Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

«Bakı-Astara yolunun uzunluğu 313 kilometrdir. Yolun üstündə 3 yol polisi postu var. Demək olar ki, yol 7 rayonun ərazisindən keçir. Hər rayonun ərazisində də 5-6 yerdə yol polisi durur. Bunlarla işim yoxdur. Sürücüləri ən çox incidən nəqliyyat departamentin işçiləridir. Onlar məni təhqir ediblər».

Bunları AzadlıqRadiosuna Astara rayon sakini İlqar Məmmədov deyir. Onun açıqlamasına görə, ötən il dekabrın 23-də, axşam saatlarında Bakı-Astara yolunun Cəlilabad rayon ərazisindən keçərkən yolda duran bir qrup adam idarə etdiyi «Mercedes» markalı yük maşınını saxlayıb. Onlardan biri ona yaxınlaşaraq Nəqliyyat Departamentinin işçiləri olduğunu deyib:

«Mənə dedilər ki, fərqlənmə nişanının vaxtı bir həftədir ki, keçib. Mən onları başa saldım ki, bu mənim günahım deyil. Fərqlənmə nişanı almaq üçün lazımi yerə müraciət olunub. Yaxın 1-2 gündə nişanı verəcəklər. Onda məndən 30 manat pul tələb etdilər. Mən isə pulum olmadığını dedim. Məni təhqir etdilər, təpik də atdılar. Mən onlara dedim ki, ölkədə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gedir. Siz ölkə prezidentinin korrupsiyaya qarşı apardığı mübarizənin əleyhinə gedirsiniz. Onlar isə dedilər ki, bu yolların prezidenti bizik. Əllərindən qurtulub qaça bildim».

«YERDƏN BİR DAŞ GÖTÜRÜB MAŞININ ÖN ŞÜŞƏSİNƏ ÇIRPDI»

Həmin adamlar İ. Məmmədovu deməsinə görə, ikinci dəfə də saxlayıblar:

«Onlardan biri yerdən bir daş götürüb maşının ön şüşəsinə çırpdı. Şüşə bir neçə yerdən çat verdi. Qorxdum ki, üstümə düşüb döyərlər. Bir lerikli sürücünü də belə döymüşdülər».

İ. Məmmədov deməsinə görə, Göytəpə yol polis postunda duranlara bu barədə məlumat verir və kömək istəyir. Postdan polis şöbəsinə müraciət etməyi məsləhət görürlər. İ. Məmmədov deyir ki, Cəlilabad polis şöbəsində də onun şikayətini dinləyən tapılmayıb:

«3-4 AYDIR Kİ, İŞLƏMİRƏM»

Valeh Həbibov
«Nəhayət, bir rütbəli polis dostuma zəng etdim, dərdimi danışdım. O, rayon polis şöbəsi ilə əlaqə saxlayıb məni dinləməyi xahiş etdi. Məni dinlədilər, dedilər ki, tədbir görüləcək. Tədbir görülmədi. Respublika prokurorluğuna müraciət etdim. Şikayət məktubuma baxılmaq üçün Cəlilabad prokurorluğuna göndərildi. Bu işə baxan müstəntiq Amin Şəkərəliyevin yanında bir neçə dəfə olmuşam. Hər dəfə mənə deyir ki, kim bu işi görübsə, cəzasına çatacaq. Ön şüşənin qiyməti 400-500 manatadır. Sınmış şüşə ilə yola çıxmaq olmur. Yol polisi icazə vermir. 3-4 aydır ki, işləmirəm. Bilmirəm ki, bu məsələnin axırı necə olacaq.»

«MAŞININ NÖMRƏSİNİ DƏ SÖKMƏK İSTƏYİRDİLƏR.»

Lənkəran şəhər sakini, sürücü Valeh Həbibov da deməsinə görə, İ. Məmmədov kimi Nəqliyyat Nazirliyinin işçilərinin qəzəbinə gəlib. O, qeyd edir ki, vergi ödəyicisidir, şəhadətnaməsi var, üstəlik, fərqlənmə nişanı da alıb:

«Buna baxmayaraq, bizdən əlavə pul istəyirlər. Mən Qaradağdan rayonlara mişar daşı aparıb satıram. Hər dəfə departamentin işçiləri bizdən 10 manat pul köçürülməsini tələb edirlər. Bilinmir ki, bu pul hansı qanunla alınır. Bir dəfə pulun verilməsinə etiraz etdim. Yolda məni saxladılar, istədilər ki, döysünlər. Maşına daş atdılar, daş ön şüşəyə dəydi. İndi də yeri qalıb. Maşının nömrəsini də sökmək istəyirdilər. Bizi saxlayan kimi 2 manat pul veririk, artıq bu qanun halını alıb. Yollarda özbaşınalıqdır. Bizi soyurlar. Əvvəllər hər yükdən evə 50-60 manat pul aparırdımsa, indi 20-25 manat aparıram».

«KİMSƏ QANUNU POZURSA, CƏZASINI ALIR»

Cəlilabad şəhər «13 saylı Regional Nəqliyyat» MMC-nin rəisi Namiq Kərimov deyilənlərlə razılaşmır:

«Onlardan biri yerdən bir daş götürüb maşının ön şüşəsinə çırpdı. Şüşə bir neçə yerdən çat verdi»
«Qanunsuz hərəkətlərə yol verən işçilər barəsində dərhal tədbir görülür. İlqar Məmmədovun şikayəti ilə bağlı bir işçi işdən azad olunub. Belə hadisə birinci dəfə idi ki, baş verirdi. Cəmiyyətin işçiləri təlimatlar əsasında hərəkət edirlər .Kimsə qanunu pozursa, cəzasını alır. Kiminsə narazılığı varsa, bizə şikayət etsin, yoxlayaq».

Cəlilabad rayon Prokurorluğunun müstəntiqi A. Şəkərəliyev də İ. Məmmədovun şikayəti əsasında yoxlamalar aparıldığını söylədi:

«ƏRİZƏDƏ QEYD EDİLƏNLƏR SÜBUT OLUNMADI»

«Ərizədə qeyd edilənlər sübut olunmadı. Buna görə də iş bağlandı. Qalan məsələlər məhkəməlikdir. Şikayətçi zərərin ödənməsi üçün məhkəməyə müraciət edə bilər».

Halbuki, Cəlilabad şəhər «13 saylı Regional Nəqliyyat» MMC-nin rəisi N. Kərimov qanunu pozan işçinin cəzalandırıldığını deyir.

Sabiq yol polisi zabiti Fətulla Qurbanov deyir ki, heç kim nəqliyyat vasitəsinin dövlət nömrə nişanını sökməyə ixtiyarı yoxdur:

«Bu, ancaq məhkəmənin qərarı ilə mümkündür. Digər tərəfdən, Nəqliyyat Departamentinin işçiləri özlərini yol polisi kimi aparırlar. İstənilən yerdə dururlar, maşınların hərəkətini pozurlar. Halbuki, müəyyən edilmiş yerlərdə durmalıdırlar. Bunun üçün məntəqələr olmalıdır. Sürücünün yük sənədləri yoxlanılmalı, qanunu pozanlar cərimə edilməli və dərhal yola salınmalıdır. Lakin məntəqələrin önündə həmişə çoxlu nəqliyyat vasitələri durur.»

«AZƏRBAYCANDA YOLLAR BÖLÜNÜB»

F. Qurbanovun dediyinə görə, Azərbaycanın rayonları oliqarxların arasında bölüşdürüldüyü kimi, yollar da bölünüb.

Şərhləri göstər

XS
SM
MD
LG