Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

«Yuxarı eşalondakıların təxribatı…»


Nardaran ağsaqqalları və hüquq müdafiəçiləri bir araya gələrək Əli Hüseynovun hüquqlarını müdafiə komitəsini yaratdılar
Nardaran ağsaqqalları və hüquq müdafiəçiləri bir araya gələrək Əli Hüseynovun hüquqlarını müdafiə komitəsini yaratdılar
«9 nəfərdə ibarət müdafiə komitəsi yaradılır. Siyahıda Eldəniz Quliyev, Akif Nağı, Qurban Cəbrayıl, Abbasağa Məmmədov, Xudu Xuduyev və sair».

Sentyabrın 29-da Nardaran ağsaqqalları və bəzi hüquq müdafiəçiləri bir araya gələrək keçən həftə həbs olunmuş Hacı Əli Hüseynovun hüquqlarını müdafiə komitəsini yaratdılar.

Müxtəlif təşkilatların təmsilçiləri olan 9 nəfərdən ibarət komitəyə Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev rəhbərlik edəcək.

«ETİQADLI İNSANA QARŞI…»

Eldəniz Quliyev deyir ki, Azərbaycanda hüquq mühafizə orqanları növbəti dəfə etiqadlı insana qarşı ədalətsiz hüquqi addım atıblar. Günahsız adamın hüququnu qorumağı o, özünə borc bilir. Eldəniz Quliyev hesab edir ki, bu məsələ ölkədə artıq ictimailəşib. Onun fikrincə, qanunun aliliyini əsas götürərək hansısa qeyri qanuni məsələyə qarşı çıxmaq yalnız kimisə müdafiə etmək yox, həm də dövlətçiliyi qorumaqdır.

«Əgər ədalətsiz, qanundan kənar hərəkət qanun keşiyində dayanan adamlar tərəfindən törədilirsə, bu, artıq ikiqat mənfi təsir göstərir.
Eldəniz Quliyev
Bu cür hərəkətlərə qarşı çıxmaq əslində dövlətçiliyin qorunması deməkdir».

Hacı Əli Hüseynov sentyabrın 22-də həbs olunub. Həmin vaxt o, Nardaran kəndində divarlara İslam alimlərinin kəlamlarını və «Quran»dan sitatlar yazırmış. Kənd camaatının bir qismi onun məhz buna görə həbs edildiyini düşünür. Polis isə Hacı Əli Hüseynovun üzərində heroin aşkarlandığını bildirir.

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin sentyabrın 24-də yaydığı məlumata görə, Hacı Əli Hüseynovun qanının müayinəsi zamanı onun narkotik maddədən istifadə etdiyi təsdiqlənib.

Bundan sonra Sabunçu rayon Məhkəməsi onu 2 ay müddətinə azadlıqdan məhrum edib.

«DÖVLƏTİN YUXARI EŞALONUNDA OTURANLARIN TƏXRİBATI…»


Nardaran ağsaqqallarından İslam partiyasının keçmiş sədri Hacı Hacıağa Nuriyev bu hadisəni hakimiyyətin seçki qabağı növbəti oyunu adlandırır. O hesab edir ki, dövlətin yuxarı eşalonunda təmsil olunanlar bununla seçki ərəfəsində nardaranlıları təxribata çəkmək istəyirlər. Amma onun fikrincə, yaxşı olar ki, kənd camaatı təmkinli olub qanun çərçivəsində hərəkət etsin.

Hacı Hacıağa Nuriyev
DİN mətbuat xidmətindən Orxan Mansurzadə isə deyir ki, Hacı Əli Hüseynov sentyabrın 22-də konkret əmələ görə saxlanılıb və bu işlə bağlı istintaq gedir.

«QURANİ-KƏRİM» MÜƏLLİMİNƏ QARŞI HEROİN İDDİASI»


Dini sferada çalışan hüquq müdafiəçilərinin fikri də kənd ağsaqqallarının mövqeyindən o qədər də fərqlənmir.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzi-nin rəhbəri İlqar İbrahimoğlu da Hacı Əli Hüseynovun həbsini əsassız sayır. O deyir ki, Hacı Əli Hüseynov fikirlərinə görə tutulub və bu qeyri-qanuni həbsdir. İlqar İbrahimoğlunun fikrincə, Hacı Əli Hüseynov adi sıradan birisi deyil, «Quran» müəllimidir. Belə bir adamı narkotik vasitələrlə əlaqələndirib həbs etmək təkcə hüquq pozuntusu yox, həm də Azərbaycan dindarlarının heysiyyatını tapdalamaqdır.

İlqar İbrahimoğlu
DEVAMM rəhbəri Hacı Əli Hüseynovun hüquqlarının müdafiə komitəsinin yaradılmasını da məqsədəuyğun hadisə adlandırır:

«Bir Quran müəlliminin cibinə narkotik maddə atmaq vaxtı ilə satirik şair Mirzə Sakitə, jurnalist Eynulla Fətullayevə qarşı edilən hərəkətin davamıdır. Yəni vaxtilə jurnalistlərə qarşı edilən hərəkət artıq Quran müəlliminə edilir. Bu mövzunun üzərinə gedilməsə sabah başqa şeylər də baş verəcək».

«VİCDAN MƏHBUSU?»


İlqar İbrahimoğlu hesab edir ki, Hacı Əli Hüseynovun beynəlxalq aləmdə vicdan məhbusu kimi tanınmasına nail olunmalıdır.

Hacı Əli Hüseynov 2009-cu il yanvarın 9-da Nardaran kəndində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verdiyinə görə, bir il azadlıqdan məhrum edilib. O, bir neçə ay əvvəl azadlığa buraxılıb.
XS
SM
MD
LG