Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:16

Prezident Administrasiyasında narazı sabirabadlılara nə söz verdilər?


Azadkənd kəndinin bir qrup sakini Prezident Administrasiyasının yaxınlığında toplaşdılar
Azadkənd kəndinin bir qrup sakini Prezident Administrasiyasının yaxınlığında toplaşdılar
«Sağ olsun, bölgə üzrə kurator Dəyanət Abdullayev bizi qəbul elədi. Söz verdi ki, komissiya gəlib yerində yoxlayacaq. İki günə məsələ həll olunacaq, yardımları da, pulları da siz almalısınız. Tikilməyən evləri də yoxlayıb bərpa edəcəklər. Günahkarlar da cəzasını alacaqlar. Zəng vurub rayon icra başçısı ilə də danışdı. Dedi ki, bu camaat niyə bu vəziyyətdədir, bura gəlməyə məcbur olub».

Bu, Prezident Administrasiyasında görüşdən çıxan sabirabadlıların dedikləridir.

Avqustun 31-də Sabirabad rayonunun Azadkənd kəndinin bir qrup sakini daşqın bölgəsində kompensasiyaların ədalətsiz hesablanması və paylanmasına etiraz olaraq növbəti dəfə Prezident Administrasiyasının yaxınlığında toplaşdılar. Bir müddət əvvəl onlar 70-dən çox adamın imzası ilə prezident İlham Əliyevin adına şikayət ərizəsi yazmışdılar. Camaat hesab edir ki, yerli icra strukturları dövlət başçısının daşqınla bağlı sərəncamına düzgün əməl etmirlər və yuxarılara da yalan məlumatlar verirlər. Ona görə də qərara gəliblər ki, vəziyyət barədə özləri ölkəni idarə edənlərə xəbər çatdırsınlar.

AİLƏ-UŞAĞIMIZI, KÖRPƏMİZİ GƏTİRİB TÖKƏCƏYİK BURA

Sabirabadlılar deyirlər ki, əgər bu dəfə də ümidləri puça çıxsa, onda digər üsullara əl atmaqdan başqa çarələri qalmır:

«Dedikləri olmasa, biz bura kütləvi şəkildə gələcəyik. Ailə-uşağımızı, körpəmizi, hamısını gətirib tökəcəyik bura. Xarici dövlətlərə, eləcə də Avropa Şurasına müraciət edəcəyik».

Camaat xatırladır ki, daşqınlar zamanı prezident deyib ki. Azərbaycanın heç kimin yardımına ehtiyacı yoxdur. Dövlətin zərərçəkmiş əraziyə və əhaliyə hər cür yadım etmək imkanı var. Amma indi onların sözlərinə görə,
yardımı alan icra nümayəndələri və onların qohumlarıdır.

Sabirabadın 4 kəndini birləşdirən Azadkənd icra nümayəndəsi Amil Vəlişov isə AzadlıqRadiosuna bildirib ki, ərazidəki evlərin heç də hamısı seldən yararsız hala düşməyib. Sakinlər başqa səbəblərdən bərbad halda olan evləri bu prosesə aid etməməlidirlər.

Bununla belə, daşqın zamanı hansı evin yararsız hala düşdüyünü, kimlərə kompensasiya verilməsini 11 nazirliyin nümayəndəsindən ibarət komissiya müəyyən edib. Yerli icra nümayəndəliyinin bu prosesdə heç bir iştirakı olmayıb ki, sonradan da kimə nə verilməsini, hansı evlərin yenidən tikilməsini və ya bərpa edilməsini müəyyənləşdirsin:

TƏKRAR KOMİSSİYANI GÖZLƏYİRİK

«Elə ola bilməz ki, ev uça, komissiya onu qeydiyyata almaya. Düzdü, elə evlər var ki, onlar uçub, komissiya gəlib baxıb, amma tikintisinə hələ başlanmayıb. 2-3 belə ev var. Ona görə biz də icra başçısına və komissiyaya müraciət etmişik. İndi təkrar komissiyanı gözləyirik. Amma kompensasiya almayanlar kimi alanlar da təkrar komissiyanı gözləyir ki, desin evimə düzgün baxış keçirilməyib».

Amil Vəlişov sakinlərin məsələni qərəzli şərh etdiklərini bildirərək deyir ki, onun özünün də evinin bərpaya ehtiyacı var. Hazırda ailəsi ilə çardağın altında qalır və gözləyir. Onun sözlərinə görə, kompensasiya camaata onların dediyi kimi adambaşına yox, evlərin ölçüsünə görə verilir. Yəni 40 kvadratmetrə qədər 400, 80 kvadratmetrə qədər 800, 100 kvadratmetr və ondan artıq evlərə isə 1000 manat kompensasiya nəzərdə tutulub. Əkin sahələrinin zərəri də hesablanıb. Amma onun verilməsinə prosesin 2-ci mərhələsində başlanacaq.

Bu il mayın 7-də prezident İlham Əliyev təbii fəlakətlə bağlı keçirdiyi müşavirədə daşqından ziyan çəkən əhalinin zərərinin qarşılanacağını bildirmiş, bu barədə tapşırıqlar da vermişdi. Zərərçəkənlər isə deyirlər ki, prezident bu yükün altından necə deyərlər üzü ağ çıxmaq üçün dövlətin hər cür imkanı olduğunu bildirdiyi halda başlarına gələnin səbəbini anlamırlar.

NARAZILIQ VARSA, DEMƏLİ, PROBLEM HƏLL OLUNMAYIB

İqtisadçı ekspert Zöhrab İsmayıl isə deyir ki, əgər nəzərə alınsa ki, Əzizbəyov dairəsindəki yol qovşağına, yaxud aeroporta çəkilən yola sərf olunan vəsait təxminən 300 milyon manatdır, onda daşqın nəticəsində dəyən ziyana görə 300 milyon manat ayrılması azdır. Amma bununla belə, 300 milyon da az pul deyil. Ekspert istisna etmir ki, gələn ilin büdcəsində də bu məsələ üçün pul ayrılacaq. Əgər bunlar səmərəli istifadə olunsa, narazılıq aradan qalxar:

«Evi yerlə yeksan olmuş insana 300-1000 manat verməklə problem həll olunası deyil. Bu, bir tərəfdən ədalətsizlikdir. Digər tərəfdən də 300 milyonun hesabatı-filanı olmadığından bu cür sosial narazılıqlar yaradacaq, problem də həll olunmayacaq. Əgər narazılıq varsa, deməli, problem həll olunmayıb».

Zöhrab İsmayıl əlavə edir ki, təkcə bu problem deyil, yol çəkilişi və sair layihələr həyata keçiriləndə insanların əmlakı əlindən alınır və onlara simvolik bir kompensasiya verilir. Halbuki, bundan ötrü 100 milyonlarla ölçülən böyük layihələr həyata keçirilir. Hansı ki, onların da bu qədər maliyyə tutumunun olması ilə bağlı şübhələr mövcuddur.
XS
SM
MD
LG