Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:28

Beynəlxalq Yazarlar Günü


Ali Məhkəmənin Plenumunun bugünlərdə Eynulla Fətullayevlə bağlı çıxardığı qərar bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının qəzəbinə tuş gəlib.

“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı bəyanat yayaraq Azərbaycan hökumətini Eynulla Fətullayevə qarşı bütün ittihamları geri götürməyə və onu dərhal azad etməyə çağırıb. Eyni çağırışı «Amnesty International» təşkilatı da edib. Hər iki qurum bəyan edib ki, jurnalist hələ də qurama ittihamlarla barmaqlıqlar arxasındadır.

HÖKUMƏTİN ÜMİDSİZ MANEVRLƏRİ

“Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Georgi Qoqia bildirib ki, Azərbaycan hökuməti Eynulla Fətullayevi dərhal azad etməli və ədaləti təhqir etməyə son qoymalıdır.

“Ancaq hakimiyyət nümayəndələri onu həbsdə saxlamaq üçün yeni saxta üsullar qururlar və açıq şəkildə beynəlxalq öhdəlikləri pozurlar. Hakimiyyət elə manevrlər edir ki, guya onlar Avropa Məhkəməsinin qərarını yerinə yetirirlər. Amma bununla heç kimi aldada bilməzlər. Aydın məsələdir ki, onlar yanlış ittihamla artıq 3 ildən artıq həbsdə yatan jurnalisti susdurmağa davam edirlər” - deyə təşkilatın bəyanatında qeyd olunur.

“Amnesty İnternational” təşkilatı da yazır ki, Eynulla Fətullayevi həbsdə saxlamaqla Azərbaycan Avropa Məhkəməsinin hökmündən yayınmağa cəhd edib və əlavə edir ki, ölkə rəhbərliyinin manevrləri göstərir ki, hökumət tanınmış tənqidçisi olan Eynulla Fətullayevi həbsdə saxlamaq üçün dəridən-qabıqdan çıxır.

AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT HAZIRLANIB


Noyabrın 11-də Ali Məhkəmənin Plenumu Eynulla Fətullayevin 3 ildən çoxdur həbsdə yatmasına səbəb olan iki məhkəmə qərarına xitam versə də, vergidən yayınmaya görə, əlavə iş kəsib – 2 il 3 ay 15 gün. Həmin dövrü artıq barmaqlıq arxasında keçirdiyinə görə, bu cəza çəkilmiş hesab edilib və jurnalist azad edilib. Ancaq Avropa Məhkəməsinin qərarı ötən il jurnalistə qarşı açılan narkotik ittihamına şamil olunmayıb.

Vəkil Elçin Sadıqov deyir ki, onlar noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəklər ki, Eynulla Fətullayevi girov müqabilində azadlığa buraxsınlar. Üstəlik, Plenumun qərarından da yaxın günlərdə Avropa Məhkəməsinə şikayət edəcəklər. Artıq şikayət hazırdır.

Elçin Sadıqov
Elçin Sadıqov hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hökmü icra edilmədiyindən
Azərbaycana qarşı bəzi sanksiyalar qoyula bilər:

“Sanksiyaların xarakteri və dairəsini cızmaq bəri başdan qeyri-mümkündür. Ancaq Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə - bu, birinci iş deyil, Azərbaycan işlərin əksəriyyətində faktiki olaraq qərarları icra etmir - çox mümkündür sanksiya tətbiq etsin”.

HAKİMLƏR QANUNU BİLMİR?


Vəkil onu da bildirib ki, Eynulla Fətullayevə vergidən yayınma görə, 2 il 3 ay 15 gün kəsilməsi də qanunsuzdur. Hakimlər qanunda nəzərdə tutulmuş cəzadan artıq cəza verməklə qanunun imperativ tələblərini pozub. Belə ki, Eynulla vergi ödəməkdən yayınmaya görə məsuliyyətə cəlb edildiyi dövrdə həmin cinayətə görə maksimum həbsin müddəti 6 ay olub.

31 may 2007-ci ildən sonra isə qanuna dəyişiklik olunub və maddənin sanksiyası artırılıb.

Hərçənd Azərbaycanda çoxları düşünür ki, Eynulla Fətullayevin həbsi və onunla bağlı məhkəmə qərarları hüquqi müstəvidən çoxdan çıxıb və artıq siyasi çalar alıb.

"İÇƏRİDƏKİ JURNALİST ÇÖLDƏKİLƏRƏ GÖRK OLMALIDIR"


Qənimət Zahid
“Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidə görə, hakimiyyət məqsədli şəkildə jurnalisti içəridə saxlayır:

“İçəridə bir və ya bir neçə jurnalist olmalıdır ki, çöldəkilərə görk olsun. Məsələnin mahiyyəti budur. Azərbaycan hakimiyyəti narahatdır ki, həbsxanada jurnalist qalmazsa və jurnalist həbsinə ümumiyyətlə son qoyularsa, ölkədə söz azadlığı yeni mərhələyə keçə bilər. Buna görə də Eynulla Fətullayevin məsələsində belə dirənib. Bütün qanunsuzluqları edəcək ki, hökmən içəridə jurnalist olsun”.

BEYNƏLXALQ YAZARLAR GÜNÜDÜR

Bu arada noyabrın 15-i dünyada Beynəlxalq Yazarlar Günü kimi qeyd olunur. “Guardian” qəzeti yazıb ki, ötən il dünyada yazarların həbsinə mahnı üçün yazılmış sözlərdən tutmuş, şəxsi gündəlikdəki qeydlər də səbəb olub. Azərbaycanda yazar narkotik saxlama ittihamı ilə, Gürcüstanda küçə işarəsini silməyə, Panama və Mərakeşdə ətraf mühit barədə yazdıqlarına, Kamerunda mahnıya şeir yazdığına, Tibet və İranda bloq yazdıqlarına görə həbs olunublar.

Yazarlar Yəməndə oğurlanıb, Sudanda döyülüb, Mavritaniyada həbs olunub, Meksikada isə öldürülüb.

Azərbaycanda isə hələ də bir jurnalist və 2 bloqqer həbsdədir. Beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq...
XS
SM
MD
LG