Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:05
«Ev böyrü üstə qalıb. Bir dəfə gəlib baxıblar, ondan sonra gəlməyiblər. Bir aydır komissiyanı gözləyirəm, gəlmir. Prezident İlham Əliyevə 4 teleqram vurmuşam, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yazmışam. İcra hakimiyyətinə gedirəm, deyir gələcək, ancaq gəlib çıxmırlar».

9 NƏFƏR BU QIŞ SOYUQDA QALACAQ?


May ayındakı daşqınlardan sonra evi uçmaq təhlükəsi ilə üzləşən Sabirabad rayonunun Azadkənd kəndinin sakini Hacıağa Cəfərovun gözü yollardadır. Evinin tikilməsi, ya da bərpa olunması üçün komissiyanın rəyini gözləyir. Daşqınların ən çox ziyan vurduğu Azadkənd kəndinin uçmaq təhlükəsi ilə üz-üzə qalan 200-dən artıq evlərindən biri də onunkudur. Hacıağa Cəfərov 9 nəfərlik ailəsi ilə birlikdə bu qış soyuqda qalacağına görə narahatdır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avqustun 6-da nazir Kəmaləddin Heydərov Saatlı, İmişli və Sabirabad rayon icra hakimiyyətləri və 12
podratçı təşkilatın iştirakı ilə müşavirə keçirib. Həmin müşavirədə su basmış rayonların və sosial obyektlərin bərpası, yenidən qurulması məsələləri müzakirə olunub. Qərara alınıb ki, 1500-ə yaxın fərdi yaşayış evinin tikintisinə başlanılsın, oktyabrın sonuna kimi tikinti yekunlaşdırılsın. Hacıağa Cəfərov isə bilmir ki, onun üçün də evi tikiləcək, yoxsa yox.

YAXŞI İŞLƏSƏLƏR...

Bölgədə fəaliyyət göstərən «Demokratiyaya Yardım» ictimai birliyinin sədri Emil Məmmədovsa deyir ki, bu rayonlarda artıq bəzi tikintilərə başlanılıb:

«Yəqin ki, pul ayrılıb deyə, işlərin getdiyi müşahidə olunur. Bu gün Sabirabad istiqamətində də gördüm, üstündə FHN yazılmış maşınla mişar daşları daşıyırdılar. Salyanda isə 300 evlik kiçik bir mikrorayon salınacaq. Artıq 50 evin təməli qoyulub. Yaxşı işləsələr, qışa qədər adamların başının üstündə damı olar».

Sabirabad rayonunun Qasımbəyli kəndinin sakini Fətulla Fətullayev isə deyir ki, onun yaşadığı kəndin sakinlərinə evlərlə bağlı heç kim heç nə deməyib. Bundan başqa kənd susuzluqdan, işığın olmasından da əziyyət çəkir:

«Qasımbəyli, Əsgərbəyli kəndlərində evlərin tikilməsi ilə bağlı heç bir tikinti aparılmır. İki gündür Qasımbəylidə su da yoxdur. Camaat işıqdan da əziyyət çəkir. Kompensasiyadan da bir soraq yoxdur. Evi uçanlar üçün heç bir tədbir görülmür».

YADDAN ÇIXAN EVLƏR DƏ SİYAHIYA SALINACAQ


Sabirabad rayonunda bir neçə kəndi özündə birləşdirən Azadkənd bələdiyyəsinin sədri Kərəm Nəsirov isə deyir ki, sakinlər bu qış tikilmiş evlərdə yaşayacaqlar:

«100 ev Azadkənddə, 25 ev Xankeçəndə, 5 ev Çığırğanda, 36 ev Poladtoğayı kəndində tikilir. Oktyabrın axırına evlər tikilib verilməlidir».

Bələdiyyə sədri deyir ki, yaddan çıxan bəzi evlər də var ki, onlar da siyahıya salınacaq. Hacıağa Cəfərov da evinin bu siyahıya salınacağına, bu qışı evsiz-eşiksiz qalmayacağına ümid edir.

Şərhləri göstər

XS
SM
MD
LG