Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:16

«Dövlət quluqçularının vəzifəsi korrupsiya piramidasını saz vəziyyətdə saxlamaqdır»


Azadlıqlar azalır (Mixail Zlatkovski)
Azadlıqlar azalır (Mixail Zlatkovski)
18 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günüdür. Bakı küçələrində öz iş-güclərinin ardınca gedən sıravi vətəndaşlar artıq 3 ildir qeyd edilən bu günün bir elə də fərqində deyillər. Hər halda onlarla ilk təmasdan belə görünür. Hətta bəziləri sualımızın insan hüquqları ilə bağlı olduğunu eşidən kimi əlini yelləyib tələsik addımlarla uzaqlaşmağı üstün tutur. Amma çətini söhbətə tutana qədərdir. O da belə ki, əvvəl müxbir vətəndaşın sualına cavab verməli olur. «Nə faydası», «nəyimə lazım» və «xatası çıxmaz ki» rədifli suallarını verəndən sonra vətəndaşlar onları narahat edən məsələlərdən danışmağa başlayır.

HÜQÜQ İNDİ YALNIZ CİBİ DOLU İNSANLARA TABEDIR…

- Bizdə imkanın var, pulun var yolun açıqdır…

- Vətəndaş hüquqlarımız qorunur. Hərçənd bəzən pozuntularla rastlaşırıq. Ancaq bu dövlətdən yox ayrı-ayrı adamlardan gəlir…

- Hüqüq indi yalnız cibi dolu insanlara tabedir…

- Bəzi sahələrdə hüquqlarmız qorunur, bəzilərində isə qorunmur. Xüsusilə də təhsil sahəsində vəziyyət acınacaqlıdır…

FORMAL HÜQUQLAR VƏ OLİQARXLAR…


Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə deyir ki, vətəndaş hüquqları getdikcə formal xarakter daşımaqdadır. Onun fikirincə, indi artıq nəinki siyasi, hətta sosial-iqtisadi hüquqlar belə qorunmur.

Əli Kərimli deyir ki, sovetlər dönəmində də bir çox hüquqlar formal xaraket daşıyırdı. Ancaq o vaxt vətəndaşların şikayətlərinə baxan tapılırdı. AXCP sədrinin fikirincə, indi Azərbaycanı bir qrup oliqarx idarə edir. Onlar da öz maraqlarını dövlətin vətəndaş qarşısında daşıdığı məsuliyyətdən üstün tuturlar. Əli Kərimli deyir ki, indi dövlət quluqçuları yalnız iki məsələyə məsul ediliblər:

- Birincisi, bu dövlət mexanizmi hakimiyyətdə olan ailənin, ölkəni təhlükəsiz idarə etməsini təmin etməlidir. Kim buna etiraz etsə, həmin qüvvə susdurulmalıdır. Beləliklə çalışırlar ki, hakimiyyətdə olan qrup ölkəni təhlükəsiz şəkildə çapıb-talasın. İkincisi isə aşağıdan yuxarı korrupsiya piramidasını saz vəziyyətdə saxlamaq…

Əli Kərimli düşünür ki, əgər dövlət quluqçuları onlara tapşırılan bu iki vəzifənin öhdəsindən gəlirsə, onlara qalan sahəllərdə tam sərbəstlik verilir.

AZƏRBAYCAN GENİS İMKANLAR ÖLKƏSİDİRMİ?

Rəbiyyət Aslanova
Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova isə deyir ki, Azərbaycanda nəinki vətəndaşların hətta miqrantların belə hüquqları axıra qədər qorunur.

R.Aslanova sovetlər dönəmində insanların daha çox şikayətlərinə baxılması ilə bağlı fikirlə isə razılaşmır. Millət vəkili deyir ki, sovetlər dönəmində şikayətlər Sibirlə, həbsxana ilə nəticələnirdi.

Xanım Aslanova indi hüquqların formal xarakter daşıması fikirini də rədd edir:

- Bilirsiniz indi bəşəriyyət düşüncə böhranı içindədir. Əgər mənim bu düşüncə böhranından çıxmaq imkanım varsa, nə gözəl. İnsan hüquqları da elə bu imkandan başlayır. Düşünmək hüququ, yaşmaq hüququ, fəaliyyət hüququ. Azərbaycanda əgər bu hüquqlar məhdudlaşmırsa, deməli, sənə geniş fəaliyyət imkanı verilib…

HÖKUMƏT YOXSA VƏTƏNDASLAR GÜNAHKARDIR?

Hüquq pozuntuları ilə bağlı ayrı-ayrı faktların dəyərləndirilməsi zamanı da bir qayda olaraq Azərbaycanda fərqli mövqeylər eşidilir. Müxalifət iddia edir ki, hökumət hər vəhclə vətəndaşların hüquqlarını pozmağa çalışır.
Rauf Mirqədirov
Ayrı-ayrı məmurlar isə düşünürlər ki, bəzən hüquq pozuntularının baş verməsi vətəndaşların öz hüquqlarını bilməməsindən doğur.

«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, həm hökumətin həm də vətəndaşların məsuliyyəti inkar edilməməlidir. Onun fikrincə, bir tərəfdən məhkəmələrin müstəqil olmaması, hakimiyyətin qolları arasında dəqiq bölgünün aparılmaması Azərbaycanda insan hüquqlarına ciddi problemlər yaradır. Ancaq başqa tərəfdən də vətəndaşların özü də axıra qədər mübarizə aparmır.

Rauf Mirqədirov deyir ki, Azərbaycanda hər seçkidə xalqın iradəsi zorlanır. Ancaq seçki pozuntularına ən yaxşı halda 10, 20 mindən çox insan etiraz etmir.

Rauf Mirqədirovun fikrincə, deməli, hər bir insan öz hüquqları uğrunda axıra qədər mübarizə aparmalıdır. Çünki heç kim bu hüququ qızıl məcməyidə ona verməyəcək…
XS
SM
MD
LG