyasının (AKP) həyata keçirdiyi demokratik inqilab Türkiyənin qərbçiliyinə son verdi.

Ötən ay ordu rəhbərliyindən kütləvi istefalarla kamalçı institutun son dayaq nöqtəsi olan ordu da AKP-nin siyasi sunamisi qarşısında geri çəkildi. İndi AKP lideri Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni Atatürküdür. Doğrudur, o Atatürk kimi Türkiyəni yadellilərdən xilas etməyib. Lakin o indi Atatürkün bir vaxtlar malik olduğu qədər böyük hakimiyyətə malikdir.

1950-ci ildə Türkiyədə çoxpartiyalı demokratiya bərqərar olandan sonra müxtəlif siyasi partiyalar onilliklər boyu Atatürkün irsini qoruyub saxlamağa çalışırdılar. Ordu da bu sistemin keşikçisi rolunda çıxış edirdi. Nəticədə Türkiyədə mühiti ətalət bürüdü. Kamalçılıq 20-ci əsrin əvvəllərindəki tərəqqipərvərliyindən uzaqlaşaraq keçmişi qorumaq ideologiyasına çevrildi.

Son onilliklər ərzində Türkiyədə doğulub boya-başa çatanlar üçün bu prosesin ən görünən əlaməti sürətlə çoxalan Atatürk heykəlləridir. Demək olar ki, hər şəhərdə Atatürkün büstü və heykəlləri var.

80-ci il çevrilişi təkcə küçələrdə anarxiyaya son qoymadı. Həm də ölkəyə çox şeyləri qadağan edən konstitusiya bəxş etdi. Atatürkü bütləşdirməklə generallar əslində kamalçılığı dəfn etdilər. Hətta 1982-də Türkiyə yenidən demokratik ölkə olandan sonra da bu proses dayanmadı. Hakimiyyətdə olan partiyalar cəmiyyətə dəyişiklik ideyaları təqdim edə bilmədilər. Yeni yaranan islamçı partiyalar isə yaranmış vəziyyətdən faydalanıb şəbəkələşməyə başladılar.

2000-2001-ci illər iqtisadi böhran zamanı mərkəzi sağçı partiyalar iflas edəndə islamçılar önə çıxdılar. AKP hakimiyyətə gələndən sonra xüsusilə sabit iqtisadi artım təmin etdiyinə görə dəyişiklik üçün geniş kütlənin dəstəyini qazandı. Yenilikçi AKP özünü Türkiyənin yeni elitası kimi təsdiq etdi. Tədricən mediada, biznesdə, akademiyada, vətəndaş cəmiyyətində, həmkarlar ittifaqlarında və ötən il konstitusiyaya dəyişikliklərdən sonra Ali Məhkəmədə də kamalçı qüvvələri sıxışdırdı.

Orduda kamalçılıq ayaq üstə qalan son təsisat idi. 2007-ci ildən bu yana davam edən Ergenokan işi (hökuməti devirmək planının hazırlanması ilə bağlıdır) ordunun qüdrətini xeyli zəiflətmişdi. Orduya qarşı irəli sürülən iddialar hələ təsdiqini tapmasa da hər halda bu iddiaların effekti var – ölkənin ən çox etibar edilən təsisatı kimi ordunun statusu zəifləməkdədir. 1996-cı ildə əhalinin 94 faizi orduya inanırdısa, 2011-də bu göstərici 75 faizə düşüb. Bunun və AKP-nin hegemonluğunu etiraf etməli olan ordu iyulun 28-də ağ bayraq qaldırmalı oldu. İndi hegemon elita kimi AKP Atatürk kimi Türkiyəyə yeni forma vermək qüdrətinə malikdir.

Atatürk Türkiyəni dünyəvi və Qərb imici ilə dəyişdirmişdi. Ərdoğan da ölkəni sosial mühafizəkar imicli islam dövlətinə çevirməkdədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG