Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

Dondurma bazarında nə baş verir?


Firma onların «keyfiyyətsiz dondurma istehsalçısı» kimi təqdim olunmasını rəsmi dövlət qurumlarının «anti-reklam» kampaniyası sayır

Firma onların «keyfiyyətsiz dondurma istehsalçısı» kimi təqdim olunmasını rəsmi dövlət qurumlarının «anti-reklam» kampaniyası sayır

İsti havada sərinləmək istəyənlərin dadına təkcə soyuq su yox, həm də dondurma çatır. Amma son vaxtlar mətbuatda bir-birinin ardınca hansısa firmaların dondurmalarının satışdan çıxarılmasıyla bağlı xəbərlər yayıldıqca, alıcılar da çaş-baş qalır.

Məsələn, bir müddət əvvəl «SABA» firması İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin göstərişiylə «Eskimo», «Maksima», «XXI əsr», «Prestige», «Saturn», «Merkuriy», «Domino», «Lunnie nochi» adlı 6,6 ton dondurmanın məhv edilməsi barədə inzibati göstəriş alıb.

DONDURMA FİRMASININ RƏHBƏRİ HƏBS OLUNUB

Bakının Xətai rayonunda yerləşən «AER» firmasının isə rəhbəri həbs olunub.

Respublika Prokurorluğunun yaydığı məlumata görə, firmanın icraçı direktoru vəzifə səlahiyyətini aşaraq məhsulların saxlama müddətinin normativ sənəddəkindən artıq yazılmasına göstəriş verib.

Məlumatda o da bildirilir ki, məhsullar standartlara uyğun olmayıb.

«AER» firması isə direktorun həbsindən əvvəl, qurumda aparılan yoxlamalarla bağlı «Facebook» sosial internet şəbəkəsində bildirib ki, onların barəsində yayılan məlumatların əsası yoxdur və istehsal etdikləri dondurmaların keyfiyyətinə cavabdehdirlər.

Firmanın təxminən 20 gün öncə yaydığı rəsmi məlumatında isə deyilir ki, onlar məhsulların saxlanma müddətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 228-2006 standartına uyğun istehsal edirlər. Bu standarta görə, məhsullar saxlanma şəraitindən asılı olaraq 6-8 ay, hətta 1 ildən 2 ilə qədər saxlana bilər.

Respublika Prokurorluğunun yaydığı məlumata görə, firmanın icraçı direktoru vəzifə səlahiyyətini aşaraq məhsulların saxlama müddətinin normativ sənəddəkindən artıq yazılmasına göstəriş verib
12 ildir fəalliyət göstərən firma onların «keyfiyyətsiz dondurma istehsalçısı» kimi təqdim olunmasını rəsmi dövlət qurumlarının «anti-reklam» kampaniyası sayır və bildirir ki, onlar Azərbaycanın ən böyük üç dondurma firmasından biridir və bu məhsulun ixracıyla da məşğuldurlar.

Dondurma bazarında nə baş verir?

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mətbuata bildirib ki, bəzi firmalarda keyfiyyətsiz dondurmalar aşkarlanıb, onlardan biri də «AER»di. Bir müddət əvvəl bu firmada 19,3 ton hazır məhsulun satışı dayandırılıb.

MONOPOLİYA CƏHDİ?

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə dondurma bazarında baş verən proseslərin monopoliya cəhdindən doğmasını istisna etmir. Onun fikrincə, bazarın ədalətli kriteriyalarla qorunmaması bu cur hallara yol aça bilər:

- Qanunların təmin edilmədiyi, məhkəmələrin müstəqil olmadığı bir ölkədə çox müxtəlif üsullarla bazardan çıxarmaq və ya istənilən şirkətin bazara girişinə maneə yaratmaq mümkündür. Əvvəllər də müxtəlif bazarlarda elə hallar müşahidə olunub. Ona görə də istisna etmirəm ki, kifayət qədər gəlirli sahə olan bu bazarda da bu üsullarla rəqabət aparılsın. Amma mənim üçün konkret bu faktı şərh eləmək çətindir. Çünki informasiyalardan görünür ki, ayrı-ayrı şirktlərin fəaliyyətində nöqsanlar var.

Qubad İbadoğlu
Amma Qubad İbadoğlu eyni zamanda, dondurma kimi həssas ərzaq məhsuluna dövlət nəzarətinin də güclü olmasını təqdir edir.

DADINDAN BİLİRİK


Dondurma sevən alıcılar isə bizimlə söhbətdə deyirlər ki, qiymətinə görə yerli, keyfiyyətinə görə xarici məhsula üstünlük verirlər. Amma alanda bilmirlər ki, bu mal aidiyyatlı dövlət qurumlarının «qara siyahısı»na düşən dondurma markasıdır, ya yox. Keyfiyyətini bilmək üçün dadbilmə instinktini sınaqdan keçirirlər:

- Dadından bilirik ki, yaxşıdı, ya pis.

- Dad deyəndə nəyi nəzərdə tutursuz?

- Əgər yağlıdırsa, deməli, yaxşı «marojna»dır.

- Mən adətən yerli firmaların buraxdığını alıram. Xüsusi qablarda olanlar çox vaxt keyfiyyətli olur.

- Gec-gec yeyirəm, yeyəndə də xaricdən gətirilən dondurmanı seçirəm.

- Aydın məsələdir ki, 20 qəpiklik dondurma nə keyfiyyətdə olacaq də...

Paytaxtın mərkəzində yerləşən mağazaların birinin meneceri Nicat Məmmədov isə deyir ki, onlar həm yerli, həm də xarici məhsulları satırlar. O, bazara yeni firmaların yeni texnologiya ilə istehsal olunmuş, qiyməti də xarici istehsallı dondurmalardan heç də ucuz olmayan məhsullar gətirdiyini deyir.

Dondurma mövsümünün bitməsinə isə ay yarıma qədər vaxt qalır.

Şərhləri göstər

XS
SM
MD
LG