Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:17
İyulun 2-də Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan əsgər Musayev Röyal Etibar oğlu ilə görüşüblər.

Görüş zamanı Röyal Musayev 1992-ci il aprelin 15-də Tovuz rayon Qovlar qəsəbəsində anadan olduğunu, 2010-cu il aprelin 19-da Tovuz Rayon Hərbi Komissarlığından xidmətə çağırıldığını, Heydər Əliyev adına Ali Hərbi Məktəbin mühafizə bölüyündə qulluq etdiyini bildirib. O, iyunun 12-də növbədə olarkən Ali Hərbi Dənizçilik Məktəbinin üç əsgəri tərəfindən döyüldüyünü söyləyib.

Röyal Musayev deyib ki, iyulun 18-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına qəbul edilib. Hospitala götürüləndə o yıxıldığını bildirib, amma bir neçə gündən sonra həkimlərə həqiqəti açıb söyləyib. Hərbi prokurorluğun müstəntiqi ondan izahat alarkən Röyal Musayev izahatında döyüldüyünü qeyd edib.

Hospitalın müştərək zədələnmələr bölməsinin rəisi Zirəddin Abbasov Ombudsman Aparatının əməkdaşlarına bildirib ki, döyülmə nəticəsində əsgərin dalağı partlayıb, ona görə də cərrahiyyə əməliyyatı ilə Röyalın dalağı çıxarılıb. Zirəddin Abbasov hazırda əsgərin vəziyyətinin normal olduğunu deyib.

Ombudsman Elmira Süleymanova baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyevə müraciət edərək bu hadisənin araşdırılmasını, nizamnamədən kənar münasibətlərə yol vermiş hərbçilərin məsuliyyətə cəlb olunmasını xahiş edib.

Qeyd edək ki, «Bizim Yol» qəzetinin 2 iyul sayında bu hadisə barədə material dərc olunub. Əsgər qəzetə açıqlamasında deyib ki, hərbi hissənin komandiri kapitan Rufan Quliyev onu baş verənləri olduğu kimi açıqlamaması üçün təhdid edib:

«Məni çox qorxutdu. Dedi, müstəntiq gələndə de ki, yıxılmısan».

Qəzetin yazdığına görə, Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəhbərliyi baş verənlərdən xəbərdar olsa da, hadisəni ciddi araşdırmır.

Qəzet yazır ki, hadisədən 2 gün sonra valideynləri ilə görüşündə Röyal Musayev hər şeyi olduğu kimi onlara danışıb. Valideynlərinin tələbi ilə Hərbi Prokurorluğun müstəntiqi Röyaldan yenidən ifadə alıb və bu dəfə əsgər hadisəni ona olduğu kimi çatdırıb. Ancaq valideynlərin sözlərinə görə, yekun rəydə Röyalın yıxılaraq xəsarət aldığı göstərilib. Əsgərin özü və valideynləri bunu qəbul etməyəcəklərini bildiriblər. /Mediaforum/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG