Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:54

Lavrovun Bakıya gətirdiyi məktub


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iyulun 8-də Azərbaycana gəlib. O, Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şəxsi məktubunu Azərbaycan prezidentinə çatdırıb.

Regiona səfərini Yerevandan başlayan Lavrov Rusiya prezidentinin analoji məktubunu Ermənistan prezidentinə də təqdim edib.

RUSİYA AZƏRBAYCANDAN CAVAB GÖZLƏYİR

Məktubla bağlı detallı məlumat verilmir. Yerevanda keçirdiyi mətbuat konfransında Sergey Lavrov yalnız onu deyib ki, münaqişə tərəflərinə təqdim etdiyi məktubda Kazanda keçirilən üçtərəfli görüşdən sonra Dmitri Medvedevin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qısa təklifləri yer alıb.

Yerli medianın məlumatına görə, iyulun 8-də məktubu İlham Əliyevə təqdim edən Sergey Lavrov deyib ki, Rusiya ümid edir ki, Azərbaycan tərəfi Dmitri Medvedevin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı şəxsi məktubunda öz əksini tapmış ideyalara reaksiya verəcək.

«AZƏRBAYCANIN XEYRİNƏ RUSİYA ÖMRÜNDƏ HEÇ BİR ŞEY ETMƏYƏCƏK»

Politoloq Zərdüş Əlizadə Rusiya prezidentindən gələn təkliflərlə tanış olmasa da Medvedevin azərbaycanlı və ermənistanlı həmkarlarına ünvanladığı məktubda Dağlıq Qarabağla bağlı hansısa yeni bir təklifin olmasına inanmır. Zərdüşt Əlizadəyə görə, hadisələrin gedişatı onu göstərir ki, Rusiya var gücü ilə Cənubi Qafqazı öz əlində saxlamaq üçün səmərəli vasitəyə malik olmaq istəyir:

Zərdüşt Əlizadə
«Bu vasitəni yaşatmaq üçün müxtəlif təkliflər icad edirlər. Rusiya çalışır ki, hərbi-siyasi, bəşəri kəşfiyyat mövcudluğunu Cənubi Qafqazda saxlasın. Ona görə də mən Azərbaycan üçün, qaçqınların öz torpaqlarına qayıtması üçün Rusiyadan hər hansı səmərəli təklif gözləmirəm. Görünür son görüşdə hansısa məsələ ilə bağlı İlham Əliyevi razı salmaq istəyiblər və bu alınmayıb. Digər tərəfdən də Rusiyaya görüntü yaratmaq lazımdır ki, güya çalışır, nə isə etmək istəyir. Amma Azərbaycanın xeyrinə Rusiya ömründə heç bir şey etməyəcək».

KAZAN GÖRÜŞÜNDƏN SONRA TƏKLİFLƏR HAZIRLANMASI TƏSADÜFDÜRMÜ?

Digər politoloq Elxan Şahinoğlu da hesab eləmir ki, Medvedevdən İlham Əliyevə gələn məktubda münaqişənin həllinə yönəlik prinsipial təkliflər olsun. Politoloqun deməsinə görə, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasını, qaçqınların öz yurdlarına qayıtmasını və bundan sonra statusla bağlı məsələyə baxılmasını, Ermənistan isə razılaşma sənədində digər məsələlərlə yanaşı Dağlıq Qarabağda referendum keçirilməsi tarixinin də göstərilməsini istəyir. Elxan Şahinoğluna görə, tərəflər arasında bu prinsipial fərq aradan qalxmayana qədər bütün təkliflər ikinci dərəcəli təkliflərdir:

«Əslində Moskva status-kvonun saxlanmasında, atəşkəsə riayət olunmasına maraqlıdır. Bu təkliflərdən münaqişənin həllini irəliyə aparacaq hər hansı bir element görmürəm».

Elxan Şahinoğlu
RUSİYADAN TƏZYİQ OLA BİLƏR

Elxan Şahinoğlu Medvedevin Kazan görüşündən sonra təkliflər hazırlamasını da təsadüfü saymır. O hesab edir ki, Rusiyada prezident seçkiləri yaxınlaşdıqca Medvedev çalışır ki, onun vasitəçiliyi ilə keçiriləcək növbəti görüş nəticəsiz olmasın. Politoloqun deməsinə görə, elə bu səbəbdən də Medvedev xarici işlər nazirini qabağa verib:

«Əgər növbəti görüş də nəticəsiz qalarsa, bu, prezident seçkiləri öncəsi Medvedevin xarici siyasətinin ən böyük uğursuzluğu kimi qələmə verilə bilər».

Politoloqa görə, hətta bu ərəfədə tərəflər Rusiyanın təzyiqi ilə də üzləşə bilərlər.
Ermənistanda Sergey Lavrovla görüşündə Ermənistan prezidenti Serj Sarksyan deyib ki, onlar Medvedevin təkliflərinin diqqətlə öyrənəcək və tezliklə cavablarını verəcəklər.

Lavrov isə qeyd edib ki, Dmitri Medvedev prosesin uğurla bitməyini istəyir və inanır ki, razılığa gəlmək üçün bütün şərtlər mövcuddur.
XS
SM
MD
LG