Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:51
Masallıda dindarların aksiyası zamanı 2 nəfər saxlansa da, sonradan buraxılıb. Bunu AzadlıqRadiosuna Masallı Rayon Polis Şöbəsindən deyiblər.

Özünü təqdim etməyən polis əməkdaşı bildirib ki, dindarlar küçədə əllərində “ələm” gəzirmiş, polis bunun qarşısını alıb:

“Ələmi küçədə gəzdirirdilər, gedin bunu məsciddə edin, küçədə etmək olmaz. Getdilər yığışdılar məscidə. İndi işçilərimizin hamısı şöbədədir. Burda elə bir məsələ yoxdur, hər şey qaydasındadır. 2 nəfər gətirmişdilər, indi buraxdılar. Onlar başçılıq edənlər idi”.

Polis əməkdaşı hazırda dindarların məsciddə olduğunu, polislərin ərazidən çəkildiyini bildirib. O, polislərin məscidə giriş-çıxışı məhdudlaşdırdığını da təkzib edib.

***

Dekabrın 15-də Masallıda təxminən 100 nəfər dindar əllərində dini bayraqlar “Ya, Hüseyn” şüarları səsləndirərək orta məktəblərdə hicaba qadağa qoyulmasına etiraz olaraq aksiya keçirib.

“Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənovun hadisə yerindən verdiyi məlumata görə, polis onların qarşısını kəssə də onlar Heydər Əliyev prospekti ilə Masallı rayon Təhsil Şöbəsinə tərəf irəliləyiblər. Burada polis onlara daha ciddi müqavimət göstərib. Zahir Əmənova da fiziki təzyiq göstərilib, fotoaparatını alıblar.

Polis dəstəni yoldan çıxardandan sonra onlar səki ilə irəliləyiblər. Polislər piketçilərin üstünə maşın sürüb. 2-3 nəfər yüngül yaralanıb, 4-5 nəfər isə döyülüb.

Masallıda dindarların keçirdiyi etiraz aksiyasının iştirakçılarından biri Toğrul Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, polis onlara zor tətbiq edib:

“Çoxumuzu döydülər, kameralarımızı, telefonlarımız əlimizdən alırdılar. Bununla belə biz yolumuzdan dönmədik, məscidə gəlib qətnaməmizi oxuduq”.

Dindarlar məscidə girəndən sonra polis maşınları məscidi mühasirəyə alıb. İçəri heç kim buraxılmır. Aksiya iştirakçıları həbslərin olacağını istisna etmirlər.

Ötən həftə Bakıda orta məktəbli qızların hicab taxmasına qoyulan məhdudiyyətə etiraz olaraq Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirilib. 10-dan çox adam saxlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG