Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:37

Fərqlənmə nişanı neçəyədir?


Bakı-Şirvan-Bakı marşrutu üzrə 51 sürücü işləyir

Bakı-Şirvan-Bakı marşrutu üzrə 51 sürücü işləyir

Bakı-Şirvan-Bakı marşrutunun sürücüləri deyirlər ki, mayın axırından işə çıxa bilmirlər. Səbəb isə Nəqliyyat Nazirliyi «Avtonəqliyyatservis» Departamentinin müfəttişlərinin onlardan hər ay qanunsuz pul yığmasıdır.

100 MANAT VERMƏYƏN SÜRÜCÜ XƏTTƏ BURAXILMIR

Sürücü Bayram Quliyev deyir ki, iyunun 10-da «Avtonəqliyyatservis» Departamentinə fərqlənmə nişanı almaq üçün banka ödədiyi rüsumun qəbzini təqdim edib. Amma departament işçiləri ondan bu qəbzi qəbul etməyiblər ki, pulu banka yox, onlara ödəmək lazımdır.

B. Quliyev deyir ki, fərqlənmə nişanı almaq üçün 46 man 80 qəpik ödəməli olduqları halda, departamentin işçiləri məcburi şəkildə bütün sürücülərdən 100 manat tələb edir. Bu tələbə əməl etməyən sürücülər isə xəttə buraxılmır:

«BİNƏ» TİCARƏT MƏRKƏZİNƏ KÖÇƏNDƏN SONRA...

«Bakı-Şirvan-Bakı marşrutu üzrə 51 sürücü işləyir. Biz əvvəl fərqlənmə nişanını Şirvan şəhərindən alırdıq. Qanuni şəkildə aparıb 46 manat 80 qəpiyi banka ödəyirdik. Bankdan verilən ödəniş qəbzi ilə fərqlənmə nişanını heç bir problem olmadan alırdıq. İki il olar ki, köhnə avtovağzaldan «Binə» Ticarət Mərkəzinə köçmüşük, həmin vaxtdan fərqlənmə nişanını burdan alırıq. Burda isə «Avtonəqliyyatservis» departamentinin işçiləri qanunsuz olaraq 100 manat tələb edirlər. Deyirəm ki, mən banka ödəmək istəyirəm. Deyirlər ki, elə şey ola bilməz, mənə ödəməlisən».

HƏR YERƏ 3 MAN 60 QƏPİK

Sürücülər deyirlər ki, Bakı-Şirvan-Bakı marşrutu üzrə işləyən maşınlar əsasən 13+1, 15+1, 17+1 sərnişin yerlikdir. Hər yerə görə isə 3 manat 60 qəpik vergi
«Qeyri-qanuni ödəniş etməkdən başqa çarəmiz yoxdur»
ödənilmədir.

Sürücülər iddia edirlər ki, onlardan hər ay üçün yığılan 100 manatın hara getdiyindən xəbərsizdirlər:

ÖDƏNİLƏN PUL HARA GEDİR?

- «Pul əldən-ələ gedir, bizim adımızdan keçirilmir. Adımıza bir kağız verirlər, ancaq adımıza heç bir yerə, heç bir vergi ödənilmir».

- «Bizim sürücülərin hamısına vergidən məktublar gəlir. Bildirilir ki, neçə illərdir vergi ödəmirik. Ona görə də Vergilər Nazirliyi, Pensiya Fondu bizi məhkəməyə verir».

- «Bunlara qeyri-qanuni ödəniş etməkdən başqa çarəmiz yoxdur. «Binə» Ticarət Mərkəzinə departamentin işçiləri gəlir, onlar yığır. Hər sürücü hər ay mütləq yüz manat verməlidir. Verməsək, nömrələri açırlar, maşınları xəttə buraxmırlar, bizi təhqir edirlər».

DEPARTAMENT FƏRQLƏNMƏ NİŞANINA MƏSULDUR

«Avtonəqliyyatservis» Departamentinin sektor müfəttişi Vidadi Qəhrəmanov deyir ki, departament fərqlənmə nişanlarının verilməsinə məsuldur. O, sürücülərin iddialarını inandırıcı saymır:

«- Nəqliyyat müfəttişi pul ala bilməz. Konkret ad desinlər, fakt araşdırılsın yerində. O qədər başqa-başqa idarə və müəssisələrin adından istifadə edənlər var ki. Nəqliyyat Departamenti vergi ödəniləndən sonra fərqlənmə nişanı verə bilər.

- Bəs, pulu hara ödəyirlər?

«Sərnişindaşıma sahəsində idarəetmə məsələləri çox problemlidir»
- Dövlət büdcəsinə.

- Hansı yolla?

- Bank yolu ilə.

- Sürücülər pulu banka yox, departamentin müfəttişlərinə ödədiklərini bildirirlər. Siz onlara fərqlənmə nişanını hansı ödəniş sənədinə uyğun olaraq verirsiniz?

- Mən Sizin bütün suallarınızı cavablandırdım. Başqa deyiləsi sözüm yoxdur.

ÜÇ İLDİR DÖVLƏT AVTOMOBİL XİDMƏTİ YARADILMIR...

Nəqliyyatçıların ÜmumAzərbaycan İctimai Birliyinin sədri Natiq Ələkbərov hesab edir ki, Azərbaycanda nəqliyyat, sərnişindaşıma sahəsində ciddi problemlər mövcuddur:

«Hər hansı şəkildə bankdan kənar pulun qəbul olunması qanunsuzdur. Ümumilikdə, sərnişindaşıma sahəsində idarəetmə məsələləri çox problemlidir. Bu problemlərin aradan qaldırılması üçün prezidentin fərmanı ilə Dövlət Avtomobil Xidməti yaradılmalı idi. Amma üç ildir bu xidmətin yaradılması yubadılır. Bir ara bildirildi ki, Xidmətin əsasnaməsi artıq Nazirlər Kabinetinə təqdim olunub. Amma hələ də bu sahədə heç bir yenilik yoxdur».

N. Ələkbərov Dövlət Avtomobil Xidməti yaradılarsa, bu sahədə problemlərin həllinə nisbətən təsir edəcəyinə inanır.

NİYƏ?

Prezident İlham Əliyev 2008-ci ildə Dövlət Avtomobil Xidmətinin yaradılması haqda fərman imzalayıb. Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətinə Xidmətin əsasnamə layihəsini, xidmətin strukturu və işçilərinin say həddi ilə bağlı məsələlərə dair təkliflərini prezidentə təqdim etsin. Nəqliyyat Nazirliyinə isə «Avtonəqliyyatservis»in ləğv edilməsi tapşırılıb.

Nəqliyyat Nazirliyindən məsələyə münasibət öyrənə bilmədik.

Nazirlər Kabinetinin mətbuat mərkəzinin rəhbəri Akif Əli isə AzadlıqRadiosuna bildirdi ki, fərmanın icrası ilə bağlı rəsmi məlumat yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG