Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:29

İlham Əliyevin etirafı


İlham Əliyev İstanbulda jurnalistlərin suallarını cavablandırır

İlham Əliyev İstanbulda jurnalistlərin suallarını cavablandırır

Prezident İlham Əliyev təqribən beş ildən sonra ilk dəfə azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. ANS, İctimai Televiziya, AzTV, «Xəzər TV», «AzərTAc» Agentliyinin müxbirləri ilə görüş iyunun 8-də İstanbulda baş tutub.

İlham Əliyev özü də həmin brifinqdə etiraf edib ki, media ilə az ünsiyyətdə olur. Jurnalist xanımın müsahibə üçün təşəkkürünə cavabında prezident deyib:

BAKIDA YƏQİN Kİ, FÜRSƏT OLMUR

«Mətbuat nümayəndələri ilə görüşlərim, necə deyərlər, o qədər də fəal deyildir. Ancaq buna baxmayaraq, mən həmişə sizinlə görüşməyə hazıram, sadəcə olaraq, Bakıda yəqin ki, fürsət olmur. Ya da ki, mən demək istədiyim məsələlərə digər yollarla vaxtaşırı toxunuram, fikirlərimi bildirirəm. Mən sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm».

Prezident Administrasiyasında akkreditasiyası olan jurnalistlər danışırlar ki, İlham Əliyev 2005-ci il parlament seçkiləri ərəfəsində jurnalistləri özü ilə rayonlara aparırdı, suallara cavab verirdi. Hətta bir dəfə jurnalistlər şikayətlənəndə ki, mühafizəçiləri onları prezidentə yaxın buraxmır, İlham Əliyev zarafatla deyib ki, siz uzaqdan mənə bir işarə verin, özüm sizə yaxınlaşacam. Amma son beş ildə «AzərTAc» dövlət informasiya agentliyi və AzTV-dən başqa İlham Əliyevə sual verən yerli jurnalist demək olar ki,
Şahvələd Çobanoğlu
olmayıb.

Köşə yazarı Şahvələd Çobanoğlu deyir ki, əslində, İlham Əliyevin İstanbuldakı brifinqi onun cəmiyyətə münasibəti ilə bağlı bir etirafdır:

BUNA CƏMİYYƏTİN İNFORMASİYA HÜQUQUNUN POZULMASI KİMİ BAXMAQ LAZIMDIR

«İlham Əliyev jurnalistlərə müsahibə verməməsini etiraf etməklə həm də cəmiyyətin 1-ci şəxsdən informasiya almaq hüququnun illərdir ki, necə tapdanmasını etiraf edib. Neçə illərdir ki, hakimiyyət belə təbliğat qurub ki, mətbuat kimlərinsə peşəsidir, jurnalistlər özləri üçün nə isə tələb edirlər, özlərinə təzyiqdən danışırlar. Bu, avtoritar rejimlərin yaratdıqları təsəvvürdür. Əslində, buna cəmiyyətin informasiya hüququnun pozulması kimi baxmaq lazımdır».

AzadlıqRadiosunun Tbilisi bürosunun rəhbəri Marina Vaşakmadze da Gürcüstan prezidenti Mixail Saakaşvilidən narazıdır, deyir ki, Saakaşvili ildə vur-tut dörd-beş dəfə mətbuat konfransı keçirir:

SAAKAŞVİLİ IlDƏ DÖRD-BEŞ MƏTBUAT KONFRANSI KEÇİRİR

«Saakaşvilidən ekskluziv müsahibə almaq lap çətindir, uzun müddət gözləmək lazımdır, bu, arabir mümkün olur, amma asan deyil».

Rauf Arifoğlu
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, İlham Əliyevlə müsahibə üçün 2007-ci ildə iki dəfə rəsmi müraciət edib, ona deyiblər ki, bu, baş tuta bilər, amma hələ ki, cavab yoxdur:

MÜSAHİBƏ ÖZÜ DƏ BİR DİALOQDUR

«Əgər bu razılıq olsaydı, prezidentə o qədər də narahatçılıq yaratmayacaq, dirənişli olmayacaq bir müsahibə də hazırlamağa hazırıq, təki bu müsahibə baş tutsun. Bilirsiz ki, müsahibə özü də bir dialoqdur, təki bu dialoq alınsın».

PREZİDENTİN VAXTI YOXDUR

AzadlıqRadiosunun İlham Əliyevlə müsahibə üçün müraciətinə isə Prezident Administrasiyasından cavab gəlib ki, prezidentin vaxtı yoxdur. Müraciət bu ilin martında olub.

Azərbaycanda iki bloqqer və jurnalist Eynulla Fətullayev həbsdədir, 2005-ci ildə qətlə yetirilmiş tənqidçi jurnalist Elmar Hüseynovun qatili hələ də tapılmayıb. «Sərhədsiz Reportyorlar» təşkilatı prezident İlham Əliyevi üç ildir ki, «mətbuatın qənimi» siyahısına salır. Hakimiyyət rəsmiləri isə dəfələrlə bildirirlər ki, Azərbaycanda söz azadlığı təmin olunur.

HƏMÇİNİN OXU:

ARTUR RASİ-ZADƏ TAPMACASI

Şərhləri göstər

XS
SM
MD
LG