Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15

Qabil Hüseynli və Adil Qeybulla Müsavatdan getdilər


Adil Qeybulla
Müsavat Partiyası başqanının müavini, professor Qabil Hüseynli və partiyanın Divan üzvü, professor Adil Qeybulla partiyadan istefa verib.

Bu barədə APA-ya Adil Qeybulla bildirib. O, istefanın səbəblərini bu gün yayacaqları birgə bəyanatda açıqlayacaqlarını deyib.

Adil Qeybulla Qabil Hüseynli ilə sonrakı siyasi fəaliyyətlərini bir yerdə davam etdirməyi düşündüklərini bildirib:

«Bu istefa bizim şəxsi mövqeyimizlə bağlıdır. Lakin Müsavat Partiyasından çıxsaq da, müsavatçılıq ideologiyasına sadiq qalacağıq. Əsas məsələ budur. Təbii ki, müsavatçılıq təkcə Müsavat Partiyası demək deyil. Bu, xeyli geniş anlayışdır və düşünürəm ki, biz də bu haqqa sahibik».

Müsavat Partiyasından istefaların davamı ola biləcəyinə gəlincə, A. Qeybulla deyib ki, bu proses davamlı olmaya da bilər:

İZLƏYƏNLƏR BİLİR

«İstefaları sürətləndirən səbəbləri mətbuatı izləyənlər bilir. Amma sonrakı proseslər haqqında proqnoz vermək istəməzdim. Lakin düşünürəm ki, hər kəs siyasi fəaliyyətini özü müəyyənləşdirməlidir. Bizim istefa verməyimizlə bağlı isə birgə bəyanatımız olacaq. Bəyanatda hər şey qeyd olunub. Bununla da bu məsələyə son qoyacağıq».

Qabil Hüseynli
Qabil Hüseynli və Adil Qeybullanın axşam saatlarında açıqlanan bəyanatında isə deyilir:

YENİ TƏŞKİLAT YARANIR

«Uzun illər sıralarında olduğumuz, bərpasında, inkişafında və cəmiyyətdə nüfuzunun artmasında xidmətlərimiz olan Müsavat Partiyası sıralarından istefa verdiyimizi dərin təəssüf hissi ilə bəyan edirik. Mənəvi-etik səbəblərdən istefamızın səbəbləri üzərində dayanmağı lazım bilmirik və bunu zamanın və tarixçilərin öhdəsinə buraxırıq.

Partiya sıralarından istefa versək də, siyasi fəaliyyətimizi davam etdiririk və böyük Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu ideyalara sadiq qaldığımızı bir daha təsdiqləyirik. İlk vaxtlar “Müsavat irsi və müasirlik” adlı ictimai-siyasi qurum yaratmaqla siyasi maarifləndirmə istiqamətində fəaliyyətimizi davam etdirmək niyyətindəyik».

GÖZLƏNİLMƏZ XƏBƏR

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, Adil Qeybulla və Qabil Hüseynlinin istefası barədə mətbuatdan eşidib və bu xəbər onun üçün gözlənilməz olub:

«Hələ ötən həftə bu şəxslər partiyadan getmədiklərini bəyan edirdilər. Hətta Adil Qeybulla partiyanın Divanda da bildirmişdi ki, hər hansı şərt altında belə partiyanı tərk etməz. Ona görə də bu xəbər mənim üçün gözlənməz olub və təəssüf edirəm».

Arif Hacılı son istefalar barədə partiya rəhbərliyində fikir mübadiləsi aparıla biləcəyini, bunun ciddi müzakirəyə səbəb olacağını güman etmədiyini deyir.

Bir müddət öncə Müsavat Partiyasından Məclis sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli də istefaya getmişdi.

Arif Hacılı güman edir ki, bu istefalar partiyanın fəaliyyətində çatlar yaratmayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG