Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:57

Daşqın QHT-ləri də hərəkətə gətirdi


Düşərgədə yerləşənlərin də günü elə xoş deyil, əhalisi geri qaytarılan kəndlərdə də anti-sanitariya yaranıb

Düşərgədə yerləşənlərin də günü elə xoş deyil, əhalisi geri qaytarılan kəndlərdə də anti-sanitariya yaranıb

- Sabirabadın, Salyanın kəndlərinə getdik. Harada ki, bəndlər dağılmayıb orda camaata kömək lazımdır. Kasıb camaatdı, öz gözümüzlə gördük ki, gecə-gündüz işləyirlər, torpaq daşıyan maşınlara benzinin pulunu öz ciblərindən verirlər. Bel istəyirlər. Texnika yoxdur. Bu kəndlərə nə Fövqəladə Hallar Nazirliyindən gəliblər, nə də əsgərlər gəlib.

Azərbaycanın daşqınla üzləşmiş aran bölgəsindən yenicə qayıdan Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin sədri Günay Hüseyn deyir ki, düşərgədə yerləşənlərin də günü elə xoş deyil, əhalisi geri qaytarılan kəndlərdə də anti-sanitariya yaranıb.

Sabirabadın Xankeçən kəndinin sakini Şahbaz Hacıyev isə AzadlıqRadiosuna gileylənir ki, kəndin Təzə Yurd deyilən ərazisini su basmasına baxmayaraq, onlara heç bir kömək gəlməyib, camaat çaş-baş qalıb:

CAMAAT AC-SUSUZDU

- Kəndin əhalisi köçüb, dağılıb. Yol boyu camaat ac-susuzdu. Pərakəndəlikdi. Təzə Yurdu su basıb, 63 ev yerləşirdi, evlər su altında qalıb. Suyun kəndə doğru gəlməsi ehtimalı var. Amma maraqlanan yoxdur. Bir nümayəndəmiz yoxdur, texnika yoxdur. Burdan qaçan adamlar da heç yerə sığınmayıb. Televiziyada yalandan deyirlər ki, hamı yerləşdirilib. Yalan deyirlər.

Fövqəladə Hallar Nazirliyinin rəsmiləri isə deyirlər ki, Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində sahil mühafizə bəndinin bir hissəsi yuyulub. Nəticədə iki kəndin bəzi əraziləri suyla dolub və onlar dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparırlar.

Vətəndaş cəmiyyətinin bəzi təmsilçiləri isə daşqınla üzləşmiş bölgədəki vəziyyətlə bağlı informasiya qıtlığı yarandığını deyir və hökuməti informasiya manipulyasiyasında ittiham eləyirlər.

Mayın 21-də bir araya gələn QHT rəhbərləri hökuməti həm də meliorasiya sahəsinə ayrılan küll miqdarda vəsaiti şəffaf və təyinatı üzrə xərcləməməkdə, vaxtında lazımi tədbirlər görməməkdə suçladılar.

İCTİMAİ QINAQ OLMALIDIR

QHT təmsilçiləri təcili qərargah yaratmağı, bölgələrdən məlumatları toplayıb ehtiyacları müəyyən etməyi və hökumət qarşısında konkret tələblər qoymağı qərara aldılar. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev:

- Bu gün ən effektiv məsələ odur ki, hökumətə ciddi nəzarət etmək lazımdır. Vəsait onlarda, texnika onlarda. İctimai qınaq olmalıdır.

İqtisadçılar Azər Mehtiyev, Qubad İbadoğlu və Sabit Bağırov isə bununla yanaşı həm görülən tədbirləri, həm də bu sahəyə ayrılan vəsaitin monitorinqini də aparmağı təklif eləyiblər. Azər Mehtiyev:

- Növbəti dövr üçün baş verən hadisələrin real səbəblərini ortaya qoymaq, ən azı alternativ hesabatlıq üçün jurnalistlərdən və mütəxəssislərdən ibarət ictimai təhqiqat qrupu yaradılmasına ehtiyac var.

«KÜR» VƏTƏNDAŞ CƏMİYYƏTİ QƏRARGAHI YARADILDI


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə deyir ki, vətəndaş cəmiyyəti fövqəladə vəziyyət elan edib hazırda işlədikləri layihələri dayandırmalı və Kür-Araz boyu daşqının yaratdığı fəlakətlə məşğul olmalıdırlar.

Müzakirəyə qatılan 10-dan çox QHT təmsilçisi «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı yaradılmasına qərar verdi. Qərargahın «Qaynar xətt»i 24 saat ərzində fasiləsiz işləyəcək və QHT-lərin əməkdaşları daşqınla üzləşmiş kəndlərə ezam olunub yerlərdəki vəziyyətlə bağlı ətraflı məlumat verəcəklər.

Şərhləri göstər

XS
SM
MD
LG