Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:53

Daşqın bölgəsində növbəti qarşıdurma


Daşqın insanları üz-üzə qoyub
Daşqın insanları üz-üzə qoyub
Sabirabadın Sərxanbəyli kəndində yerli sakinlərlə Salyan rayon sakinləri arasında qarşıdurma yaranıb. AzadlıqRadiosunun daşqın bölgəsində olan müxbirinin məlumatına görə, qarşıdurmaya Mölə ərazisindəki bəndin uçurulması səbəb olub.

Sərxanbəyli sakinləri sözügedən bəndi uçurmaq istəyiblər ki, kəndə gələn suyun axınını dəyişsinlər, əks halda kəndin su altında qalmaq təhlükəsi yaranıb. Sakinlər deyirlər ki, məqsədləri bəndi uçurmaqla suyun Salyandakı boş sahələrə axıdılmasına nail olmaq olub.

Amma Salyan sakinləri, o cümlədən rayon polisi buna qarşı çıxıb. Sərxanbəyli sakinlərinin dediyinə görə, hətta qarşıdurma zamanı tərəflər bir-birinin üstünə silah da çəkib. Sonradan hadisə yerinə gələn Sabirabad polisi qarşıdurmanı yatırıb.

Nəticədə Sərxanbəyli sakinlərinə bəndin yalnız bir hissəsini uçurmağa icazə veriblər, amma sakinlər bununla təhlükənin aradan qalxmadığını bildirirlər. Əhali iddia edir ki, suyu axıtmaq istədikləri Salyandakı boş düzənliklərdə rayon icra başçısının heyvandarlıq ferması olduğuna görə onlara bəndi tamamilə uçurmağa icazə vermirlər.

Hadisə ilə bağlı rəsmi mənbədən məlumat almaq mümkün olmayıb.

Bundan əvvəl isə daşqınlarla bağlı Sabirabadın bir neçə kəndi arasında dava düşmüşdü.
XS
SM
MD
LG