Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:54

Şəkidə seçki zarafatı


Abid Yusifov
SƏSVERMƏ BİR OTAQDA, MÜŞAHİDƏÇİ AYRI OTAQDA

Şəki camaatının baməzəliyini, hər şeyə zarafatla yanaşdığını bilməyən yoxdur. Deyəsən, şəkililərin bu şakəri parlament seçkilərində də özünü göstərəcək.

Şəkidəki bir neçə məntəqədə səsvermə bir otaqda gedəcək, müşahidəçilərsə başqa bir otaqda oturacaqlar. Yəni, işi-gücü səsvermənin gedişatını izləmək olan müşahidəçilər yan otaqda oturmalı olacaqlar. Belədə onlar hər şeydən bixəbər qalmayacaqlar ki?

Söhbət 113 saylı Şəki şəhər Seçki Dairəsinin dörd məntəqəsindən gedir: 10, 11, 16 və 22 saylı məntəqələrdən. 11 saylı məntəqə seçki komissiyasının sədri Abid Yusifov:

- Müşahidəçilərə qarşı otaqda yer ayırmışıq. Amma səsvermə burda olacaq.

- Bəs müşahidəçilər o biri otaqdan səsverməni necə izləyəcəklər?

- Yox, o biri otaqda...Çox olsalar o biri otaqda oturacaqlar. Az olsalar burda səsvermə otağında yer yaradacağıq. Çox olsa müşahidəçilərə iki otaq ayırmağı fikirləşmişik. Olan şərait budur...

- Bəs necə müəyyən edəcəksiz ki, müşahidəçilərdən kim səsvermə otağında otursun?

- Ola bilsin ki, bir partiyadan beş müşahidəçi olsun, onun üçü səsvermə otağında oturar, ikisi müşahidə otağında. Müstəqil müşahidəçilər burda
Səbuhi Mustafayev
oturar. Hansı partiyadan müşahidəçi çox olsa yeri-şəraiti nəzərə alıb....Nəzarət təşkil olunacaq.

Həmin dairənin 22 saylı məntəqəsinin sədri Səbuhi Mustafayev Şəkidə olan müxbirimiz Nüşabə Fətullayevaya deyib ki, məntəqədə yer az olsa da, müşahidəçiləri yerləşdirməyə çalışaşacaq:

- Müşahidəçilər üçün yer azdır. Amma yerləşdirəcəyik. Bir on nəfər müşahidəçi yerləşər.

BİR MƏNTƏQƏDƏSƏ SƏSVERMƏ KABİNƏLƏRİ AYRI OTAQDA YERLƏŞDİRİLƏCƏK


Bunu da 113 saylı dairədən “AXCP-Müsavat” seçki blokundan deputatlığa namizəd Sahib Kərimov deyir. O məntəqələrdəki vəziyyətlə bağlı dairə seçki komissiyasına müraciət edib. Kərimovun fikrincə, müşahidəçilərin ayrıca otaqda yerləşdirilməsi absurddur. Bu da səsvermənin şəffaf keçirilməməsinə, eləcə də seçkinin nəticələrinin saxtalaşdırılmasına xidmət edir:

“Orda dörd yararsız məntəqə komissiyası var. Bu məntəqələrdə də total saxtakarlığa hazırlaşırlar. Hətta o məntəqələrdən birində səsvermə kabinələri başqa otaqda yerləşir. Və otağın yan tərəfindən bir pəncərə var ki, illərdir ondan saxtalaşdırma üçün istifadə
Sahib Kərimov
olunur”.

Sahib Kərimov bununla bağlı dairə seçki komissiyasına müraciət edib. Ona bildiriblər ki, bu seçkidən keçdi, gələcək seçkilərdə onun təklifi nəzərə alınacaq.

DSK SƏDRİ: “HAMI BƏYƏNDİ, BİR SAHİB KƏRİMOV BƏYƏNMƏDİ”

Elə biz də 113 saylı Dairə Seçki Komissiyasının sədri Rəhman Qədirzadə ilə əlaqə yaratdıq. O gah məntəqələrin standarta cavab verdiyini dedi, gah da dedi ki, gələcək seçkilərdə bu məsələyə baxılacaq:

“İzahatımız budur ki, orda səsvermə otağı gizli olmalıdır. Amma qutu-zad görünən yerdə olacaq. Yəni, bütün monitorinq qrupları bəyəndi, bir Sahib Kərimov bəyənmədi?”.

Amma Rəhman Qədirzadə ardınca da əlavə edir ki, Sahib Kərimovun şikayətinə baxılıb. Məlum olub ki, bildirişlər paylanıb və orda səsvermə məntəqələrinin ünvanı da göstərilib. Ona görə indilik nəsə etmək mümkün deyil:

Mirəli Hüseynov
“Amma gələcəkdə müraciətlər nəzərə alınacaq”.

“BELƏ MÜŞAHİDƏNİN ƏHƏMİYYƏTİ YOXDUR”


113 saylı Şəki şəhər Seçki Dairəsində Seçki Məcəlləsinin tələbləri birbaşa pozulub. Demokratiyanı Öyrənmə İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov belə deyir. O, müşahidəçilərin ayrıca otaqda yerləşdirilməsini məntiqə sığmayan hərəkət sayır.

Mirəli Hüseynov deyir ki, müşahidəçi səsverməni görə bilmirsə, bunun dəyəri, əhəmiyyəti itir. Müşahidəçilər elə yerləşdirməlidir ki, onlar səsvermənin gedişatını aydın görsünlər:

“Məntəqə elə qurulmalıdır ki, seçki prosesi aydın görünsün: seçki komissiyasının fəaliyyəti, seçki qutuları, səsvermə, kabinələr. Müşahidəçi bunları aydın görə bilmirsə, müşahidənin əhəmiyyəti itir. Seçki Məcəlləsində aydın göstərilir ki, müşahidəçilərin seçki prosesini izləməsi təmin edilməlidir. Hətta MSK-nın seçki məntəqələrinin qurulması ilə bağlı təlimatı da var. Əlbəttə, məntəqə komissiyalarının bu cür qurulması MSK-nın təlimatına və qanuna ziddir”.

Mirəli Hüseynov bunu da deyir ki, qanunda müşahidəçilərin hansı məsafədə oturması ilə bağlı dəqiq göstəriş yoxdur. Dəqiq göstəriş budur ki, müşahidəçilər bütün prosesi – səsvermənin gedişini və səslərin sayılmasını aydın şəkildə izləmək imkanına malik olsunlar. Amma bütün hallarda qanunda göstərilir ki, müşahidəçi nədənsə şübhələnirsə, onun yaxından izləməsinə şərait yaradılmalıdır.

Somda qeyd edək ki, Sahib Kərimov məsələ ilə bağlı MSK-ya müraciət edib.
XS
SM
MD
LG