Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

On altı ayı, üç canavar, bir ceyran...


Heyvanlar bir müddət bu mərkəzdə saxlandıqdan sonra təbiətə buraxılır
Heyvanlar bir müddət bu mərkəzdə saxlandıqdan sonra təbiətə buraxılır
Noyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər və Vergilər nazirlikləri ilə restoran və digər iaşə obyektlərində birgə reydlər aparıb 16 ayını, üç canavarı, bir ceyranı və bir neçə quşu azadlığa buraxıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müsadirə olunan ayıları və digər heyvanları Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərib. Həmin heyvanlar bir müddət bu mərkəzdə saxlandıqdan sonra təbiətə buraxılır.

Üç nazirliyin apardığı reydlər zamanı heyvanlar müsadirə olunmaqla yanaşı, həmin heyvanları qanunsuz qəfəslərdə saxlayan iaşə obyektlərinin sahibləri inzibati qaydada cərimə olunublar. Hələ ki vəhşi heyvanları qanunsuz saxladığına görə, hər hansı iaşə obyekti bağlanmayıb.

“BUNDAN SONRA HANSI HÜQUQİ ADDIM LAZIMDIR Kİ?”


Daxili İşlər Nazirliyində heyvanların müsadirə edilib təbiətə buraxılması ilə məsələnin bitdiyini hesab edirlər. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məsələ ilə bağlı hansısa digər hüquqi addıma ehtiyac görmür:

Reydlər davam etdirilir
“Hansı hüquqi addım atılmalıdır ki, heyvan tapılıb və buraxılıb azadlığa...”

BİR AYIYA AYDA 500 MANAT


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda respublika ərazisində bu kimi reydlər davam etdirilir.

Reydlər keçirib ayıları restoranlardan müsadirə etmək üç nazirlik üçün çətin olmasa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi azadlığa buraxılan ayıların təbiətə uyğunlaşdırılmasının elə də asan iş olmadığını bildirir. Nazirliyin rəsmi internet səhifəsində belə qeyd olunur.

Nazirliyə görə, təkcə bir ayının reabilitasiya edilərək, təbiətə öyrəşdirilməsi böyük zaman və vəsait tələb edən bir işdir. Belə ki, qonur ayını qeyri-sərbəst şəraitdə sağlam qida ilə təmin etmək üçün onun bir aylıq qida rasionuna 500 manata yaxın pul xərclənir.

Nazirlik hesab edir ki, insanların çox asan əhliləşdirdiyi ayını sonra təbiətə uyğunlaşdırmaq və yenidən sərbəst həyat tərzi keçirməyə sövq etmək asan iş deyil.

“HEYVANLARI BELƏ SAXLAMAQ CİNAYƏTDİR”

Azər Qarayev
Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev iaşə obyektlərində qeyr-qanuni saxlanılan vəhşi heyvanların müsadirə olunmasını müsbət addım sayır. Hesab edir ki, bu iş daha da gücləndirilməlidir:

“Əlbəttə, bu məsələ dövlət tərəfindən tənzimlənsə, bunun qarşısı alınsa kimsə vəhşi heyvana belə mənfi münasibət bəsləməz. Heyvanları belə saxlamaq cinayətdir, ona görə də məsələ cərimə ilə bitməməlidir, həmin restoranlar müvəqqəti də olsa bağlanmalıdır. O obyektlərin sahibləri bir məsuliyyət, qınaq hiss eləməlidirlər”.

NAZİRLİK CƏZALARIN DAHA DA SƏRTLƏŞMƏSİNİ İSTƏYİR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi indiyə qədər heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində hüquqi məsuliyyəti artırılması və cəzaların sərtləşdirilməsi ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlayaraq Nazirlər Kabinetinə müvafiq qərar layihəsi təqdim edib.

Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev üç nazirliyin birgə mübarizəsinə baxmayaraq, hələ də paytaxt Bakı və digər ucqar bölgələrdə heyvanların qəfəslərə salındığı restoran və digər iaşə obyektlərinin az olmadığını deyir. Cəmiyyət sədri bunu anormal bir praktika sayır və hesab edir ki, bu, Azərbaycanın imicinə ciddi xələl gətirən məsələdir.
XS
SM
MD
LG