Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

Dünyanın demokratik ölkələrini korrupsiya epidemiyası bürüyüb?


Nikola Sarkozi
Rüşvət, qohumbazlıq, vəzifə saxtakarlığı adətən zəif inkişaf edən, qeyr-sabit ölkələrlə bağlanılır. Lakin son vaxtlar dünyanın ən sabit və inkişaf etmiş demokratik ölkələrinin rəhbərləri də müxtəlif ittihamlarla istintaqa cəlb olunurlar.

FRANSA

Prezident Nikola Sarkozi qanunsuz pul almaqda ittiham olunur. Onun 2007-ci ildə prezidentliyə namizəd olarkən Fransanın ən varlı xanımı Lilian Betankurdan zərfdə pul alması iddiası üzrə istintaq başlayıb. Betankurdun sabiq mühasibi bildirib ki, seçki kampaniyası zamanı Sarkozinin xəzinədarına 150 min avro verib. Həm Sarkozi, həm də o vaxt xəzinədar olmuş şəxs iddianı rədd edir.

Bundan əvvəl isə hökumətin iki üzvü Karib dənizində istirahətə minlərlə dollar xərclədiyi üçün istefa verməli olmuşdu. Bundan başqa, Sarkozinin yaxın dostlarından birinin adı 2007-ci ildə bir neçə milyon dollarlıq qanunsuz səhm alqı-satqısında hallanmışdı.

İTALİYA

Baş nazir Silvio Berluskoni korrupsiya və mütəşəkkil cinayətkarlıqda ittiham olunur.

Silvio Berluskoni
Berluskoni həmişə fəxrlə deyir ki, o, dünyada məhkəmə təqibinə ən çox məruz qalan şəxsdir. Ona qarşı 109 dəfə iddia qaldırılıb, vergidən yayınmadan tutmuş saxta mühasibat sənədlərinin tərtibinə qədər. Lakin özünün hesablamalarına görə, o, 2500 dəfədən çox məhkəməyə cəlb olunub.

Siyasi rəqiblərinin səylərinə baxmayaraq, 73 yaşlı Berluskoni deyəsən, heç vaxt dəmir barmaqlıq arxasına düşməyəcək. Berluskoni özünü cinayət təqibindən qorumaq, toxunulmazlıq qazanmaq üçün 4 dəfə parlamentdən qanun keçirməyə çalışıb. Lakin hər dəfə məhkəmələr bunu qanunsuz sayıb, qarşısını alıblar.

Sonuncu qalmaqal isə onun köhnə dostu, biznes tərəfdaşı və siyasi müttəfiqi Marçello Dell'Utri ilə bağlıdır. Dell'Utri mafiya ilə İtaliyanın siyasi elitası arasında vasitəçilik edirmiş. Məhkəmədə həbsdə olan şahidlərdən biri - killer deyib ki, 90-cı illərdə mafiya liderləri Berluskoni ilə əlaqələrinə güvənirlərmiş.

CƏNUBİ KOREYA

Li Men-Bak
Prezident Li Men-Bak qanunsuz izləmədə ittiham olunur. Cənubi Koreyada korrupsiya problemləri çox dramatik bir hadisə ilə bütün dünyanın diqqətini cəlb etmişdi. Rüşvət almaqda təqsirləndirilən sabiq prezident Ro Mu-Hen 2009-cu ilin mayında özünü qayadan atmaqla həyatına qəsd etmişdi. Bundan sonra ona qarşı irəli sürülən ittiham üzrə istintaq dayandırılıb.

Lakin yeni prezident özü də hüquqi problemlərlə üzləşib. Prokurorluq bir neçə müstəntiqi həbs edib. Onlar prezident Li haqqında tənqidi çıxışını internetdə yerləşdirmiş məşhur biznesmeni izləməkdə ittiham olunurlar. Əslində isə, müstəntiqlər hökumətdəki korrupsiya hallarını aşkara çıxarmalıydılar. Artıq prezident məsələni araşdırmaq haqqında göstəriş verib. Lakin bəzi media orqanları yazır ki, izləmə əmrini prezident şəxsən özü verib.

İSRAİL

Qalmaqallı məhkəmələr İsraildə həmişə bol olub. Lakin son vaxtlar sabiq Baş nazir Ehud Olmertin korrupsiyada ittiham olunması diqqəti xüsusilə cəlb edir.

Ehud Olmert
Nyu-Yorklu işadamı Moris Talanski iddia edir ki, o, 1997-ci ildə Yerusəlimin meriya seçkilərində namizədlərdən biri olmuş Olmertə 150 min dollardan çox pul verib. Ancaq Olmert bu pulu istirahətə xərcləyib. Bundan daha təəccüblüsü başqa bir ittihamdır. Olmert həm də qeyri-kommersiya təşkilatlarından pul yığmaqda təqsirləndirilir. Onlar arasında xeyriyyə təşkilatları və Yad Vaşem Holokost muzeyi də var.

Olmert 2008-ci ildə istefa verib. Bir il sonra isə məsuliyyətə cəlb olunub. Bu işlə bağlı istintaq davam edir. Bu yaxılarda o, mühakimə olunmalıdır. Son ittihamlardan biri isə onun Yerusəlimdə bir daşınmaz əmlak şirkətindən rüşvət almasıdır. Onun hakimiyyəti dövründə Maliyyə naziri dövlət vəsaitini israf etməkdə, Ədliyyə naziri isə seksual qısnamada ittiham olunub. Prezident Moşe Katsav isə zorlama ittihamından sonra istefa verib.

TAYVAN

Çen Şuybyan
Keçmiş prezident Çen Şuybyan korrupsiya və israfçılıqda təqsirləndirilir. Onun 450 min dollarlıq dövlət vəsaitini israf etdiyi bildirilir. Şuybyan 2008-ci ildə prezidentlikdən gedəndən bir il sonra ömürlük həbs cəzası alıb. Lakin hakimiyyəti dövründə arvadı və kürəkəni saxtakarlıqda və qanunsuz səhm alverində təqsirli bilinərək həbs olunmuşdular. Hazırkı hakimiyyət də aydan arı, sudan duru deyil. Prezident Ma İnszyu da hakimiyyətə gəlməmişdən əvvəl iki dəfə korrupsiyada ittiham olunub. Lakin məsuliyyətdən qaça bilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG