Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:47

"Pasternak müzakirəsinə" Mahir Qarayev də qoşuldu


Mahir Qarayev
Bu günlərdə şair, tərcüməçi Səlim Babullaoğlunun Nobel mükafatlı rus şairi Boris Pasternakdan çevirmələri kitab şəklində çap edildi. Jurnalist Ceyhun Musaoğlu "Ədalət" qəzetində S.Babullaoğlunun tərcümələrini sərt tənqid etdi. Tərcüməçi isə buna "Oxu zalı"nda cavab verdi. Başqa bir tərcüməçi Mahir Qarayev də "Oxu zalı"na göndərdiyi bu məqalə ilə diskussiyaya qouşub.




Mahir N. Qarayev

BİR TƏRCÜMƏNİN «TARİXÇƏSİ», yaxud
FEVRAL GÜNLƏRİNİN «QIŞ GECƏSİ»


Təxminən bir ay öncə, Sevinc Çılğının şeirlər toplusunun təqdimat mərasimində Səlim Babullaoğlu mənə yaxınlaşdı və şad bir xəbər verdi: Pasternakın şeirlərini çevirimişəm, səni kiitabın təqdimat mərasiminə dəvət edirəm.

Kənara çəkilib Pasternakla bağlı bir az söhbət elədik.


"Sözümü səmimi qəbul elə: qətiyyən şübhə etmirəm ki, sənin hazırkı tərcümən xeyli oxucunun xoşuna gəlib (və gələcək), kimlərinsə də xoşuna gəlməyib (və gəlməyəcək). Mənimki də o cür. İndiyəcən təxminən on nəfərin mənim tərcüməmi bəyəndiyini, dörd nəfərin isə bəyənmədiyini şəxsən eşitmişəm. Bu, təbiidir. Elə sənin bu şeri tərcümə etmək fikrinə düşməyin ən azı həm də ona sübutdur ki, mənim (və bu şeri tərcümə etmiş digər tərcüməçilərin) tərcüməsi səni tam qane etməyib..."
Səlimlə az-az görüşsək də, bir-birimizin «fəaliyyətindən» xəbərdarıq və Pasternakın «Qış gecəsi» şeirini vaxtilə mənim də tərcümə etdiyimi Səlim bilir.

Mən Pasternakın tərcüməçisi deyiləm, yalnız bircə şeirini çevirmişəm və Səlim həmin şeiri məndən (həm də digər tərcüməçilərdən) fərqli olaraq, dəqiq «ölçüsündə» çevirdiyini, bunu bacara bildiyini söyləyib məni əməlli-başlı maraqlandırdı.

O mənada ki, forma baxımından «məxsusi» olan bu şeiri öz ölçüsündə çevirməyə mən də cəhd etmişdim, amma alınmamışdı.

Söz verdim ki, təqdimat mərasimində mütləq iştirak edəcəm və tərcümə mətnlərimizi tutuşdurandan sonra bu barədə bir yazı da yazacam. Razılaşdıq.

Evə gələndən sonra bir daha öz variantıma göz yetirdim, bir daha (Səlimin dediyi kimi) bəndlərin tək misralarını 8-liyə, cüt misralarını 5-liyə sığışdırmağa (mənim variantımda tək misralar 11-liklə, cüt misralar 5-liklə verilib) cəhd etdim, amma axırda bir daha əmin oldum ki, bu, sadəcə mümkün deyil.

Və səbrsizliklə fevralın 9-nu gözləyib, Səlimin bu «müşkülü» necə asan elədiyini öz gözümlə görmək istədim.

Gördüklərim barədə qənaətlərimi (birbaşa Səlimə xitabən) aşağıda ətraflı söyləyəcəm, hələliksə qısa bir haşiyə çıxmaq istərdim.

Yazıçılar Birliyindəki təqdimat mərasimində qısa bir çıxış yapıb,

Azərbaycanda nəhayət ki, Pasternakın ilk kitabçasının nəşri münasibətilə bu işi araya-ərsəyə gətirənlərə minnətdarlığımı və ən azı yüz oxucunun, dinləyicinin ilin-günün bu çağında Pasternak şamının işığına yığışmasınıa sevindiyimi bildirdim.

Eyni sözü «Azadlıq» radiosuna bildirmək istəyirəm ki, hazırda Pasternakın əl boyda kitabçası barədə müzakirələr açılıb.

Kimin nə deməsindən, necə yazmasından, hansı rəyi bildirməsindən asılı olmayaraq, Pasternakın adı fevralın 9-dan bəri hallanmağa başlayıbsa, necə deyərlər, gündəmə gəlibsə, hesab edirəm ki, buna yalnız sevinmək lazımdır.

Və Səlimə ən azı ona görə «sağ ol» düşür ki, Pasternakı təkcə çevirməklə, kitabını nəşr etməklə, təqdimat mərasimi keçirməklə kifayətlənmir, həm də çevirdiyi əsərləri təhlil edir və beləliklə geniş müzakirələrə yol açılır.

Bu çox yaxşı hal, yaxşı cəhətdir. Bu cəhəti xüsusi vurğulamağımın səbəbi var.

Hazırda təqdirəlayiq bir iş icra edilməkdədir – 150 cildlik dünya ədəbi inciləri tərcümə və nəşr olunur.

Bu işlə böyük bir «ordu» məşğul olur (elə mən özüm də redaktorlardan biriyəm) və iki ilin ərzində artıq nəfis tərtibatlı 50-yə yaxın kitab işıq üzü görüb. Adlar (elə Pasternakın adı kimi) göz və könül oxşayır:

Bulqakov, Platonov, Tolstoy, Markeç, Selincer, Henrix Böll, Kafka, Heminquey, Moem və sairə və ilaxır.

Amma saytlarda, qəzetlərdə ən yaxşı halda qısa və quru bir informasiya ilə rastlaşırıq: filan yazıçının filan kitabı Azərbaycan dilində nəşr olundu. Vəssalam.

Bir yazımda qeyd etmişdim ki, hazırda cavanlarımız sanki roman yarışına çıxıblar, müzakirələr də bütün qəzet-jurnalları, bütün saytları başına götürüb.

Eyni şəkilləri, eyni simaları gündə neçə saytda və nə qədər görmək olar? Bax elə bu səbəbdən, Səlimin tərtib və nəşr etdiyi kitabdan sonra Pasternakın «gündəmə gəlməsi» həqiqətən təqdirəlayiq haldır.

Qoy cavanlar inciməsin, hazırda onların saytlardakı yerini daraldan Pasternakın azərbaycanca şeirləri, haqıındakı müzakirələr, lap elə şəkilləri də daha çox elə o cavanlara (Səlim rus dilini yaxşı bilir) lazımdır. Nə isə...

***

Almanların «hər cür müqayisə qüsurludur» deyimini göz önünə alıb bəribaşdan demək zorundayam ki, hərçənd mənim aparcağım müqayisə də qüsurlardan xali olmayacaq.

Əvvəla, qeyd edim ki, Səlim Pasternakın bir çox şeirlərini (o cümlədən, hər iki «Maqdalina»nı) çevirib, amma nədənıə müzakirə tək bir şeirin («Qış gecəsi») əsasında gedir.

Bu mənim işimi bir qədər asanlaşdırsa da (mən məhz bu şeiri çevirdiyim üçün), amma yaxşı olardı ki, kitabdakı digər tərcümələr də müzakirə mövzusuna çevrilsin.

Bədii tərcümənin çox çətin və haqqı çox az ödənilən bir peşə olması mənim sözüm deyil, hardasa oxumuşam və oxuduğumun həqiqət olduğunu Azərbaycanda hər addımda müşahidə etməkdəyəm.

Həmişə belə olub, şəxsən mən (yəqin elə Səlim də) həmişə belə görmüşəm və yəqin həmişə də belə olacaq.

Bununla belə, əzizim Səlim (ciddi yaş fərqimiz olmadığı üçün «bəysiz-müəllimsiz» xitaba oxucuların irad tutmayacağı gümanındayam), bir dəfə yazmışdım ki, tərcüməçilik çətin olduğu qədər də şərəfli (və hətta şöhrətli) bir işdir. Axı kim istəməz ki, onu Puşkinin, Bayronun, Gölderlinin, Bodlerin, Rilkenin, Axmatovanın… tərcüməçisi kimi tanısınlar!

Demək istəmirəm ki, biz məhz şərəf və şöhrət üçün çeviririk, amma hətta lap belə olsa da, şəxsən mən burda bir qəbahət görmürəm – 500 səhifəlik sarsaq bir romanın müəllifi olmaqdansa, mənimçün, tutaq ki, Mandelştamın 5 bəndlik bir şerinin tərcüməçisi kimi tanınmaq daha xoş olardı.

Uzağa getməyək, yəqin sən də fərqindəsən ki, Pasternakın haqqında söhbət gedən 8 bəndlik şerini Azərbaycan dilinə neçə adam çevirib.

Mən biləni, bu şeiri hələ lap çoxdan, səhv etmirəmsə, 90-cı illərdə Zahid Sarıtorpaq tərcümə etmişdi.

Səlim Babullaoğlu
Sonra adını unutduğum daha bir müəllif. Sənə daha üç-dörd tərcüməçinin adı bəllidir.

Bu sırada sonuncu hələlik özünsən, amma yeni tərcümə mətnlərinin də ortaya çıxacağı yəqin ki, istisna deyil.

Keçək mətnə. Deyəsən Hötenin sözüdür ki, tərcümə gözəldirsə dəqiq deyil, dəqiqdirsə gözəl deyil. Poetik tərcümə haqqında heç də pis tərif deyil.

Və mənim fikrimcə, əsl tərcüməçilər məhz ona çalışmalıdırlar (və çalışırlar) ki, ortaq məxrəci tapa bilsinlər – dəqiqliyə riayət etməklə ortaya əslinə tam uyğun olan gözəl səslənişli mətn qoysunlar.

Yaxud, bir dildəki gözəl mətni digər dilə bütün gözəlliyi ilə çevirsinlər, həm də bu vaxt mətnin əslinə maksimum «sadiq» qalsınlar, mümkün qədər az itkiyə yol versinlər.

Əlbəttə, kənarda durub tövsiyə vermək, yol göstərmək asan işdir, amma bu işin həqiqətən zülüm bir iş olduğunu peşəkarlar (o cümlədən sən) bilərsən. Elə bu mətndə sənin nə qədər zora düşdüyünü mən öz təcrübəmdən bilirəm, çünki həmin mətndən söz-söz keçmişəm.

İki il öncə bir müsahibədə demişdim: «Pasternakın «Qış gecəsi»ni çevirənəcən anadan əmdiyim süd burnumdan gəldi...»

Sənin müsahibəni oxudum, bu müsahibədə sən şeirin geniş təhlilini, sözlərin izahını vermisən, hərfi tərcüməyə toxunmusan və s.

Kitabın təzə çıxıb, sən hazırda o mətnlərin içərisindəsən və «isti» təhlillərin məni bir daha şerin üzəində işlədiyim o vaxtkı «çətin və xoş» anlara qaytardı.

Bir daha onu da gördüm ki, sən çox çətin (amma çox da doğru!) bir cəhddə bulunmusan – mətnin əslinə tam dəqiqliyi ilə sadiq qalmağa çalışmısan.

Bu, cəhd kimi təqdirəlayiqdir, amma nəticə... təəssüf ki, məni tam qane etmədi.

Ona görə bu aralıqda təsadüfən görüşərkən sənə ilk sualım bu oldu: çevirdiyin mətn şəxsən sənin özünü qane etdimi?

Sən öz təqdirəlayiq cəhdində sanki bir qədər də inadkarlığa varmısan. Bu hiss də mənə tanışdır:

Yeseninin məxsusi formalı «Şahanə…» şeirini öz formasında çevirmək cəhdlərim hər dəfə boşa çıxır, nə qədər inad göstərsəm də tərcümə Yeseninin yaratdığı məlum «qəlibə» sığmır ki, sığmır!

Sözümü səmimi qəbul elə: qətiyyən şübhə etmirəm ki, sənin hazırkı tərcümən xeyli oxucunun xoşuna gəlib (və gələcək), kimlərinsə də xoşuna gəlməyib (və gəlməyəcək). Mənimki də o cür. İndiyəcən təxminən on nəfərin mənim tərcüməmi bəyəndiyini, dörd nəfərin isə bəyənmədiyini şəxsən eşitmişəm.

Bu, təbiidir. Elə sənin bu şeri tərcümə etmək fikrinə düşməyin ən azı həm də ona sübutdur ki, mənim (və bu şeri tərcümə etmiş digər tərcüməçilərin) tərcüməsi səni tam qane etməyib (və sən də öz variantını ortaya qoymusan).

Məsələn, mən vaxtilə Yeseninin «Qara adam» şerinin tərcüməsinə böyük həvəslə girişmişdim, bu işə xeyli vaxt sərf etmişdim.

Bir neçə il öncə Ramiz Rövşən həmin şeri mənim arzuladığım şəkildə çevirdi və məni də bu «əzabdan» biryolluq qurtardı. Amma kim bilir, mümkündür ki, hansı tərcüməçisə heç buna da qane olmayıb öz variantını ortaya qoysun.

Bir daha deyirəm, sənin cəhdin (bəlkə də inadın!) anlaşılandır, amma istək ayrı, gerçəklik ayrı.

Gerçəklik (görünən) odur ki, sənin mətnin şeirin originalına nisbətdə bir qədər quru və «cansız» alınıb.

Konkret misallara keçək.

1-ci bənd haqqında sən öz müsahibəndə təxminən belə deyirsən ki, mətnin əslində birbaşa adı çəkilməyən, amma məna qatında «gizlənən» külək, sovurmaq, axşam... kimi sözlər var.

Boris Pasternak
Tamamilə doğrudur. Bax elə mən də öz tərcüməmdə həmin sözlərdən istifadə etmişəm:

Külək sovururdu, şırımlayırdı
Qarı bu axşam.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.


Özün isə nəyə görəsə o sözlərdən yan ötmüsən:

Lopa-lopa bütün dünya,
Künc-bucaq qardı.
Yanırdı bir şam masada,
Bir şam yanırdı.


2-ci bəndin tərcüməsi hər ikimizdə oxşar alınıb:

Yay günü mığmığa, hünü topası
Oda cumantək,
Sovurub çırpırdı qar lopasını
Şüşəyə külək.

Mığmığalar yay gələndə
Cuman tək oda.
Çırpılırdı çəngə-çəngə
Çöldə cama qar.

Oxşar alınıb, bir fərqlə ki, səndə son misra anlaşılmazdır. Adətən, belə anlaşılmazlığa çox vaxt qafiyə «bais» olur, amma qafiyə vermədiyin üçün, burası mənə qaranlıq qaldı. (Səlim, 7-ci bəndin tərcüməsi də mənə qaranlıq qaldı:

Şamı küncdən yel çəkirdi,
Həvəs «yaz!» deyə
Xaçqanadlı mələk kimi
Çəkirdi göyə.

Xüsusən də, ikinci misra hansı zərurətdən yaranıb və nə məna kəsb edir – bilmədim).

3-cü bənd:

Ox-ürək rəsmiylə naxışlanırdı
Şüşə durmadan.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.

Ox-çevrə şəkli aynada
Çovğun yapırdı.
Yanırdı bir şam masada,
Bir şam yanırdı.

Sənin variantında məna pozulub: ox-çevrə şəkli aynada çovğun yapa bilməz (bu necə mümkündür?!).

Əksinə, çovğun (qar, tufan, boran və s.) aynada (şüşədə) şəkil (rəsm) çəkir, yəni, bəzək vurur, naxış vurur.

Mətnin əslində (ruscasında) məhz belədir. Yeri gəlmişkən (gələcək tərcümələrində nəzərə almağın üçün), ərk edib sənə bir məsləhət vermək istərdim: heç vaxt, heç bir halda «yapırdı – yanırdı» tipində qafiyələrdən istifadə etmə.

İndi hətta «gedirdi – gəlirdi» feillərini də qafiyə kimi işlətməyi rəva bilən şairlər, tərcüməçilər var, amma burda söhbət bir başqasından deyil, sənin kimi bir peşəkardan gedir. Məni başa düşdüyünə şübhə etmirəm.

4-cü bənd, mənim fikrimcə, bu şeirin canı, həm də ən «ələgəlməz» yeridir; hər ikimizin variantında mübahisə doğura biləcək məqamların olması mümkündür.

Ona görə burasını açıq saxlayıb, 5-ci bəndə keçirəm. 4-cü bənddə təsvir edilən «çarpazlaşmanın gücündən» bir cüt, məhz bir cüt başmaq (başmaqlar çox da ola bilər, yaxud başmağın biri də düşə bilər) taqqıltıyla yerə düşür və döşəməyə elə dəyir ki, bu «zərbədən» masa üzərindəki şam titrəyən kimi olur və mum giləsi bir damcı göz yaşı kimi şamdan qopub paltarın üstünə düşür:

Və bir cüt başmaq da necə düşdüsə
Taqqatan yerə,
Damdı göz yaşıtək paltarın üstə
Şamdan bir gilə.

Bəndin mənası məhz bundan ibarətdir və mən orijinaldan əsla qırağa çıxmamışam. Səndə isə (gözyaşının şamdan ətəyə mum damlaması nə deməkdir – hansı göz yaşından və hansı ətəkdən söhbət gedir?) nədənsə tamam başqa şey alınıb:

Düşən zaman taqqıltıyla
Başmaqlar yerə
Gözyaşı mum damlayırdı
Şamdan ətəyə.


Vəssalam. Deyəcəklərim təxminən bu qədər.

Amma bunlar, sadəcə mənim yozumlarımdır, razılaşmadığın məqamları məmnuniyyətlə dinləməyə hazıram, nəinki hazıram, hətta bu mənim üçün çox maraqlı olardı.

Yəni, istənilən halda bu mənim (yaxud sənin) variantım(n)dır; istənilən halda, Pasternakın mətni bizim tərcümələrimizin hər hansı uğursuz misrasından, bəndindən heç nə itirmir, amma uğurlusundan dilimiz də, tərcümə ədəbiyyatımız da qazana bilər.

Və mənim Quran ayəsi olmayan bu fikirlərimin, düşüncələrimin sənə (o cümlədən, Pasternak yaradıcılığının gələcək tərcüməçilərinə) hər hansı bir faydası, köməyi dəyərsə (ümidvaram ki, sən Pasternakın başqa əsərlərini də tərcümə edəcək, bu istiqamətdə işlərini davam etdirəcəksən) buna yalnız sevinərəm.

Həmçinin oxu
Ceyhun Musaoğlu. Tərcümə əllaməçiliyi?
Səlim Babullaoğlu. Pasternak, musiqi, pambıq və qulaq

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG