Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:01
«BİRGƏ YOLUN BİTDİYİ YER»

Sülhəddin Əkbərlə İbrahim İbrahimli Müsavat Partiyasından Müsavatla AXCP birləşə bilmədiyinə görə istefa veriblər. Hər halda, noyabrın 30-da yaydıqları birgə bəyanatda istefanın əsas səbəbi kimi bu məqamın üzərində dayanılır.

Bir gün öncə partiyanın sıravi üzvü olacağını deyən Sülhəddin Əkbər bu gün partiyadan birədəfəlik getdiyini bəyan edib.

Keçmiş müsavatçılar bu haqda mətbuata müsahibə verməkdən imtina edirlər. Sülhəddin Əkbər AzadlıqRadiosuna istefanın səbəblərini izah etməyib, sadəcə, «prinsip məsələsi» adlandırıb.

Bəyanatda isə deyilir ki, Divanının son iclasında qəbul olunan qərarlar onlarla partiya rəhbərliyi arasında Azərbaycanın, demokratik qüvvələrin və Müsavat Partiyasının siyasi inkişaf perspektivi ilə bağlı dərin, strateji fikir ayrılığının olduğunu ortaya çıxardı.

Bəyanat müəlliflərinə görə, ağır, düzəldilməsi mümkünsüz nəticələri olacaq bu yanlış qərarın, AXCP ilə vahid bir təşkilatda birləşməyə faktiki olaraq rədd cavabı verilməsinin məsuliyyətini şəxsi maraqları əsas götürən və siyasi qısqanclıqla hərəkət edənlərlə bölüşmək niyyətində deyillər:

İbrahim İbrahimli
«Bura sözün, eyni zamanda birgə yolun bitdiyi yerdir. Bu səbəbdən biz, nə qədər ağır və acı olsa da, Müsavat Partiyası üzvlüyündən istefa verdiyimizi bəyan edirik».

Bu ilin yayında Müsavat Partiyasının başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yoluna bağlı qüvvələri birləşməyə dəvət etmişdi.

AXCP-nin bir qədər əvvəl keçirilmiş qurultayında isə Müsavatla qeydsiz-şərtsiz birləşmə haqda qərar qəbul edilmişdi.

BƏS MÜSAVAT RƏHBƏRLİYİ NƏ DEYİR?

Amma tərəflər bu prosesi seçkidən sonraya saxlamışdılar.

Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin bəyanatına Müsavat və AXCP rəhbərləri İsa Qəmbərlə Əli Kərimlidən münasibət öyrənə bilmədik.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə bunları dedi:

«Müsavat Partiyası bütünlükdə demokratik qüvvələrin birləşməyinin tərəfdarıdır. Biz seçkidən sonra da Azərbaycanın demokratik, parlamentdən kənarda saxlanmış qüvvələrinin, birliklərin bir arada olması və AXCP ilə inteqrasiyanın dərinləşməsi tərəfdarı kimi çıxış etmişik. Bu məsələnin bir tərəfi. Başqa tərəfi odur ki, siyasi partiyaların inteqrasiyasına aparıcı siyasi təşkilatdan istefa verməklə nail olmaq qeyri-mümkündür. Əksinə bu, demokratik qüvvələrin birliyinə mane olur. Ona görə bu iddianı düzgün saymıram».

Arif Hacılı
Arif Hacılının dediyinə görə, birləşmə yönündə müzakirələr davam edir. O zaman Sülhəddin Əkbərlə İbrahim İbrahimli niyə istefa verib? Bu istefanın arxasında başqa səbəblər durmur ki?

Arif Hacılı:

«Belə demək olmaz! Onlar motivlərini açıqlayıblar. İbrahim İbrahimli partiya rəhbərliyinin etimad göstərmədiyini əsas götürüb istefa verib. Sülhəddin Əkbərsə Müsavatın strateji xəttiylə razılaşmadığı üçün istefa verib. Sonrakı bəyanatla mən tanış deyiləm. Hesab edirəm ki, bu qərarlara hörmətlə yanaşmaq lazımdır. Müsavatın strateji xəttində də dəyişiklik baş verməyib».

Yeri gəlmişkən, Divan üzvlərindən bir neçəsi noyabrın 30-u mətbuata bildiriblər ki, İbrahim İbrahimli Müsavatın MSK-da təmsilçisi olmaq istəyib, amma rəhbərliyin ona etimad göstərmədiyini əsas gətirərək istefa verib.

FUAD QƏHRƏMANLI: «ÜMİDVARIYDIQ...»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, birləşməylə bağlı müzakirələrin nə yerdə olmasından xəbərsizdirlər:

Fuad Qəhrəmanlı
«Sülhəddin bəylə İbrahim İbrahimlinin istefasından sonra bu haqda xəbər tutduq. Açığı, bu, bizdə dərin təəssüf doğurur. AXCP ilə Müsavatın birləşməsi bugünki rejimə qarşı mübarizədə müxalifətin istinad edəcəyi ən başlıca resursdur. Ümidvarıydıq ki, Müsavat bunu nəzərə alıb analoji qərar verəcək. Amma son istefalardan sonra bəlli olur ki, partiyada fikir ayrılıqları var».

