Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:25

Soçi görüşündən gözləntilər


İlham Əliyev və Dmitri Medvedev, 17 aprel 2009
İlham Əliyev və Dmitri Medvedev, 17 aprel 2009
İyulun 9-da prezident İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevin dəvəti ilə Soçiyə gedib.

Söhbətləşdiyimiz siyasətçilərin hamısı Soçidə söhbətin Dağlıq Qarabağdan gedəcəyini desələr də, Rusiyanın məsələni hələ də gündəmdə saxlamasının, Medvedevin Əliyevi görüşə çağırmasının səbəbini fərqli izah edirlər.

«DANIŞIQLAR APARMAQ NAMİNƏ DANIŞIQLAR»

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev prezidentlərin Kazan görüşündən sonra Rusiya tərəfdən atılan addımları müsbət dəyərləndirir. O hesab edir ki, «danışıqlar aparmaq naminə danışıqlar» prosesi artıq yekunlaşa bilər. Sahib Alıyev ehtimal edir ki, Rusiya prezidentinin tərəflərlə ayrı-ayrılıqda təmasından sonra yenidən üçtərəfli görüş təşkil edilsə, onda danışıqlara dair ortada olan baza prinsipləri imzalanacaq. Onun fikrincə, Rusiya münaqişənin həllində hansısa bir irəliləyişə nail olmaq istəyir. Bu irəliləyiş nə qədər Azərbaycana lazımdırsa, o qədər də Rusiyaya lazımdır:

«Mən danışıqlarda tərəf olaraq Rusiya və Azərbaycanı görürəm. Ermənistan Rusiyanın forpostudur. Mən forpostu tərəf kimi görmürəm. Təbii ki, heç olmasa, danışıqlarda birinci mərhələ həll olunarsa, Dağlıq Qarabağ ətrafındakı ərazilər işğaldan azad edilərsə, indiki halda bu Azərbaycanla yanaşı, Rusiyanın da maraqlarına cavab verən addım olacaq. Belə ki, bununla Rusiya ilk dəfə göstərmiş olar ki, o, postsovet məkanında münaqişələri dinc yolla həll edə bilər. Digər tərəfdən, Azərbaycan hakimiyyəti açıq şəkildə bəyan edir ki, hansı yolla olursa-olsun torpaqlarını işğaldan azad edəcək. Hazırda bir tərəfdə güclənən Azərbaycan var, digər tərəfdə isə Rusiyanın forpostu olan və günbəgün zəifləyən Ermənistan. Rusiya dilemma qarşısında qalıb. Azərbaycan öz ərazisində savaşa başlasa, Rusiyanın müdaxilə üçün əlində hüquqi baza yoxdur. Bütün bunlar heç olmasa, danışıqların birinci mərhələsinin həllində Rusiyanın maraqlı olmasına şərait yaradan amillərdir».

Sahib Alıyev deyir ki, artıq 3 ildir bütün bu vasitəçilik missiyası Rusiyanın vasitəçiliyi ilə aparılır.
İqbal Ağazadə
Heç bir vasitəçi danışıqlar prosesində bu qədər dominantlıq etməyib. Bu dominantlıq nəticəsiz bitsə, nə Rusiya, nə də Medvedev üçün yaxşı hal hesab edilməyəcək.

RUSİYA BU MƏRHƏLƏDƏ MÜNAQİŞƏNİN HƏLLİNİ İSTƏYİR

İyul ayının əvvəli Rusiya prezidenti Dmitri Medvedev S. Sarkisyan və İ. Əliyevə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təkliflərdən ibarət məktub göndərmişdi. Rusiya prezidenti ümid etdiyini bildirmişdi ki, tərəflər onun şəxsi məktubunda öz əksini tapmış ideyalarına reaksiya verəcəklər.

Deputat İqbal Ağazadə bütün bu baş verənlərdən çıxış edərək deyir ki, Rusiya münaqişənin bu mərhələdə «Madrid prinsipləri» çərçivəsində verilən təkliflərlə həllinin tərəfdarıdır. Çünki Rusiya hazırda gedən proseslərdən bu nəticəyə gəlib ki, gec-tez Cənubi Qafqazdan imtina etməli olacaq. Ermənistan da Türkiyə ilə münasibətləri yeni mərhələyə çıxara bilsə, üzünü Qərbə çevirərək əvvəlki kimi itaətkar olmayacaq:

«Buna görə də Rusiya Cənubi Qafqazda daha da möhkəmlənmək xatirinə 3-cü mərhələdə referendum yolu ilə Dağlıq Qarabağın statusunu müəyyən etmək, indiki Osetiyanın taleyini sabah Dağlıq Qarabağa da yaşadıb onu öz ərazisi kimi tanıtdırmaq niyyətindədir. Rusiya hesab edir ki, Dağlıq Qarabağ bu mərhələdə müstəqilliyə yaxın bir qərar verdikdən sonra qoşunlarını orada yerləşdirməklə regionda strateji əhəmiyyətə malik mövqeyə sahib ola bilər. Buna görə də Moskva tərəflərə təzyiqi durmadan artırır və vasitəçilik missiyasını genişləndirir».

İqbal Ağazadəyə görə, bu məsələdə Azərbaycan çox ciddi itkilərə məruz qalaraq bütövlükdə bu prosesi uduzmuş vəziyyətə düşəcək. Rusiya bununla da kifayətlənməyib gələcəkdə Azərbaycanın şimal və cənub bölgələrində də yeni fəaliyyətlərə başlayacaq. O hesab edir ki, Rusiyanın məqsədi etibarlı vasitəçi olduğunu göstərmək yox, sərhədlərini möhkəmlətmək və region dövlətlərinə təsir imkanını gücləndirməkdir.

RUSİYANIN AZƏRBAYCANDAN İSTƏDİKLƏRİ

Rasim Musabəyov
Deputat Rasim Musabəyov da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskvanın səylərinin məhz Rusiyanın maraqlarına xidmət etdiyini düşünür. Amma İqbal Ağazadədən fərqli olaraq deyir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini ona görə həll etməyə çalışır ki, Azərbaycandan istədikləri var. Politoloq düşünür ki, Rusiyanın bu səyləri nəticə verməsə, Azərbaycan ən azı gündəmlə olan Qəbələ RLS-in icarə müddəti ilə bağlı məsələni açıq saxlayacaq:

«Rusiya orada modernləşdirmə işləri aparmaq niyyətindədir. Ancaq RLS-dən başqa da Azərbaycanın Rusiya ilə ikitərəfli fayda verən münasibətləri mövcuddur. Azərbaycanın bir çox postsovet məkanında yerləşən dövlətlərdən fərqli olaraq, nə Rusiyaya borcu var, nə də enerji asılılığı var. Miqrantlarla bağlı da Rusiyanın Azərbaycana ciddi təzyiq etmək imkanı yoxdur. Çünki nəinki Azərbaycandan Rusiyaya gedənlərin sayı artır, əksinə bir çoxları artıq ordan qayıdır».

AZƏRBAYCANA AÇIQ-AYDIN HƏRBİ HƏDƏLƏR

«Respublikaçı Alternativ Hərəkatı» isə avqustun 8-də yaydığı açıqlamada bildirib ki, Rusiya prezidenti Dmitri Medvedev avqustun 4-də verdiyi müsahibədə Azərbaycana açıq-aydın hərbi hədələr ünvanlayıb və bu heç bir sivil çərçivəyə sığmır. ReAL hərəkatı Medvedevin bu davranışını pisləməklə yanaşı, Azərbaycan iqtidarının, siyasi qurumların rəsmi səviyyələrdə buna susmasını da qınayıb.

Rusiya prezidenti Dmitri Medvedev Gürcüstan və Rusiya jurnalistlərinə son müsahibəsində 2008-ci ildə Gürcüstanda baş verən müharibədən danışarkən bildirib ki, bu hadisə Azərbaycan və Ermənistana dərs olub.

Medvedev onu da deyib ki, həmin vaxt Rusiya ordusu Tbilisiyə girsəydi, artıq Saakaşvili prezident olmazdı. Rusiya sadəcə, bunu istəməyib.
XS
SM
MD
LG