Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

Gürcüstan məktəblərində nagd pul olmayacaq


Bu il Gürcüstan məktəblərində 3 semestr əvəzində 2 semestrlik sistem tətbiq olunacaq

Bu il Gürcüstan məktəblərində 3 semestr əvəzində 2 semestrlik sistem tətbiq olunacaq

Bu tədris ili Gürcüstanın ümumtəhsil məktəblərində islahatlarla müşahidə olunsa da, məktəblərdə problem hələ də qalmaqdadır. Təhsil və Elm Nazirliyinin əsas məqsədi yüksək təhsil və təhlükəsiz mühiti təmin etməkdir.

Təhsil Nazirliyi məktəblərdə təhlükəsizlik məsələsinin həllinə müşahidə kameraları quraşdırmaqla başlayıb. Xüsusi hazırlıq kursları keçən iki kişi və bir qadın məktəblərin təhlükəsizliyindən məsuliyyətli olacaq. Dərs ili başlamasına bir gün qalmış – sentyabrın 14-də Təhsil və Elm naziri Dmitri Şaşkin bunları deyib:

MÜŞAHİDƏ SİSTEMİ BÜTÜN İRİ ŞƏHƏRLƏRDƏ OLACAQ

- Müşahidə sistemi bütün iri şəhərlərdə olacaq, video kamerlar - yazan qurğularla təchiz edilib, onlar informasiyanı bir həftəyə yaxın özündə saxlaya bilər. Bu kameralar direktor və məsul şəxslərin otağına qoşulmuş olacaq. Biz heç kimə imkan verməyəcəyik ki, 10 nəfərdən ötrü bütün kollektiv əziyyət çəksin. Uşaqlar məktəbə oxumağa gəlirlər, kim “dikbaş” olmaq istəyirsə, birinci mərhələdə məktəbi təmizləyəcək. İkinci mərhələdə Samtredidəki xüsusi məktəb onlarla fərdi olaraq məşğul olacaq.

Bu il Gürcüstan məktəblərində 3 semestr əvəzində 2 semestrlik sistem tətbiq olunacaq. Həmçinin tədris proqramına yeni fənlər – mülki müdafiə, bədən tərbiyəsi yerinə idman fənləri daxil edilib. Bu ildən məktəb bufetləri üçün kart sisteminin tətbiqinə başlanıb və məktəbdə nağd puldan istifadə edilməyəcək.

Bu il məktəblərin optimallaşdırılması da aparılıb, bir neçə məktəb birləşdirilib. Məsələn, 44 və 49 saylı məktəblər birləşiblər.

NÖVBƏ PROBLEMİ


Bu səbəbdən isə 49 saylı məktəbdə dərslər iki növbədə keçirilir, şagirdlərin fikrincə, bu, problem yaradır. Çünki məşğələlər qaşqaralan vaxtda başa çatır:

- Bizim məktəbdə problem ikinci növbə ilə bağlıdır, idman seksiyalarına gedə bilmirik.

Müəllimlər isə deyirlər ki, maliyyə problemləri yenə də qalmaqdadır. Əmək haqları az olduğundan müəllimlər dərsdən sonra uşaqlarla əlavə məşğul olmaqda maraqlıdırlar.

DƏRSDƏN SONRA EVƏ QAÇIRAM Kİ, FƏRDİ DƏRSLƏR VERƏM

- Mən gizlətmirəm, şəxsi şagirdlərim var və dərsdən sonra evə qaçıram ki, fərdi dərslər verəm. Mən bununla yaşayıram, məktəbin verdiyi maaş kifayət eləmir. Məktəb müəllimlərinin əksəriyyətinin bu vəziyyətdə olduğu sirr deyil. Əgər sən xarici dil, gürcü və ya riyaziyyat müəllimisənsə, Allahın verib. Digərləri daha pis vəziyyətdədir.

Bunu xarici dil müəllimi Meri Caxua deyir.

Gürcüstanın Təhsil və Elm Nazirliyi bu il sosial müdafiəsiz uşaqları sevindirib, onları bir illik dərs vəsaiti ilə təmin edib
Gürcüstanın Təhsil və Elm Nazirliyi bu il sosial müdafiəsiz uşaqları sevindirib, onları bir illik dərs vəsaiti ilə təmin edib, il başa çatandan sonra həmin kitablar kitabxanaya qaytarılacaq.

KİTABIM YOX İDİ...


7-ci sinifdə oxuyan Temuri isə hər gün kitabxanaya baş çəkir ki, kitablarının gəlib-gəlmədiyini öyrənsin, baxmayaraq ki, dərslər 2 həftədir başlayıb:

- Mənim kimi sosial müdafiəsizlərə kitab paylanır və mən gəlmişəm ki, kitablarımın gəlib-gəlmədiyini soruşum.

- Deməli, valideynlərin sənə kitab ala bilmir?

- Yox. Keçən il mənim kitabım olmayıb.

- Bir il ərzində kitabın olmayıb?

- Keçən il mən məktəbə getməmişəm.

- Niyə?

- Ona görə ki, kitabım yox idi...

Dərs ili başlayanda valideynlərin əsas problemi dərslik almaqdır. Təhsil Nazirliyi dərslik distributorları ilə danışıqlar aparıb ki, kitablar qiyməti artırılmadan satılacaq və bu kitabların siyahısı nazirliyin saytında yerləşdiriləcək.

Təhsil və Elm nazirinin birinci müavini İrina Kurdadze:

- Ötən il biz iri distributorlarla danışıqlar apardıq və razılaşdıq ki, kitabları müəyyən edilmiş qiymətlərdən baha sata bilməzlər və danışıqlar nəticəsində bəzi obyektlərə kitablar gətirilir. Valideynlər həmin siyahı ilə məktəblərdə tanış ola bilər.

QİYMƏTLƏR UCUZ DEYİL


Buna baxmayaraq, valideynlərin əksəriyyəti ənənəvi olaraq kitab yarmarkasına üz tutublar. 3-cü sinifdə oxuyan qızı üçün kitab alan Nana Mamatelaşvili də deyir ki, bütün kitablar ona kifayət qədər baha başa gəlib:

- Biz birbaşa vağzala getdik, dəhşətli basabas vardı və qiymətlər yerindən asılı olaraq müxtəlif idi. Məsələn, gürcü dilindən tam komplekt bir yerdə 37 lariyə idi, biz 32-yə aldıq. Başqa bir yerdə soruşduq, kitablar 48 lariyə idi. Yəni müxtəlif yerlərdə qiymətlər fərqlidir. Ucuz deyil. Mənim bir uşağım var və mən ala bildim, ancaq 4 ya 5 uşağı olanlar necə edirlər, bilmirəm.

SİNİFLƏR QIZDIRILMIR

İrina Kurdadze
49 saylı ictimai məktəbin şagirdləri digər çətinliklərlə yanaşı qışda məktəbin soyuq olmasından da narazılıq edirlər:

- Qışda qızdırılmır, idman meydançası yoxdur, siniflər yaxşı deyil, idman zalları yoxdur, divarlar çirklidir, partalar sınıqdır.

Təhsil nazirinin müavini İrina Kurdadze isə deyir ki, Tbilisidə istimə sistemi ilə problem olmamalıdır:

MƏKTƏBLƏRDƏ BU CÜR PROBLEM OLMAYACAQ

- Məktəbin büdcəsindən asılı olmayaraq heç bir məktəbdə isitmə və elektriklə problem olmamalıdır. Kiçik büdcəli məktəblərə nazirlik əlavə vəsait köçürür, yəni məktəblərdə bu cür problem olmayacaq.

49 saylı məktəbin direktoru David Biçadze isə məktəbin isidilməsi probleminin həllini belə görür:

- Bu problem var. Məktəbdə qazanxana var, ancaq qaz qoşulmayıb, çünki qazanın özü yoxdur. 44-cü məktəbin özünün qazanı vardı və biz nazirliyin müvafiq qurumu ilə razılaşmağa çalışacağıq ki, həmin qazanı bizim məktəbə gətirsinlər.

Nəzər yetir:

«Məktəb uşaq sağlamlığına ziyandır»

Şərhləri göstər

XS
SM
MD
LG