Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:09
«Maşını ona 15 min dollara satmışdı. Halbuki maşının bazarda real qiyməti 13 min 500-14 min dollardı, amma alıcıya bu məbləğ deyilən kimi pulu stolun üstünə qoydu».

Bunu AzadlıqRadiosuna bir neçə gündür xuliqanlıq ittihamıyla həbs olunan, vaxtilə milli hərəkatın liderlərindən olan Nemət Pənahlının qardaşı Səməd Pənahov deyir. Onun sözlərinə görə, adətən, maşın alış-verişində yüksək qiymət deyirlər ki, sonradan sövdələşə bilsinlər:

- Ona məbləğ deyilən kimi çıxarıb pulu verdi. Nə demədi «100 manat aşağı sal», nə demədi, «bir maşını yoxlayım». Nemət bəy bir ay qabaq maşını ona satanda dedi ki, apar sür, 3 gün vaxt verirəm, problemi olsa, zəng elə de. O isə zəng eləyib ki, dedi ki, bəy, elə bu maşın bəhanə oldu sizi tanımağıma. Mən sənin heyranınam.

«BİZİ KAMERA İLƏ ÇƏKİRDİLƏR»


Nemət Pənahlının maşın satdığı adam - Eldar Rzayev Bakının Nəsimi rayon polisinə şikayətçi düşüb ki, Nemət Pənahlı və onun dostu tərəfindən döyülüb. O, ifadəsində göstərib ki, maşında nasazlıq olduğu üçün Nemət Pənahlıya zəng edib və onu Mirəli Qaşqay küçəsinə çağırıb. Əvəzində isə Nemət Pənahlı və onun dostunun yumruğuna qonaq olub. Eldar Rzayev ona metal əşya ilə zərbə endirildiyini iddia edir.

Polisə çağırılarkən Nemət Pənahlı «Azadlıq» qəzetinə bildirib ki, o, deyilən ünvana gedib, amma maşında nasazlıq görməyib: «Müşahidə etdim ki, bir qədər kənarda dayanan avtomobilin içindən bizi kamera ilə çəkirlər. Hər nə isə, bu olayı belə söndürə bildim. Amma bunlar məni ya həbs edəcəklər, ya da nəsə başqa bir hadisə törədəcəklər».

Səməd Pənahov qardaşının siyasi sifariş əsasında həbs edildiyini deyir. Onun sözlərinə görə, bir müddətdir Nemət Pənahlı «P.S. Nota» qəzetinə mərhum prezident Heydər Əliyevlə şəxsi münasibətlərindən, onun hakimiyyətə gəlməsində oynadığı roldan, şahidi olduğu bir çox məsələnin təfərrüatlarından danışıb, ölkə prezidenti İlham Əliyevin fəaliyyətini kəskin tənqid edib:

- Elə qəzetə də müsahibəsində bildirib ki, bu dediklərinə görə, ona telefonla hədələr gəlir, deyirlər ki, aqibətin yaxşı olmayacaq. Uşaqlarıyla hədələyirlər.

Nemət Pənahlı 1988-ci illərdə Meydan Hərəkatının liderlərindən biri olub
SİYASƏTDƏN BİZNESƏ, BİZNESDƏN…

Səməd Pənahov deyir ki, Nemət Pənahlı kiçik bizneslə məşğul olmaq istəsə də, ona imkan verilməyib. Onun sözlərinə görə, bir müddət öncə bulaq suyunu qablaşdırıb satdıqları sexin fəaliyyətinə əngəl törədiləndən sonra Nemət Pənahlı maşın alış-verişi ilə məşğul olub çörək pulu qazanırmış.

Nemət Pənahlı 1988-ci illərdə Meydan Hərəkatının liderlərindən biri olub, həbs edilib. 1989-cu ildə Xalq Cəbhəsinin İdarə Heyətinin üzvlərindən biri kimi aktiv fəaliyyət göstərib, amma sonradan Xalq Cəbhəsindən ayrılaraq Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyevlə əməkdaşlıq edib. 1992-ci il 4 iyun Gəncə hadisələri zamanı sonradan baş nazir olan Surət Hüseynovun yanında olub. Heydər Əliyev prezident seçiləndən sonra onun müşaviri olub. 1995-ci il parlament seçkisi ərəfəsində seçkinin saxtalaşdırılacağını əsas gətirib vəzifəsindən istefa verib. Həmin vaxt bildirib ki, onda seçiləcək deputatların hazır siyahısı var və siyahını mətbuata verib. Seçkinin nəticələri ilə onun siyahısı üst-üstə düşüb.

Son on-on iki ildir ki, Nemət Pənahlı aktiv siyasətdən uzaqlaşmışdı. Bir müddət əvvəl o, yenidən siyasətə qayıtdığını bəyan edib. Milli Dövlətçilik Partiyasının sədridir.

Nemət Pənahlının son müsahibələri nəticəsində həbs olunduğunu yanvarın 11-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisində keçirdiyi mətbuat konfransında «P.S. Nota» qəzetinin baş redaktoru Sərdar Əlibəyli də iddia edib.

NEMƏT PƏNAHLI NƏDƏN DANIŞIB

Qəzet 11-17 yanvar tarixli son nömrəsində Nemət Pənahlının həbsinə yol açdığını iddia etdiyi fikirləri yenidən çap edib. Məsələn, müsahibədən bir necə sitata nəzər salaq:

«Hacı Məmmədovun rolunu, 1994-cü ildə Heydər Əliyev mənə təklif etdi».

«Heydər Əliyev altı rayonu verdi və o istəsəydi, rayonların müdafiəsində heç bir problem yoxuydu».

«O, (yəni Heydər Əliyev) sonadək kommunist ideologiyasından da, kommunist əqidəsindən də imtina etmədi».

«Şahmərdan Cəfərov o zaman Naxçıvanın ermənilərdən qorunmasında bir nömrəli adam idi».

Zəfər Quliyev
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə Nemət Pənahlı və Ceyhun Fərzəliyev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunur. Əgər bu ittiham təsdiqlənsə, Nemət Pənahlını 3 ildən 7 ilə qədər həbs cəzası gözləyə bilər.

HAKİMİYYƏT HƏR HANSI KİÇİK MİQYASLI RADİKAL BƏYANATA DA DÖZÜMSÜZ YANAŞIR


Siyasi məsələlər üzrə ekspert Zəfər Quliyev deyir ki, Nemət Pənahlının həbsində siyasi sifarişin olub-olmadığı barədə birmənalı danışmaq çətindir, çünki ortada yalnız rəsmi məlumatlar var:

- Onu da nəzərə alaq ki, Nemət Pənahlının çılğın xasiyyəti də var. Amma Azərbaycanda baş verənləri nəzərə alsaq, Nemət Pənahlının öz radikal bəyanatlarına görə cəzalandırılmasını da istisna etmək olmaz.

Zəfər Quliyevin fikrincə, indi Nemət Pənahlının güclü sosial dayaqları yoxdur və onun hakimiyyətə real təhlükə yaratması görünmür. Amma ekspert hesab edir ki, hakimiyyət hər hansı kiçik miqyaslı radikal bəyanata da dözümsüz yanaşır.

Nemət Pənahlı barəsində Nəsimi rayon Məhkəməsi 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Onun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna həbsin əsassız olduğunu, Nemət Pənahlıya qarşı təxribat törədildiyini bildirib və deyib ki, yanvarın 12-də məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklər.

Şərhləri göstər

XS
SM
MD
LG