Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:34

AZƏRBAYCANDAN İRANA VIZASIZ GEDIŞ-GƏLIŞƏ YOL VERMƏK OLMAZ

«Real faktlara əsaslanaraq deyirəm ki, İranın Azərbaycana narkotik ixracı din ixracından daha təhlükəlidir. Bu rəsmi rəqəmlərdə də öz ifadəsini tapmaqdadır. Məhkəmə işlərindən də görünür ki, azərbaycanın gənc ailələrinin dağılmasının 90 faizinin başlıca səbəbi məhz bu faktorla bağlıdır. Bu fiziki məhv etmə siyasətinin mühüm bir elementidir. Yaxşi ki, Azərbaycan öz tərəfindən İrana vizasız gediş gəliş üçün qərar qəbul etməyib. Mən Azərbaycan vətəndaşlarını İrana getməməyə çağırırıam».


İqtidar yönlü Ana Vətən Partiyasından (AVP) olan deputat Zahid Oruc parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasındakı çıxışında bu fikirləri səsləndirib. O hesab edir ki, İranla Azərbaycan arasında vizasız gediş-gəliş səraitini yaratmağa yol vermək olmaz.

İRANDA TƏHSIL ALANlLARIN KIMLIYI ARAŞDIRILMALIDIR

Zahid Orucun ardınca AVP sədri Fəzail Ağamalı da bu mövzunu davam etdirdi və dedi ki, son günlər İran hökuməti Azərbaycanın konstitusiya quruluşuna, onun istiqlalına qarşı təhdidlərini gücləndirməkdədir. Onun sözlərinə görə, millət vəkilləri İrana qarşı öz fikirlərini hər yerdə çəkinmədən deməli, bu istiqamətdə ideoloji iş aparmalıdırlar:

«Təklif edirəm ki, beynəlxalq təşkilatlarda təmsil olunan deputatlar İranda azərbaycanlıların hüquqlarının pozulması ilə əlaqədar məslələr qaldırsınlar, bu istiqamətdə sənədlərin qəbul edilməsinə çalışsınlar. İranda azərbaycanlıların təhsil almalarına qadağa qoyulsun. Vaxtilə Qum və İranın digər şəhərlərində təhsil alan Azərbaycan vətəndaşlarının bir təsnifatı aparılsın ki, görək axı bunlar kimdilər. Niyə burada Azərbaycan əleyhinə fəaliyyət göstərirlər».

PƏRDƏARXASI OYUNLAR ORTADADIR

YAP icra katibinin müavini Mübariz Qurbanlı da bildirdi ki, İranın hərəkətlərinə qarşı deputatlar öz sözlərini deməlidirlər.

Deputatlar da bir- birinin ardınca öz sözlərini deyirdilər. Mövzunu bu dəfə YAP-dan olan digər millət vəkili Məlahət Həsənova sıradan çıxmağa qoymadı. Dedi ki, İran özünü nə qədər Azərbaycana dost, qardaş adlandırsa da onun pərdə arxasında gördüyü işlər ortalıqdadır.


«Bizə qarşı aparılan anti təbliğat dost pərdəsi arxasında İranın Azərbaycana düşmənçilik mövqeyində dayandığını göstərir».

İRANLA BAĞLI QƏRAR OLMALIDIR

Bu mövzunu yaz sessiyasının ilk iclasında açan isə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev oldu. O bildirdi ki, İranın xüsusilə hicab məsələsində Azərbaycanın daxili işlərinə qarışmaq meylləri artıq heç kimə sirr deyil. Düşünmək olardı ki, bu meyllər tədricən səngiyər, amma son günlər İranla Ermənistan arasında Azərbaycanın milli maraqlarını təhdid edən anlaşmanın imzalanması bunun əksini düşünməyə sövq edir.


«Bu günlərdə İranın neft naziri böyük fəxrlə bəyan etdi ki, artıq Ermənistanın yanacaq problemi həll olunub. Və təbrizdən Ermənistana xüsusi neft boru xətti çəkilir. Özü də bu xəttin Təbrizdən çəkilməsini xüsusi vurğulayır. Bilir ki, Təbriz Azərbaycan üçün nə qədər həssas bir mövzudur. Amma buna baxmayaraq Azərbaycanın milli maraqlarını nəzərə almadan Ermənistanın bir dost olduğunu bəyan edir. Mən hesab edirəm ki, İranla bağlı artıq bizim müəyyən qərarlarımız olmalıdır. Mən millət vəkili olaraq İranın bu ikiüzlü siyasətinə qəti etirazımı bildirirəm. Məncə İranın siyasətinin nəticəsidir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir».

Bu mövzuda sonuncu çıxış edənsə deputat Qənirə Paşayeva oldu. Və İrandan Ermənistana neft kəmərinin məhz Təbrizdən-azərbaycanlıların kompakt yaşadıqları şəhərdən çəkilməsini təsadüfi saymadı.

YARIMÇIQ HƏQİQƏT

Beləliklə parlamentin yaz sessiyasının ilk iclasında üzərində ən çox dayanılan məsələ İranın Azərbaycana qarşı siyasəti oldu. Nədən birdən- birə bu qədər deputat bu məsələyə münasibət bildirir? Doğrudanmı İranın Azərbaycana qarşı siyasəti bu qədər narazılıq doğuracaq həddə çatıb?

İranın Bakıdakı səfirliyindən AzadlıqRadiosuna dedilər ki, onlar bu məsələyə münasibət bildirmək istəmirlər.

Müsavat partiyasından keçmiş millət vəkili Nəsib Nəsibli deyir ki, parlamentdə İranla bağlı deyilənlər həqiqətdir, ancaq İranla münasibətlərin bu həddə çatmasına görə Azərbaycan hökuməti də tənqid olunmalıdır.

«Deputatlar gərək Azərbaycana qarşı haqqında söhbət gedəbn təzyiqlərin səbəblərindən də danışaydılar. Amma inanmıram bu baradə nəsə deyilmiş olsun. Ona görə də məncə bu İranın hərəkətlərinə reaksiya yox yarımçıq həqiqətdir».

İRANIN HƏRƏKƏTLƏRİ AZƏRBAYCAN ÜÇÜN ƏLVERİŞLİ BƏHANƏ YARADIB

Siyasi şərhçi Sədrəddin Soltan isə hesab edir ki, bir müddətdir ki, həqiqətən də İran müxtəlif vasitələrlə Azərbaycana qarşı təzyiqlərə başlayıb. Hicab məsələsində isə artıq bu dövlət öz təzyiqlərini Azərbaycandakı dini qurumlar vasitəsilə deyil eyni zamanda İranın azərbaycanlılar yaşayan şəhərlərində, Təbrizdə, Ərdəbil və digər yerlərdə rəsmilərinin dilindən fikirlər səsləndirməklə davam etdirdi. Məscidlərin sökülməsi ilə bağlı açıq hədələr də eşidilirdi İrandan. Ekspertin sözlərinə görə artıq Şimali Afrikada baş verən hadisələrin İrandan da yan keçməyəcəyi bəllidir. Belə bir dönəmdə Azərbaycan hakimiyyəti də indi kimin-Qərbin, yoxsa Rusiya-İran-Çin blokunun yanında olduğunu müəyyənləşdirmək məcburiyyətində qalıb. Belə bir vəziyyətdə isə İranın bütün bu hərəkətləri Azərbaycana bu dövlətlə öz münasibətlərinə yenidən baxmaq üçün əlverişli bəhanə yaradıb.

«Azərbaycanda sistemin, ana yasanın dəyişilməsi istiqamətində fəaliyyət göstərmək istəyən qüvvələr var. Söhbət hakimiyyətdən yox xaricə işləyən qüvvələrdən gedir. Ona görə bu gün parlamentdə də bu məsələnin müzakirə edilməsi təbii sayılmalıdır. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, perspektivdə İrana qarşı təzyiqlər artacaq. Yəni iqtisadi sanksiyalar daha da sərtləşəcək və artıq onların qonşu dövlətlər tərəfindən icrası məsələsi ortaya çıxacaq. Azərbaycanla İran arasında da perspektivdə yaranması istisna olunmur. Bütün bu müşahidə edilənlər həmin situasiyaya hazırlıq kimi də qəbul edilə bilər».

Sədrəddin Soltan şübhə etmir ki, Milli Məclisdəki İranla bağlı çıxışlar da Azərbaycan hakimiyyətinin İranla münasibətlərə yenidən baxacağını göstərən amillərdən biridir.


XS
SM
MD
LG