Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

WikiLeaks-də Paşayevlər ailəsi...


Mehriban Əliyeva
Mehriban Əliyeva
WikiLeaks Təşkilatının sənədlərini dərc edən “Guardian” ABŞ səfirliyinin hazırladığı növbəti diplomatik teleqramın mətnini açıqlayıb. Bu dəfə Amerika səfirliyinin əməkdaşı Donald Lu Azərbaycanın birinci ledisi Mehriban Əliyeva və Paşayevlər ailəsindən yazır.

Bu teleqram “Azərbaycanda kimin nəyi var” silsiləsindən birinci hesabatdır. (Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və onun ailəsi haqda eyni silsilədən olan ikinci teleqram haqda AzadlıqRadiosu artıq xəbər vermişdi)

Teleqramda deyilir ki, Paşayevlər ailəsi Azərbaycanın enerji sektorundan kənardakı qüdrətli biznes qrupları ilə əlaqələndirilir, sürətlə inkişaf edən tikinti və daşınmaz əmlak bazarındakı fəaliyyətləri, maliyyə və telekommunikasiya sektoruna böyük yatırımlarla tanınırlar.

FEODALİZMLƏ MÜQAYİSƏ

Teleqramın girişində Azərbaycan iqtisadiyyatındakı vəziyyəti orta əsrlər Avropasındakı feodal münasibətlərinə bənzədən müəllif yazır ki, ailə qruplaşmaları coğrafi əraziləri və iqtisadiyyatın sahələrini öz aralarında bölürlər.

Qeyd edilir ki, Azərbaycan elitası öz biznesini xarici rəqabətdən qorumaq üçün dövlət mexanizmindən - sərhəd xidməti, gömrük və vergi strukturlarından istifadə edir.

Mehriban Əliyevanı Paşayevlər ailəsinin əsas fiquru kimi təsvir edən Lu yazır ki, onun fəaliyyəti çoxplanlıdır. M. Əliyevanın Heydər Əliyev fondunun prezidenti, parlamentin üzvü və UNESCO, İSESCO təşkilatlarının nümayəndəsi olduğunu xatırladan müəllif yazır ki, müxtəlif məktəb və mədəniyyət obyektlərinin tikintisi ona bu obyektlərin açılışı zamanı çəkdirdiyi fotolar vasitəsilə özünə güclü Birinci Ledi imici qazanmağa imkan yaradır.

PARLAMENTƏ QATILMAYAN DEPUTAT

Azərbaycan parlamentini müstəqil olmayan, prezident aparatından asılı bir qurum kimi təsvir edən sənəddə deyilir ki, millət vəkili olmasına baxmayaraq Mehriban Əliyeva parlamentin iclaslarında iştirak etmir və əlavə edilir ki, 2008-ci ildə ABŞ Konqresinin nümayəndələrini qəbul edəndə o, Azərbaycan siyasəti haqda çox az məlumatlı olduğunu nümayiş etdirərək, ancaq Heydər Əliyev fondundan söhbət düşəndə dolğun
Arif Paşayev
cavablar verirdi.

Teleqramda Paşayevlərin digər üzvləri haqda yazılır ki, ailəyə Birinci ledinin bacısı, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, atası, Aviasiya akademiyasının rektoru Arif Paşayev və əmisi, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev daxildirlər. Sonuncunun 13 il Azərbaycanın ABŞ-da səfiri vəzifəsində işləməsini qeyd edən Donald Lu yazır ki, indi o əsas vaxtını Azərbaycan diplomatik akademiyasına sərf edir.

BAKI VƏ ABŞERON, 3 NAZİRLİK BİR SOYADIN NƏZARƏTİNDƏ...

Müəllif yazır ki, “Rusca Azərbaycancadan yaxşı danışan Paşayevlər Azərbaycanın ən qüdrətli ailəsi sayılır”.

Bu ailənin nəzarəti altında olan sahələri sadalayan müəllif yazır ki, coğrafi cəhətdən bura Bakı və Abşeron yarımadası daxildir. Müəllifin fikrincə Mehriban Əliyevanın maraq dairəsinə uyğun olaraq Mədəniyyət və turizm, Gənclər və İdman, Səhiyyə, habelə Təhsil Nazirlikləri də ailənin nəzarəti altındadır.

Bu yaxınlarda Bakıda açılan müasir incəsənət muzeyini xatırladan müəllif yazır ki, onun tərtibatı Nərgiz Paşayevanın həyat yoldaşı, rəssam Altay Sadıxzadə tərəfindən həyata keçirilib və muzeyin açılışına pul xərcləyəndə xəsislik etməyiblər.
Hafiz Paşayev

PAŞAYEVLƏRİN İQTİSADİ İMPERİYASI

Paşayevlərin biznesini iqtisadi imperiya adlandıran Donald Lu onun özəlinin Paşa Holdinq olduğunu və burada Paşa bank, Paşa Sığorta, Paşa Tikinti və Paşa Turizm kimi şirkətlərin birləşdiyini yazır. Bundan başqa, Lider TV-nin və “Nərgiz” kosmetika məhsulları istehsalçısının da ailəyə məxsus olduğunu yazır.

Paşayevlərin Azərbaycanın aparıcı banklarına da nəzarət etdiyi bildirilir və Bank Standard, Kapital bank və Paşabankın adları çəkilir. Qeyd edilir ki, 2009-cu ildə Paşabank Azərbaycanda ilk və yeganə Bentley maşınlarının satışını həyata keçirən salon açıb.

Paşayevlərin ABŞ-la münasibətlərini təsvir edən səfirlik əməkdaşı yazır ki, Birinci ledi dəfələrlə Amerikaya rəsmi və qeyri-rəsmi səfərlər edib. Bu səfərlərin, habelə Amerikalıların Azərbaycana səfərlərinin təşkilində və Amerika-Azərbaycan danışıqlarında Hafiz Paşayevin əsas vasitəçi rolu oynadığını qeyd edən Donald Lu yazır ki, o, heç də həmişə rəsmi Amerikanın ürəyindən keçənləri ünvanına çatdırmağı bacarmayıb. Sənəddə misal kimi, bloqqerlərin azad olunması ilə bağlı xahişlər göstərilir.

Paşayevlər haqda "Gaurdian"da dərc olunan diplomatik teleqramın tam mətni
XS
SM
MD
LG