Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:17

Virtual etirazların real həbsləri


Martın 11-də bir qrup gənc «11 mart- Böyük Xalıq Günü» şüarı altında paytaxt Bakının bir neçə yerində etiraz aksiyası keçiriblər. Aksiyaya ilk cəhd günorta saatlarında metronun «28 may» stansiyası qarşısında olub. Amma etiraz şüarları səsləndirməyə cəhd edən gəncləri polislər dərhal Post Patrul Xidməti maşınlarına mindirərək Nəsimi rayon polis idarəsinin müxtəlif şöbələrinə aparılıblar. Bu zaman polislərə mülki geyimli şəxslər də kömək edib.

Bir qədər sonra ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev və daha bir neçə gənc fəal aksiyanı Neft Akademiyasının qarşısında davam etdirməyə cəhd edib. Amma bu cəhdin də qarşısını polis və mülki geyimlilər alıb. Gənc fəalın əlindəki «Azad ol!» yazılmış plakat cırılıb. Cəmil Hacıyevi polis və mülki geyimlilər bir dəfə tutub buraxsalar da sonradan köməyə gələn mülki geyimli şəxslər onu yenidən tutub polis maşınına mindiriblər.

«AKSİYA BİTİB, DAĞILIŞA BİLƏRSİNİZ»

Metronun 28 may stansiyası və Neft Akademiyası qarşısındakı keçirilən aksiya zamanı saxlanılanlar PPX maşınları ilə müxtəlif istiqamətlərə aparılsa da ərazidə olan Nəsimi rayon polis idarəsinin rəis müavini Muxtar Muxtarov nə qədər adam saxlandığı barədə jurnalistlərin suallardan yayınıb.

«Heç bir şey deyə bilmərik. Mən əgər hadisələrin içərisində deyiləmsə, bu barədə nə deyə bilərəm ki, əgər kimsə saxlanılıbsa, araşdırma aparıb buraxacaqlar».

Amma bir qədər sonra ərazidə olan Nəsimi rayon polis idarəsinin rəisi Məmməd Mikayılov bildirib ki, aksiya icazəsiz olduğundan onun qarşısı alınıb və 10 nəfər də saxlanılıb.

«Məsələ bəllidir, qeyri-qanuni aksiya idi, bununla bağlı lazımı tədbirlər görülüb və görüləcək. Artıq aksiya başa çatıb. 10 nəfər də saxlanılıb».

Polis rəisinin çıxışından bir neçə dəqiqə sonra daha bir neçə nəfər saxlanılaraq polis bölmələrinə aparıldı.

Polis rəisinin aksiyanı bitmiş elan etməsi barədə dedikləri jurnalistlərin gülüşünə səbəb oldu.

Jurnalistlərdən biri «Məmməd müəllim bəyəm aksiyanı siz təşkil eləmişdiz ki, onu bitmiş elan edirsiz?» deyə soruşdu.

«MƏNİ BU REJİM QANE EDİR»

Əşrəf Qəmbərli
Gəncləri saxlamaqda polislərə kömək edən mülki geyimli şəxslərdən biri isə aksiyalara ehtiyac olmadığını bildirib, hakimiyyətin siyasətinin dəstəklədiyini bəyan edirdi.
«Adım Əşrəf Qəmbərlidir. Məni bu rejim qane edir, xoşum gəlmir rejimdən, Heç 1993-cü ildə Bakıda belə hündür binalar görmüşdün? 1992-93-cü ildə nə bina var idi Azərbaycanda? (Əlini metronun 28 may stansiyası yaxınlığındakı çoxmərtəbəli binalara tutur) Bu ölkədəki əmin- amanlıq, hər nə görürsənsə məni qane edir. Bax gör nə gözəl inkişaf var».

«DESƏYDİLƏR BU GÜN ƏLİYEV GÜNÜDÜR...»

Aksiya iştirakçıları arasında olan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə gənclərin «Böyük Xalq Günü» kampaniyası keçirməklə hər hansı qanun pozuntusuna yol vermədiyini bildirdi.

«Gəncləri saxlamaqla hərəkatın qarşısını almaq olmaz. Bu demokratiyanı boğmaqdır. Camaat nə deyir, deyirlər xalq Günü olsun, bəyəm bu pisdir? Desəydilər bu gün Əliyev günüdür, hamısı qoşulacaqdı. Mən çox şadam. Mən təşəkkür edirəm, polislərə, «KQB» əməkdaşlarına, hamısı «Xalq Günü»nə qoşulublar».

Mirvari Qəhrəmanlı
Daha sonra bir qrup, əsasən qızlardan ibarət olan gənc fəallar aksiyanı Nizami küçəsində davam etdiriblər. Gənclər «Azadlıq», «İstefa» şuraları ilə «MakDonalds» restoranı qarşısından Milli Bankın keçmiş binasına doğru yürüşə başladılar. Bu zaman Səbael polisi onları bir neçə dəfə tutub saxlamağa cəhd eləsə də gənclər öz yoldaşlarını polislərin əlindən alıblar. Bundan sonra gənclər qaçaraq «İstefa» şüarları səsləndiriblər. Polislərin yenidən onları saxlamaq cəhdləri isə alınmayıb.

«HƏBSDƏKİLƏRƏ AZADLIQ!»

Daha sonra bir qrup jurnalist polislərin yaratdığı kordon qarşısında duraraq həbsdə olan gənclər və jurnalist Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı şüarlar səsləndiriblər. «Eynullaya azadlıq!, Gənclərə azadlıq!, Bəxtiyara azadlıq!» şüarları səsləndiriblər.

Bu şüarları səsləndirən dörd jurnalist polis maşınlarına mindirilib aparılsa da bir neçə dəqiqə sonra onlar sərbəst buraxıldılar.

Amma aksiya bununla da bitmədi. Gənclər yeraltı keçidlərdə də «Azadlıq, «İstefa» şüarları səsləndirməklə aksiyanı davam etdirdilər. Əl-ələ tutaraq Nizami küçəsi ilə irəliləyən gənclər «Yumurta!» deyə qışqırmağa başladılar. Amma bu dəfə polisləri aksiyanın qarşısını almağa cəhd göstərmədilər.

«Opera və Balet» teatrı qarşısında Vətəndaş Həmrəyli Partiyası Gənclər Təşkilatının sədri Samir Əsədli aksiyanın indilik bitdiyini elan elədi. Amma bu kimi aksiyalara davamlı olacağını bildirdi:

«Hesab edirik gənclərin ölkəni titrədən aksiyası baş tutmuş hesab olunur. Bu aksiyaya 4 mindən artıq gənc qoşulacaqdı, amma polisin və rektorların təzyiqi buna imkan vermədi, amma bu aksiyalar davamlı olacaq».

70 YAŞLI AĞSAQQALIN GƏNCLƏRƏ TƏKLİFİ

Aksiyasını izləyən 70 yaşlı bir şəhər sakini isə gənclərə səslənərək mitinqlərə ehtiyac olmadığını bildirdi. Amma onun bu fikrinə etiraz edən gənclər həmin şəxsi nə qədər təqaüd alması, necə dolanması ilə bağlı sorğu- suala tutdular. Bir qədər davam edən sorğu-sualdan sonra həmin şəxs xeyli problemlərin olduğunu etiraf elədi və gənclərdən uzaqlaşdı.
XS
SM
MD
LG