Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:54
24 saylı Nizami birinci seçki dairəsindən “Demokratiya” seçki blokunun namizədi Ramin Hacılı bildirdi ki, bu gün eləvəziyyət yaranıb ki, bu durumdan heç bir gənc, heç bir vətəndaş razı deyil. O qeyd elədi ki, Azərbaycanda insana dəyərin artırılmasının tərəfdarıdırlar.

“Mən heç vaxt rüşvət almamışam və öz əxlaqımı bütün maddi sərvətlərdən üstün tutmuşam. Bunu hər bir Azərbaycan insanı demək istəyir. Lakin bu sistem Azərbaycan insanını bu cür şərəfli yaşamaqdan məhrum edən bir sistemdir. Bu gün Azərbaycandakı sistem Azərbaycan insanına diqtə edir ki, öz balasına görə bu cür şərəfli həyat tərzindən imtina eləsin. Bundan heç kim məmnun deyil. Bu sistemdən, hazırkı vəziyyətdən məmnunluq yoxdursa biz bu sistemin dəyişməsini istəyirik. Biz hər hansı fərdləri günahlandıraraq növbəti fərdlə əvəz olunmasında vasitəçi olmaq istəmirik. Biz konkret Azərbaycanda fundamental dəyişiklikləri, sistemin dəyişməsini, milli mentalitet və din adı altında bizə qondarma dəyərlər kimi sırınan stereotiplərdən azad olmağın tərəfdarıyıq”.

Ramin Hacılı çıxışının sonunda əynindəki köynəyin sinəsindəki Məmməd Əmin Rəsulzadənin şəklini göstərərək “Biz sizlərə demokratiya dəyərlərini gətirmiş Rəsulzadə dəyərlərini təqdim edirik və biz o dəyərlər ətrafında birləşməyin tərəfdarıyıq” deyə çıxışını bitirib.

“CƏNAB PREZİDENT, BU CÜR ÖZBAŞINALIĞA BIR ƏNCAM QILIN”


“İnsan naminə” seçki blokun 24 saylı DSK-dan namizədi Əlyar Şirməmmədov 15 saylı Yasamal birinci Seçki dairəsindən jurnalist namizəddən prezidentə şikayət elədi.

“İcra hakimiyyəti bir nəfər jurnalistin xeyrinə işlər görür və həmin namizəd özü isə bir çox çıxışlarında göstərir ki, mən prezident tərəfindən təyin olunmuşam. Mən burdan prezidentə müraciət ünvanlamaq istəyirəm-Cənab Prezident 15 saylı Yasamal birinci seçki dairəsində bu cür özbaşınalığın qarşısının alınmasına bir əncam qılın”.

24 saylı Nizami birinci seçki dairəsindən Yeni Azərbaycan partiyasının namizədi olan, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev debatda iştirak etmirdi.

“İNSANLARI ELƏ EDİRLƏR Kİ, ONLAR ANCAQ ÇÖRƏKPULU QAZANMAQ MƏCBURİYYƏTİNDƏ QALSINLAR”


Əlyar Şirməmmədov təhsilin və səhiyyənin vəziyyətinə də toxunub:

“Axı Azərbaycanda pensiyanın 85 manat, məvacibin 100-150 manat olduğu dövrdə insanın sərbəst düşünməyə, kitab oxumağa vaxtı qala bilməz. İndiki dövrdə insanları elə edirlər ki, onlar ancaq çörəkpulu qazanmaq məcburiyyətində qalsınlar. Tibb sahəsində də böyük çatışmazlıqlar var. Orta səviyyəli insanların il ərzində bir dəfə də olsun müayinə olunmağa pulları bəs eləmir”.

45 saylı Abşeron Seçki dairəsindən “İslahat” seçki blokunun namizədi, BAXCP üzvü Niyaməddin Orduxanov öz çıxışına Müsavat başqanı İsa Qəmbərlə, AXCP sədri Əli Kərimliyə qarşı bəzi ittihamlar səsləndirməklə başladı və seçiciləri onlara yox, islahat blokunun namizədlərinə səs verməyə çağırdı:
Sabir Rüstəmxanlı

“İsa Qəmbər siz 2005-ci ildə müstəqil namizəd Adil Əliyevə məğlub oldunuz. Adil Əliyevin qorxusundan dairənizi də dəyişdiniz. Siz nə gündəsiz, bunun fərqindəsinizmi?!”

“Qarabağ” seçki blokundan namizəd İsa Cəfərov Abşeron rayonunda əsasən də yay aylarında içməli su probleminin olmasından danışdı

“İslahat” blokunun namizədi Niyaməddin Orduxanov isə Abşeronda bu problemin artıq həll olunduğunu bildirdi.

“MƏN BİLMİRƏM, BİR NAZİRİ QORUMAQ XATİRİNƏ BU QƏDƏR ADAMI İNCİTMƏYƏ DƏYƏR?”


72 saylı Yardımlı-Masallı Seçki dairəsindən “Demokratiya” blokunun namizədi, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı debatları izləyərkən üzüldüyünü dedi.

Daha sonra o, Yardımlıda ünvanlı sosial yardımların verilməsindəki problemlərə toxundu:

“Mənə adamlar tez-tez ünvanlı sosial yardımların vaxtında verilməməsindən və düzgün bölünməməyindən şikayət edirlər. Mən bilmirəm bir nazirə hörmət eləmək, bir naziri qorumaq xatirinə bu qədər milləti narazı salmağa dəyər, dəyməz. Bu çox ciddi məsələdir”.

“QARABAĞI QAYTARMALI OLAN OĞLANLAR QARADAĞIN DAŞ KARXANASINDADIR”


72 saylı Yardımlı-Masallı DSK-dan öz namizədliyini irəli sürən Müsavat partiyasının üzvü Elşad Paşasoy prezidentə müraciət edərək onun siyasətinə qarşı çıxan məmurların qarşısını almağa çağırdı:

“Ölkə başçısına üzümü tutaraq çox xahiş edirəm ki, onun bu gün iş yeri açmaq siyasətinə qarşı fəaliyyət göstərən məmurlar var və onları durdursun, onları dayandırsın. Bizim seçki prosesinə xələl gətirməsi hallarına son qoysun”.

Bundan başqa, o, Yardımlıda yol, məktəb, torpaq islahatları və gənclərin işsizliyi ilə bağlı xeyli problemlərin olduğunu da bildirdi.

“Yardımlının işsizlər ordusu olan gənclər, bu gün Qarabağı qaytarmalı olan oğlanlar Qaradağın daş karxanasında böyrəkləri çürümüş vəziyyətdədir. ”

Astan Şahverdiyev
Yeni Azərbaycan partiyasından namizəd Sərvər Əliyev Heydər Əliyev və İlham Əliyev siyasəti sayəsində Azərbaycanın regionda lider dövlət olduğunu bildirdi və seçiciləri populist çıxışlara uymamağa çağırdı:

“Əziz seçicilər, biz demirik rayonlarda problem yoxdur. Amma biz sevinirik ki, bu problemlər öz həllini tapır. Ona görə də İctimai TV-nin efirindən populist çıxışlar edənlərə inanmayın”.

“MƏN ÜZÜMÜ MEHDİYEV FAMİLİYALI NAMİZƏDƏ TUTARAQ DEYİRƏM...”


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən iki namizədi çıxmaq şərtilə debat sona qədər YAP-ın həmin dairədən namizədi, Milli Məclisin sabiq üzvü Astan Şahverdiyev arasında müxalifət və bitərəf namizədlərin deyişməsi ilə davam edib.

Bitərəf namizəd Sərvər Mehdiyev bildirdi ki, icra hakimiyyəti ilə görüşdə o etiraf edib ki, prezident aparatından göstəriş gəlib, Astan Şahverdiyev deputat təyin edilməlidir.

YAP-ın namizədi Astan Şahverdiyev üzünü Sərvər Mehdiyevə tutaraq:

“Mən üzümü Mehdiyev familiyalı şəxsə tutaraq deyirəm ki, onun dedikləri bohtandan başqa bir şey deyil”.

Bitərəf namizəd Sərvər Mehdiyev: Mən də üzümü Şahverdiyev familiyalı namizədə üzümü tutub deyirəm ki, mənim dediklərimin hamısı həqiqətdir”.

AXCP üzvü təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Məhəmməd Məcidli: “Astan Şahverdiyev siz deputat olduğunuz beş il ərzində bir dəfə çıxış etməyə cürət etmisiniz, onda da himnin sözlərinin uzun olduğunu bildirmisiniz”.

“MƏN TƏƏSSÜF EDİRƏM Kİ, BELƏ PRİMİTİV İNSANLARLA BIR STOL ARXASINDA OTURMUŞAM”


Astan Şahverdiyev (YAP): “Mən təəssüf edirəm ki, belə primitiv insanlarla bir stol arxasında oturmuşam. Gedin parlamentdəki çıxışların stenoqramı var, görün mən elə çıxış etmişəmmi?”

AXCP üzvü təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Məhəmməd Məcidli: “Astan Şahverdiyev sizin primitiv deputat olmağınız heç kimdə şübhə doğurmur. Allah bizi primitiv deputatlardan qorusun”.

YAP namizədi Astan Şahverdiyevin qaçqınların problemlərinin olmaması ilə bağlı fikirlər səsləndirməsindən sonra digər namizədlər də onun fikirlərinə etiraz elədilər.

Bitərəf namizəd Xəlisə Şahverdiyeva: “Astan Şahverdiyev deyir qaçqınların problemi yoxdur. Amma sizin hər biriniz hansı problemlərin olduğunu yaxşı bilirsiz. İndiyəcən heç eşitmisinizmi sizin deputatınız olan Astan Şahveriyev bu məsələlərlə bağlı bir dəfə parlamentdə məsələ qaldırsın?”

Astan Şahverdiyev (YAP): “Mən başa düşmürəm siz bura mənim fəaliyyətimi reviziya eləməyə gəlmisiniz, yoxsa öz platformanızdan danışmağa. Öz işinizdə olun!”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG