Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:04
Gənc fəallarla bağlı bu ayın əvvəlindən başlamış saxlanma və dindirmələr martın 9-da da davam edib. Bu gənclər əsasən «Facebook» sosial şəbəkəsində «11 mart-Böyük Xalq Günü» kampaniyası ilə bağlı fəallıq göstərənlərdir.

MAQNİTOFONLARI KİM OĞURLAYIR?


«NİDA» Vətəndaş Hərəkatının üzvü Orxan Bayramov polisdə dindiriləndən sonra buraxılıb. Gənc fəal Fuad Hacıyev isə 11 martla bağlı şüar yazılmış köynəkləri mətbəədən götürərkən naməlum adamlar tərəfindən saxlanılıb.

Polisdə dindirilən Orxan Bayramovun AzadlıqRadiosuna verdiyi məlumata görə, ötən gecə saat 2 radələrində dostu ilə birlikdə saxlanıb. Onları Nərimanov rayon 18-ci polis bölməsinə aparıblar. Onları harada yaşamaları, nə işlə məşğul olmaları ilə bağlı sorğu-sual ediblər:

«Bizə dedilər ki, bu xəbərdarlıq niyyəti ilə tutmadır. Sorğu-sualda harada oxumağımız, nə işlə məşğul olmağımız, kimliyimiz, harada yaşamağımız haqqında soruşurdular. Suallardan sonra dedilər ki, ağıllı olun. Onların nəyi nəzərdə tutduqlarını bilmədim. Tanımadığım, heç vaxt görmədiyim insan gecə vaxtı polis formasında gəlib mənə deyir, ağıllı ol. Sonra sözlə təzyiqlər oldu. Qolumuzdan tutub itələyirdilər. Səhərə yaxın buraxıldıq. Ondan sonra polis təqibləri var. Evin qabağında, yolda izləndiyimi hiss edirəm».

18-ci polis bölməsindən isə gənclərin bu dediklərini nə təsdiq, nə də təkzib edirlər. Oradan bildiriblər ki, ötən gecə Nərimanov rayonu ərazisində bir neçə avtomobildən maqnitofon oğurlandığı üçün ola bilər, kimlərsə bölməyə gətirilib. Amma həmin şəxslərin kimliyi barədə heç nə deyilməyib.

120 KÖYNƏYİ KİM CIRIB?

Başqa bir gənc fəal Fuad Hacıyev deyir ki, dostu ilə birlikdə üzərində 11 martla bağlı şüarlar yazılmış köynəkləri mətbəədən götürüb aparanda, tanımadıqları adamlar onları saxlayıb. Onları ağ rəngli «Niva» markalı maşına mindirib Binəqədiyə, böyük bir həyət evinə aparıblar:

«Bizi bir həyətə apardılar. Sinəsinə «Tələbə, fəhlə, polis, zabit, siyasətçi, jurnalist, nə olursan ol, azad ol - 11 Mart Böyük Xalq günü» yazılmış 120 köynəyin hamısını cırdılar. Özləri də bizi söyürdülər. Yanımdakı Famil adlı oğlana yumruq vururdular. Bizdən boş kağıza qol çəkməyimizi istəyirdilər.
Polis icazəsiz aksiyaların qarşısının alınması üçün bütün imkanlardan istifadə edəcəyini bildirir
Onlar hamısı mülki geyimdə idilər».

Fuad Hacıyev deyir ki, onlar qol çəkməkdən imtina ediblər və bir neçə saatdan sonra onları buraxıblar.

DİN-DƏN DÖVLƏTƏ SADİQLİK YAZISI

Daxili İşlər Nazirliyi isə martın 10-da internet səhifəsində «Problem cəmiyyətimizdə deyil, cənab «bəylər», sizin xislətinizdədir» başlıqlı bəyanat yerləşdirib.

Nazirlik etiraz aksiyalarına çağıranları xarici mərkəzlərə işləməkdə ittiham edib. DİN hesab edir ki, bu qüvvələr Azərbaycana «rəngli inqilablar» idxal etməyə cəhd göstərirlər:

«İndi Şimali Afrikada baş verən proseslərdən yararlanmağa çalışan belə avantüristlər ətraflarında dolanan bir qrup gəncimizi şəxsi ambisiyalarının aləti kimi istifadə etməyə səy göstərirlər. Amma unudurlar ki, əsl Azərbaycan gəncliyi belə avantüralara uyan deyil».

Polis icazəsiz aksiyaların qarşısının alınması üçün bütün imkanlardan istifadə edəcəyini də bildirib:

«Bunu heç kim, həmçinin Azərbaycan polisinə ünvanlanmış «şanlı» müraciətin müəllifləri də unutmasınlar».

POLİS ADİ REJİMDƏ İŞLƏYƏCƏK

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə də bildirir ki, martın 11-də polis gücləndirilmiş rejimdə işləməyəcək. O deyir ki, polisin icazəsiz aksiyaların qarşısını almağa yetərincə gücü var.

YAP-ın icra katibi Əli Əhmədov isə sosial şəbəkələrdə 11 martla bağlı çağırışlara münasibətini bildirərkən bunları deyib:

Hikmət Hacızadə
«Müxalifət partiyaları və onların nəzarətində olan gənclər, xüsusilə Azərbaycandan kənarda olan ayrı-ayrı qruplarla əlaqəsi olan gənclər sosial şəbəkədən istifadə edərək müəyyən çağırışlar edir, müəyyən təxribatçı ideyalar ortaya atırlar. Birmənalı şəkildə bildirmək istəyirəm ki, Azərbaycan gəncləri bu ideyaları dəstəkləmək istəmir».

«MƏQSƏD QORXU YARATMAQDIR»


«FAR» iqtisadi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Hikmət Hacızadə isə düşünür ki, son vaxtlar gənc fəallar ətrafında baş verənlər qanunsuzdur, Daxili İşlər Nazirliyinin bəyanatı isə qorxu yaratmaq üçün yayılıb:

«Məqsəd qorxu yaymaqdır. Qorxu yaymağın da axırı olmadı. Bizə oxşayan ölkələrdə bunu gördük. Oradakı polislər bizimkilərdən yumşaq deyildi. Hadisə baş verməmiş, heç bir cinayət törətməmiş gəncləri tuturlar. Gənclərin mitinq eləməyə də, öz sözlərini deməyə də haqları var. Bu haqlar inkar edilir. Gənclər heç bu hərəkətləri etməmiş onları tuturlar. Xalqla dil tapmaq, gənclərə qulaq asmaq, ölkədə ədalət yaratmaq lazımdır. Yoxsa bu cür çıxışlarla, camaatı tutub içəri salmaqla alınmır».

«Freedom House» təşkilatı isə sosial şəbəkələrdə fəal olan gənclərin həbsindən narahatlığını bildirib. Təşkilatın martın 9-da yaydığı məlumatda Azərbaycan hökumətinə müraciət olunur ki, 11 martda keçirilməsi üçün elan edilən etirazlara tolerant yanaşsın.

«Freedom House»un icraçı direktoru David J. Kramer bildirib ki, yaxın iki gündə fəalların təqibi təkcə beynəlxalq tənqidlərlə qarşılamayacaq, həm də sosial narazılığı artıracaq:

«Daha çox həbslər olması və ya ifadə azadlığına qarşı təzyiqlər Azərbaycan hakimiyyətinin güclülüyündən yox, zəifliyindən xəbər verəcək».

Şərhləri göstər

XS
SM
MD
LG