Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

“Gedib məktəbi görəndə havalanıram...”


“Azərbaycan məktəbləri müasir, beynəlxalq standartlara uyğun məktəblər sayıla bilməz”
“Azərbaycan məktəbləri müasir, beynəlxalq standartlara uyğun məktəblər sayıla bilməz”
- Mən də istəyirəm ki, yaxşı məktəbə gedim. İstəyirəm ki, məktəbimiz yaxın olsun. Yolumuz çox uzaqdır. Qışda qar yağanda üşüyə-üşüyə gedirik.

Bu, Tovuz rayonunun İsakənd orta məktəbinin 6-cı sinif şagirdi Nazlı Əkbərlinin arzusudur. XXI əsrin ilk onilliyində İsakənd orta məktəbinin şagirdlərinin oturmağa normal partaları belə yoxdur:

- Məktəbimiz iki mərtəbəlidir. Məktəb uçqun vəziyyətdədir. Yuxarıdakı sinif aşağıdakı sinfə çökəsidir. Bir dirəklə saxlayırlar.

Valideynlər isə deyirlər ki, övladlarını bu məktəbə göndərməkdən başqa əlacları yoxdur:

ŞAGİRDİN OTURMAĞA PARTASI BELƏ YOXDUR


- Məktəbi gedib görəndə havalanıram. Məktəbdə nə dərs deyirlər, nə müəllim öz işini bilir, nə də şagird. Qayda-qanun yoxdur o məktəbdə. Valideynlər də ki, qalmışıq beləcə əlacsız...

- Məktəbin şəraiti olduqca pisdir. Şagirdin oturmağa partası belə yoxdur. Məktəb elə bir vəziyyətdədir ki, insan kənardan baxanda qorxur.

- Məktəbdə dərs keçirilmir. Uşaqdan odun pulu alırlar amma peç qalamırlar. Uşaq qalır soyuqda, məktəbə getmək istəmir. Belə vəziyyətdə uşağı belə bir məktəbə göndərmək nəyə lazımdır.

TƏDRİSƏ YARAMAYAN MƏKTƏBLƏRDƏ TİKİNTİ-BƏRPA İŞLƏRI APARILIR

Təhsil Nazirliyinin məlumatın görə, Azərbaycanda 2010-cu ildə 49 yeni məktəb binası və 10 mövcud məktəbə əlavə tədris korpuslarının inşası başa çatdırılıb
Bu cür şəraitsiz məktəblərə tək kəndlərdə rast gəlinmir. Elə paytaxt Bakıda da belə məktəblər az deyil. Təhsil Nazirliyinin rəsmisi Aydın Əhmədov deyir ki, tədrisə yaramayan məktəblərdə mərhələli şəkildə tikinti-bərpa işləri aparılır:

- Ölkədə 4 min 560 məktəb var. Müəyyən şəraiti olmayan məktəblərimiz təəssüf ki, hələ də var. Amma bu ilbəil aradan qaldırılır.

Təhsil Nazirliyinin məlumatın görə, Azərbaycanda 2010-cu ildə 49 yeni məktəb binası və 10 mövcud məktəbə əlavə tədris korpuslarının inşası başa çatdırılıb. Cari ildə həmçinin 25 yeni məktəb binasının tikintisinə başlanılıb. 2012-ci ilə qədər 250 məktəbdə yeni binanın və əlavə korpusların tikintisi, həmçinin əsaslı təmir işləri nəzərdə tutulur. Lakin tikinti və bərpa işlərinə xərclənən vəsaitlə bağlı heç bir məlumat verilmir.

Tədris ocaqlarının tikinti-bərpası ilə bağlı araşdırma aparan iqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, nəticələrə görə, ən böyük problem vəsaitin qeyri-şəffaf xərclənməsidir. Z.İsmayılın sözlərinə görə, üstəlik, yeni tikilmiş və təmir olunmuş məktəblərin də vəziyyəti o qədər də yaxşı deyil:

AZƏRBAYCAN MƏKTƏBLƏRİ MÜASIR, BEYNƏLXALQ STANDARTLARA UYĞUN MƏKTƏBLƏR SAYILA BİLMƏZ

- Nə qədər böyük vəsaitlər qoyulsa da, Azərbaycan məktəbləri müasir, beynəlxalq standartlara uyğun məktəblər sayıla bilməz. Sadəcə olaraq sovet dövründən qalma məktəblərin bir qədər kraskalı və bəzəkli formasıdır. Məktəbə fundamental təhsil ocağı kimi baxılmaması məktəb probleminin kökündə duran məsələdir.

Amma Təhsil Nazirliyinin rəsmisi Aydın Əhmədov yeni məktəb binalarının tikintisi və təmiri ilə bağlı səslənən iddialarla razılaşmır. O, yeni tikilən və təmir olunan məktəblərlə bağlı ətraflı məlumatların verilməsini reklam kimi qiymətləndirdiyindən, bu cür məlumatların verilməsinə ehtiyac olmadığını deyir:

BAŞA DÜŞMÜRƏM, BU QEYRİ-ŞƏFFAFLIQ NƏDİR?

- Başa düşmürəm, bu qeyri-şəffaflıq nədir? Hansı rayonda, hansı ildə, hansı məktəblər tikilib, hansı təmirlər, yenidənqurma işləri aparılıb bütün bunlar ümumi işlərdir, bu, reklam olunası bir iş deyil ki?! Vəsaitləri mən bilmirəm verilməlidir ki, hansı məktəbə nə qədər vəsait ayrılıb. Ölkədə bu qədər tikinti, yenidənqurma işləri gedir, hansı birində yazılır ki, bura nə qədər vəsait ayrılıb?

Etibar Əliyev
«XXI Əsr» Təhsil Mərkəzinin sədri Etibar Əliyev isə deyir ki, aidiyyatı qurumların biganəliyi ucbatından uzun illərdir hər yeni dərs ilini neçə-neçə şagirdlər uçuq, heç bir şəraiti olmayan sinif otaqlarında qarşılamağa məcbur olurlar. O, bunun əsas səbəbini ölkədə normal təhsil siyasətinin aparılmamasında görür:

DÖVLƏT ORQANLARI MƏSƏLƏYƏ BİGANƏ YANAŞIRLAR

- Dövlət orqanları bu məsələyə olduqca biganə yanaşırlar. Yəni, dövlətin buna nəzarət edən qurumları ilə icraçılar bir-biri ilə sanki danışıqlar şəklində fəaliyyət göstərirlər. Keyfiyyətsiz tikilib nə olsun? Nəzarətçi qurumlar elə hesab edirlər ki, hər halda indi müəyyən bir iş görülüb. Elə bil ki, dövlətin külli miqdarda vəsaiti korrupsiya üçün hesablanıb, korrupsiya üçün nəzərdə tutulub.


Nəzər yetir:

Gürcüstan məktəblərində nagd pul olmayacaq

«Məktəb uşaq sağlamlığına ziyandır»
XS
SM
MD
LG