Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:19

Kilosu 10 manata ayı əti


İngiltərənin «The Sun» qəzetinin saytında Azərbaycanın Qəbələ rayonundakı restoranların birində saxlanan ayının faciəli taleyindən bəhs edilir. Əyləncə, gülüş obyektinə çevrilən, ac saxlanıb əvəzində «Coca-Cola» içirdilən bu ayının sonradan öldüyü də qeyd edilirdi.

Noyabrın 4-də Qəbələdə olarkən restoranların birində biz də ölmüş bir ayının şahidi olduq. Ayıdan qalan bir dərisi idi. Ancaq onun video görüntüləri gedib Britaniyaya çıxan həmin ayı olub-olmadığı bizə bəlli deyil. Restoran işçisinin dediyinə görə, həmin ayını onlara Azərbaycan nazirlərindən birinə məxsus istirahət mərkəzindən veriblərmiş. Təxminən ay yarım həmin ayı da adamları gen-bol əyləndirib. O da İngiltərə saytında yazıldığı kimi müştəriləri «Coca-Cola» butulkasını necə açıb içməsi ilə təəccübləndirib...

Qəbələdə ayılar qəfəsdə ölsə də Şamaxıda 10 ildir ki, bir ayı hələ də dəmir barmaqlıqlar arasında gün keçirməkdədir. Ancaq bu ayıdan bir qədər sonra danışacam. Bəs necə deyərlər, dərisi boğazından çıxarılan bizim gördüyümüz ayının taleyi necə olub?

50-55 yaşlı restoran işçisinin dediyinə görə, bir gün həmin ayı qulluq zamanı qəfəsdən çıxıb və onu yenidən qəfəsə salmaq mümkün olmayıb. Bir neçə gün restoranın həyətində gəzən ayının müştərilərə zərər yetirə biləcəyindən ehtiyatlanan həmsöhbətim ayını güllə ilə vurub. İndi həmin ayıdan qalan yeganə nişanə restoranın həyətində asılan dərisidir.

QƏBƏLƏ RESTORANLARINDA KİLOSU 10 MANATA AYI ƏTİ

Bundan sonra nə baş veribsə indi Qəbələdəki restoranlarda qəfəsdə ayıya rast gəlmək mümkün deyil. Ancaq kilosu 10 manata ayı əti almaq elə də çətin məsələ deyil. Həmsöhbətim olan restoran işçisinin dediyinə görə isə, ayıların yoxa çıxması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reydləri ilə bağlıdır. Elə bu baxımdan indi restoran sahibləri ayıları qəfəsdə saxlayıb dilə-dişə düşməkdənsə, daha çox ayı ətindən müştərilərə kabab verməkdə maraqlı görünürlər.
Restoranların birində qəfəsdə iki tülkü gördüm
Ayı ovlayıb gətirən ovçulardan birinin dediyinə görə, çox riskli bir iş olsa da, onlar restoranlara ayı ətinin bir kiloqramını 4-5 manatdan yuxarı satmırlar.

QƏFƏSLƏRDƏ QOZ-FINDIQLA DOLANAN TÜLKÜLƏR

Bir də Qəbələdəki restoranlarda adamları əyləndirən təkcə ayılar deyil, həm də tülkü, çaqqal və marallardır.

Qəbələdə qəfəsdə saxlanılan ayı tapmadım, amma bunun əvəzində rayonun Vəndam qəsəbəsində meşəliyin içərisindəki restoranların birində qəfəsdə iki tülkü gördüm.

Restoran işçisinin dediyinə görə, həmin iki tülkü onlarin toyuq-cücələrinə dadanıbmış, gündə bir-iki toyuq yoxa çıxırmış. Nəticədə tələ qurub həmin tülküləri tutublar. Elə o vaxtan da bu tülkülər restoranın həyətindəki kiçik bir qəfəsə salınıb. Restoran işçisinin dediyinə görə, artıq həmin tülküləri ət yeməklə yanaşı qoz-fındıq yeməyə də öyrədiblər:

«Tülkülər qoz-fındıqla dolanır, bundan başqa, restorandan çıxan artıq yeməkləri, ət və sür-sümük veririk».

ŞAMAXIDAKI 10 YAŞLI AYI

İndi də Şamaxıdakı ayıdan danışım. Qəbələdə axtarıb tapa bilmədiyim sag ayını Şamaxının girişindəki «Turist» restoranının həyətində, Bakı-Şamaxı yolununu bir-iki metrliyində tapdım. 10-12 kvadratmetrlik dəmir qəfəsdə müştəriləri əyləndirən həmin ayı 2001-ci ildən restoranın həyətindəki qəfəsdə saxlanır.