Fuad Qəhrəmanlı deyir ki, bütün hallarda Müsavatda baş verənlər partiyanın daxili məsələsidir. Sadəcə, bundan təəssüflənirlər və narahatadırlar. Onun sözlərinə görə, AXCP hər zaman Müsavatın bütövlüyünü istəyib, bu həm də cəmiyyətin maraqlarına uyğundur.

«İNSANLAR MÜXALİFƏTDƏ QOCALIR, ÖLÜRLƏR»

«Tolerant» Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu inanmır ki, Müsavatdakı istefalar məhz birləşməylə bağlıdır. Onun qənaətincə, müxalif düşərgədəkilər yorulublar:

Azər Rəşidoğlu
«İnsanlar artıq daimi məğlubiyyətçi rolunu oynamaqdan beziblər. Onlar müxalifətdə qocalıb, ölürlər. Artıq bu faciəli həyatları ilə barışmaq istəmirlər. Odur ki, bu seçkidən sonra müxalifətdə yarpaq tökümünün başlanması qaçılmaz idi və bunu göz önünə almaq lazım idi».

Konkret Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin istefalarına gəlincə, Azər Rəşidoğlu yada salır ki, Sülhəddin Əkbərlə bağlı partiyadaşları Arif Hacılı və Rauf Arifoğlu vaxtilə ciddi ittihamlar səsləndiriblər. Onu hakimiyyətdəki bir qrupla əməkdaşlıqda suçlayıblar. Sual doğuran odur ki, bu halda partiya başqanı niyə onun partiya rəhbərliyinə gəlməsinə yardımçı olurdu. Elə İbrahim İbrahimli haqqında da buna bənzər ittihamlar səslənib.

Azər Rəşidoğlunun qənaətincə, hakimiyyətin müxalifət partiyalarında basdırdığı minalar partlamağa başlayıb. O hesab edir ki, yaxın zamanlarda özünü real müxalifət adlandıran partiyalardan qopmalar sürətlə artacaq. Beləliklə, partiyaların daha da zəiflədilməsi və sıradan çıxarılması yönündə hakimiyyət konkret addımlar atacaq.

O ki qaldı, müxalifətin iki aparıcı partiyasının birləşməsi haqda ümidlərə, Azər Rəşidoğlu heç vaxt buna inanmayıb:

«Nə qədər ki, müxalifət taktikasını dəyişməyib, vahid lideri yoxdursa, bu birləşmələri hakimiyyət üçün təhlükə saymaq sadəlövhlük olardı. AXCP də, Müsavat da dalana dirənib. Artıq bu xəstəlik metostaz verib və xəstə ölümə məhkumdur».

«ÜMİDSİZLİYƏ QAPILIRLAR»

Ərəstun Oruclu
Politoloq Ərəstun Oruclu isə hər iki siyasətçinin istefasını Müsavat üçün itki sayır. Onların hakimiyyətə loyal olması haqda ittihamları da qəbul etmir. Sadəcə, onun qənaətincə, Azərbaycan siyasətində durğunluq var və hakimiyyət də məqsədli şəkildə ciddi partiyaları sıradan çıxarmağa çalışır. Görünür, bu durumda siyasətçilər də nəinsə dəyişəcəyinə inanmır və ümidsizliyə qapılırlar.

Sülhəddin Əkbərlə İbrahim İbrahimli bəyan edirlər ki, Azərbaycanda azadlıq və demokratiya uğrunda xalq hərəkatının yaranacağına inanırlar və öz yollarını buna inananlarla birgə davam edəcəklər.

ONLAR KİMDİR

Sülhəddin Əkbər 1992-ci il AXCP-Müsavat hakimiyyəti dönəmində MTN-in sədr müavini olub. Beynəlxalq qurumlar və o cümlədən NATO ilə ciddi əlaqələri olduğu bildirilir.

2003-cü il prezident seçkilərindən sonra həbs olunan müxalifət fəallarından biri də Sülhəddin Əkbər olub. O qısa müddətdən sonra azadlığa buraxılıb. Bunu partiyadaşları onun hakimiyyətlə əməkdaşlığı ilə izah edirdilərsə, bəzi çevrələrdə onun beynəlxalq əlaqələri ilə bağlayırdılar.

İbrahim İbrahimli isə 1993-1995-ci illərdə AXC sədrinin müavini olub, qurum partiyaya çevrildikdən sonra yenidən Müsavata qayıdıb. Bundan əvvəlsə parlamentdə sərt çıxışları ilə yadda qalıb.

Şərhləri göstər

XS
SM
MD
LG