Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:09

Eks-prezidentlər arasında nədən ayrı-seçkilik qoyulur?


Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı
Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı
«Dalğa» Gənclər Təşkilatı təqdim edir – Azərbaycan xalq hərəkatının öndəri, Azərbaycan Xalq Cəbhəsinin qurucusu və sədri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəy layiq olduğu eks-prezident statusunun daşıyıcısıdır. Azadlıq və sevgi arzusu ilə...».

ELÇİBƏYƏ SİMVOLİK STATUS VERİLDİ

Əbülfəz Elçibəyə eks-prezident statusunu simvolik də olsa, onun Fəxri Xiyabandakı məzarı qarşısında toplaşanlar arasında səsvermə keçirən «Dalğa» Gənclər Təşkilatı verdi. Bu addım onların arzusu kimi də başa düşülə bilər.

Halbuki, hələ 2009-cu il martın 18-də keçirilən referendumla Konstitusiyaya edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulur. Ancaq bu statusla bağlı qanun layihəsi hələ hazırlanmayıb. Ekspertlər deyir ki, əgər eks-prezidentlər haqqında qanun qəbul olunsaydı, Əbülfəz Elçibəyin doğum günü də Heydər Əliyevin doğum günü qədər təmtəraqlı olmasa da, qeyd olunardı.

Söhbət etdiyim Bakı sakinləri isə bildirir ki, Heydər Əliyevlə Əbülfəz Elçibəyin ad günlərinin fərqli qeyd olunmasının bir səbəbi həmin statusun verilməməsidirsə, bir səbəbi də hakimiyyətdə onun oğlu İlham Əliyevin olmasıdır:

ELÇİBƏYƏ QISQANCLIQ VAR

«Dalğa» Gənclər Təşkilatının aksiyası
– Keçən referendumda eks-prezidentlərin statusu da müəyyənləşməli idi. Təəssüf ki, qanun qəbul olunsa da, keçmiş prezidentlər – Elçibəylə Ayaz Mütəllibovun eks-prezident statusu hələ də müəyyənləşməyib…

– Hakimiyyətdə Heydər Əliyevin oğludur. Ona görə də onun ad günü daha təmtəraqlı keçirilir.

– Elçibəy eks-prezidentdir. Ancaq o status hələ ona verilməyib. Məncə, hər şey bununla bağlıdır…

- Elçibəy Azərbaycanda xalq hərəkatının banisidir. Ancaq bu gün bu camaata təbliğ olunmur. Heydər Əliyevin isə oğlu hakimiyyətdədir, başqa nə cür olmalıdır ki? Əlbəttə, ona daha yaxşı ad günü keçirəcəklər…

- Məncə, Elçibəyə qısqanclıq var…

– Elçibəyə ilk dəfə demokratik yolla prezident seçildiyi üçün status vermək çox önəmlidir. Bu Azərbaycan dövlətçiliyi üçün önəmlidir.

- Hakimiyyətdə Heydər Əliyevin oğludur, Elçibəyin adı çəkilə bilməz, axı demokratiya yoxdur..

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin fikirləri də sadə vətəndaşların fikirləri ilə əsasən üst-üstə düşür:

BİRİ MİLLƏTƏ ƏMANƏT OLARAQ SEVGİSİNİ, O BİRİ İSƏ HAKİMİYYƏTİ ÖZ OĞLUNA ÖTÜRDÜ GETDİ

Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı önündə anım mərasimi
- Heydər Əliyev özündən sonra hakimiyyəti varisinə verib. Onun oğlu dövlət başçısıdır. Ona görə də dövlətin bütün inzibati resursları onun ad günlərinə səfərbər olunur. Dövlət orqanları hamını bu prosesdə iştirak etməyə məcbur edirlər. Əbülfəz Elçibəy isə xalqın qəlbində yaşayır və heç kim onun ad günündə xüsusi kütləvi tədbirlər təşkil etmir. Bu iki lider həyatında da fərqlidir, idarəetmədə də. Biri millətə əmanət olaraq sevgisini, o biri isə hakimiyyəti öz oğluna ötürdü getdi. İndi oğlu hakimiyyətdə olduğu üçün ona təmtəraqlı ad günləri keçirir. Hələ də Elçibəyə eks-prezident statusu verilməməsi Azərbaycanın indiki hökumətinin dünyasını dəyişmiş əsl böyük liderlərinə də qısqandığını göstərir.

Əslində, Azərbaycanın ilk prezidenti, hazırda Rusiyada mühacirət həyatı yaşayan Ayaz Mütəllibov da deyir ki, eks-prezidentlərin status məsələsinə tezliklə baxılmalıdır:

PROBLEM YARATMAĞIN NƏ MƏNASI VAR?

- Bunu böyük siyasi məsələyə çeviriblər. Demokratik ölkələrdə bu var. Bu status tək mənə aid deyil, rəhmətlik Heydər Əliyevə də, rəhmətlik Əbülfəz Elçibəyə, gələcəkdə İlham Əliyevin özünə də lazımdır. Bu olmalıdır. Problem yaratmağın nə mənası var? Özü də bu status çoxdan verilməli idi. Çünki Konstitusiyada 6 ay vaxt qoyulmuşdu.

ELÇİBƏYƏ VƏ MÜTƏLLİBOVA STATUS VERİLMƏMƏLİDİR

Bəxtiyar Sadıqov
Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Bəxtiyar Sadıqov isə deyir ki, nə Elçibəyə, nə də Mütəllibova bu status verilməlidir:

- Milli Məclisdə bu barədə söhbət düşəndə bir sıra deputatlar da bu məqamı səsləndirdilər. O prezident ki, prezidentlik borcunu axıra qədər yerinə yetirməyib, gərgin vəziyyətdə Ayaz Mütəllibov, Elçibəy kimi canlarını götürüb qaçıblar, xalqı yox, özlərini düşünüblər, onlara eks-prezident statusu verilməməlidir. Çünki prezidentlik dövrlərini tam başa vurmayıblar.

BU, İNDİKİ İQTİDARIN MARAQLARINA CAVAB VERMİR

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, eks-prezident haqqında qanun qəbul olunsa, Ayaz Mütəllibov Bakıya dönməlidir, imtiyazlarla təmin olunmalıdır. Elçibəyin irsi araşdırılmalı, dövrü təbliğ olunmalıdır. Bu isə indiki iqtidarın maraqlarına cavab vermir:

- Bu gün Azərbaycan iqtidarı bir xətt tutub. Heydər Əliyevdən başqa tarixdə heç kim olmayıb və Azərbaycan tarixində ancaq Heydər Əliyevin xidmətləri olub. Ona görə eks-prezidentlərin statusu haqqında düşünmürlər.
XS
SM
MD
LG