Bu ayı qış-yay açıq havada olan həmin qəfəsdə qalır
Bu ayı qış-yay açıq havada olan həmin qəfəsdə qalır. Bakıdan Şamaxı istiqamətində hərəkət edən bəzi maşınlar bu restoranda 5-10 dəqiqəlik dayandığından, ayının gecələri çıxmaq şərti ilə günü müştəriləri əyləndirməklə keçir. Restorandan çıxan artıq yeməklərlə qidalanan ayıya tamaşa edən, əylənən müştərilər də hərəsi bir şey verir. Kimi meyvə, kimi çörək, kimi də plastik butulkalarda şirə. Müştərilərin təəccübünə səbəb olan səhnələrdən biri də ayının «Coca-Cola» butulkasını necə açıb başına çəkməsidir.

Ayıya armud verən restoran işçisinin dediyinə görə, onu qəfəsdə saxlamaqla hansısa qanunu pozmurlar və bundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də xəbəri var. İşçinin dediyinə görə, həmin ayını körpəliyində Bakı zooparkından alıb gətiriblər və bütün sənədləri də qaydasındadır.

Həmsöhbətim ayının belə qəfəsdə saxlanılmasında da problem görmür.

Restoran işçisinin adi baxdığı səhnə Qəbələdə olan və gördüklərini «The Sun» qəzetinin saytı ilə bölüşən britaniyalı Deril Uillard (Daryl Willard) tərəfindən şahidi olduğu səhnə barbarlıq kimi qiymətləndirilib.

«BU, AZƏRBAYCANIN İMİCİNƏ BİRBAŞA XƏLƏL GƏTİRƏN MƏSƏLƏDİR»


Heyvanları Mühafizə Cəmiyyətinin rəhbəri Azər Qarayev də insanların əylənməsi üçün restoranlarda, istirahət mərkəzlərində heyvanların barmaqlıqlar arasında saxlanmasına mənfi yanaşır. O hesab edir ki, bu, insanlığa yaraşmayan hərəkətdir.

Azər Qarayev
Azər Qarayev deyir ki, nəinki Azərbaycanın ucqar rayonlarında, elə paytaxt Bakıda da heyvanların qəfəslərə salındığı restoranlar az deyil:

«Bu, anormal bir praktikadır. Əgər vəhşi heyvana baxmaq istəyirsənsə, bunun üçün zoopark var, vəhşi təbiətdə parklar var. Axı bu heyvanları restoranlarda saxlamağın nə xeyri var. Bu, Azərbaycanın imicinə birbaşa xələl gətirən məsələdir. Azərbaycana əcnəbilər gəlir. Bir də heyvanlara belə yanaşmalar bizim gələcəyimiz olan uşaqlara hansı tərbiyəni verə bilər?».

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də heyvanların iaşə yerlərində əyləncə üçün saxlanmasını pisləyir.

«VƏTƏNDAŞLAR BOYKOT ELƏSİNLƏR»

Nazirlik bunu insanlığa yaraşmayan hal kimi qiymətləndirir və hesab edir ki, rəsmi qurumların gördüyü tədbirlərlə yanaşı vətəndaşlar da vəhşi heyvanların qəfəslərdə saxlandığı istirahət və əyləncə məhkəzlərini boykot eləməlidirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın AzadlıqRadiosuna verdiyi məlumata görə, hazırda iaşə obyektlərindən götürülmüş iki ayı Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzində reablitasiya olunur.

İradə İbrahimovanın sözlərinə görə, nazirlik yaxın günlərdə paytaxt Bakı da daxil olmaqla bütün ölkə üzrə iaşə obyektlərində keçirilən reydlərin nəticəsini açıqlayacaq. Xidmət rahbərinə görə, onda istirahət mərkəzlərindən, restoranlardan nə qədər vəhşi heyvan götürüldüyü ictimayətə bəlli olacaq. Qaldı kı Şamaxıdakı restoranda ayının saxlanmasına, nazirliyin hansısa razılığının olması ilə bağlı deyilənlərə, İradə İbrahimova deyir ki, qanun heç bir halda heyvanların istirahət mərkəzlərində saxlanmasına yol vermir.

Şərhləri göstər

XS
SM
MD
LG