Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 09:20

Korrupsiyaya qarşı mübarizənin effekti


- Çox gözəl, hər yerdə belə olsa nə var ki? Xalam öz avtomobilini sürməyi mənə həvalə edib. Etibarnamə aldım. Rüsum 5 manat 75 qəpikdir. Nə idisə onu da ödədim, bax bu da qaytarılan xırda pul.

Əli Məmmədovla Bakının Yasamal rayonundakı 5 saylı notariat kontorundan çıxanda görüşdük. Sənədə möhür vurdurmaq üçün Dövlət Yol Polisinə tələsirdi.

“Burdan çıxıb gedirəm Yol Polisinə görək orda nə olur. Hələ bilinmir”

“Görək orda nə olur,” deyib bizdən uzaqlaşan Əli Məmmədovu Yol Polisində təəccübləndirən vəziyyətin olub- olmaması barədə bir qədər sonra.

Notariat kontorundan çıxanda məmnun görünən təkcə Əli Məmmədov deyildi, digər adamlar da vəziyyətin qısa müddət ərzində belə nəticə verməsinə müsbət baxdıqlarını deyirdilər.

Notariat kontoru qarşısında olduğumuz müddətdə bir nəfər isə bildirdi ki, şəxsiyyət vəsiqəsinin surətinin notarial təsdiqinə görə ondan 50 qəpik pul alıblar. Halbuki divardan asılan lövhədə buna görə, dövlət rüsumunun 25 qəpik olduğu yazılmışdı.

-Şəxsiyyət vəsiqəsinin surətinin təsdiqlətdirirdim, divarda yazılıb 25 qəpik, amma məndən 50 qəpik aldılar. Əvvəl lap pis idi. Misal üçün Nərimanov rayonunda iki həftə əvvəl sənəd təsdiqi üçün məndən bir manat almışdılar.”

5 saylı Notariat Kontorun notariusu Elmar Kərimov isə adamlardan rüsumdan artıq pul alınmasını təkzib elədi.

“Ümumiyyətlə hər hansı bir sənədin surətinin təsdiqi üçün 25 qəpik dövlət rüsumu ödənilir, 25 qəpik də xidmət haqqıdır”

“ALLAH ELƏMƏSİN AXIRA QƏDƏR OLMASIN”


Salyanda fəaliyyət göstərən hüquq müdafiəçisi Emil Məmmədov da son bir neçə ayla müqayisədə vəziyyətin müsbət yöndə dəyişdiyini deyir. Onun sözlərinə görə, əvvəllər ödədikləri məbləğə görə, notariat kontorlarından qəbz almaq müşkül məsələ idisə indi heç tələb olunmadan rüsum ödəyən şəxsə təqdim edilir.

“Hələlik yoxdur, Allah eləsin, axıra qədər olmasın. Bizim məqsədimiz odur ki, rüşvət olmasın, kiminsə haqqın-hüququn pozub nəyinsə müqabilində başqasına verməsinlər.”

KORRUPSİYANIN YERİNİ BÜROKRATİYA ƏVƏZLƏYİB

“Aran” İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əlibəy Zeynalov isə deyir ki, yanvarın sonunda korrupsiyaya qarşı mübarizə başlanandan sonra bəzi qurumlar taktikanı dəyişib. Onun sözlərinə görə, indi bölgələrdə korrupsiyanı, rüşvəti bürokratiya əvəzləməkdədir. Hüquq müdafiəçisi deyir ki, əvvəllər vətəndaşdan rüşvət alıb bütün işləri tez bir zamanda görən qurumlar indi vəziyyətin mürəkkəbliyini görüb başqa üsulla işləməyə başlayıblar.

“İndi rüşvət almırlar, ya da alırlarsa da bu gizlində baş verir. İndi daha çox bürokratik əngəllər yaradılır. Misal üçün Daşınmaz Əmlakın Dövlət reyestri Şirvan Ərazi İdarəsində adamlardan əlavə sənədlər istənilir, onlar müxtəlif yerlərə göndərilir. Yəni vətəndaşı elə bir labirintə salırlar ki, vətəndaş məcbur olub ya onların dediyini verir, ya da başladığı işi təxirə salır ”.

“BİR KAĞIZA GÖRƏ NECƏ SƏNƏD VERMƏK OLAR?”

Yasamal rayonu. 5 saylı Notariat kontoru
Daşınmaz Əmlakın Dövlət Reyestri Şirvan Ərazi İdarəsinin nümayəndəsi Cəmilə Abbasova isə deyir ki, bir sənədlə nəyi isə özəlləşdirmək mümkün deyil. O, adamlardan çoxsaylı sənədlər tələb edilməsini təbii sayır.

“Sənədlər hamısı qaydasında olmalıdır ki, ona reyestrdən sənəd verilsin. Burda torpağın sənədi də olmalıdır, Mənzil İstismar Sahəsinin sənədləri də olmalıdır. Bir vərəqlə o sənədlər registrasiya oluna bilməz axı. Ona görə, vətəndaşlar torpaq komitəsinə, bələdiyyəyə göndərirlər ki, gedin sənədləri tamamlayın”.

“ƏVVƏLLƏR VƏTƏNDAŞDAN RÜŞVƏT ALINIRDI, ONU HEÇ YERƏ GÖNDƏRMİRDİLƏR”

Hüquq müdafiəçisi Əlibəy Zeynalova görə, elə məsələ ondadır ki, əvvəllər vətəndaşlardan rüşvət alındığından onları sənəd dalınca harasa göndərmirdilər. Hüquq müdafiəçisi hesab edir ki, əgər ölkədə korrupsiyaya qarşı mübarizə aparılırsa, bu, bürokratiyanın əvəzlənməsi ilə müşaiyət olunmamalıdır.

Notariat Kontorundan Dövlət Yol Polisinə tələsən Əli Məmmədovun günün sonunda AzadlıqRadiosuna dediyinə görə, notariusdakı təəccüb və sevinci uzun sürməyib. Deyir yol polisində etibarnaməyə möhür vurulmasına görə, ondan elə əvvəllər olduğu kimi 20 manat pul alınıb. Özü də heç bir qəbz-filan verilmədən:

“Yenə də köhnə hamam, köhnə tasdır, heç nə dəyişməyib.”

Dövlət Yol Polisində isə deyilənlərin yalan olduğunu bildirdilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG