Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:23

Aysel Şakirqızı "SƏRDABƏ"


Aysel Şakirqızı

SƏRDABƏ

Yuxuda yüksək bir yerdən yıxılırmış kimi oldu və yataqdan dik atıldı.

Bir müddət harada və niyə olduğunu anlamadan ətrafına baxdı.

Dünənki məclis dumanlı şəkildə beynində canlandı.

Öz dostları ilə səfərqabağı yeyib-içməyi çox xoşlayırdı. Həmişə də eyni otelin restoranında görüşür, keçmiş xatirələri danışırdılar. Bu onun adəti idi və heç tərgitmək niyyəti də yox idi.

Dünən gecəyarısı sürünə-sürünə otel otağına gəldiyi yadına düşdü.

Belə çox içdiyinə görə özünü danlaya-danlaya vanna otağına keçdi. Qırx dəqiqədən sonra tam hazır oldu və telefonun dəstəyini qaldırıb əzbər bildiyi nömrəni yığdı. Telefonun o başından katibəsinin soyuq səsi gəldi:

- Bəli Telman müəllim, hər şey hazırdır. Təyyarə saat 12:00-da qalxacaq. Biletlər artıq alınıb.

- Oldu. Hava limanında görüşərik.

Dəstəyi qoyandan sonra belə ağıllı və tədbirli katibəsinin olması ilə fəxr etdi. Amma onun yöndəmsiz bədən quruluşu, həmişə qayğılı görünən eybəcər üzü qarşısına gələndə fikrini dəyişdi. Gülümsünərək ağlından keçirdi ki,Tanrı necə də “ədalətli”dir, bir yandan verir, bir yandan alır.

Güzgünün qabağına keçdi. Əlli yaşı olmasına baxmayaraq cavan görünürdü. Özünə güzgüdən göz vurdu. Qəribə yaşıl gözləri vardı.

Həmişə də hamıya sınayıcı nəzərlərlə baxırdı. Elə bil qarşısındakının yalan danışıb-danışmadığını ayırd edirdi.

Onu tanıyanlar onun diplomat və siyasətçi olduğunu vurğulayırdılar. Kimlə necə, hansı tərzdə danışmağı çox gözəl bilirdi. Bu da ona elitada xüsusi hörmət və sevgi qazandırmışdı.

Artıq getməyə hazırlaşdı. Plaşını əyninə geydi. Qapını arxasınca örtəndə otağın nömrəsi gözünə sataşdı: “444”. Bu onun heç xoşuna gəlmədi.
Düz saat 10:00-da aeroportda idi.

Həmişə hər yerə düz vaxtında gedərdi. Nə bir dəqiqə tez, nə bir dəqiqə gec. Heç kəsin də gecikməyini bağışlaya bilmirdi.

Katibəsi və sağ qolu hesab etdiyi Neman ona yaxınlaşdılar. Neman 30-35 yaşarası cavan, yaraşıqlı bir kişi idi.

Həmişə yüksək zövqlə geyinərdi. Çox ağıllı gözləri və görkəmi vardı. Şirkətdə işlədiyi bu on il ərzində Telman müəllimin etibarını qazanmışdı.

Təyyarədə yanaşı oturdular və layihə üçün lazım olan əsas sənədlərə bir də göz gəzdirdilər. Bu iş onun üçün çox önəmli idi. Onu qazansalar, böyük bir layihəyə imza atacaqdılar.

Təyyarə qalxanda qəlbinə nə isə bir narahatlıq doldu. İngiltərədə yaşayan yeganə oğlu- Saleh yadına düşdü. Axırıncı söhbətlərində oğlunun dediyi sözlər ona yaman yer eləmişdi. Saleh atasından tamamilə fərqlənirdi.

Onu biznes aləmi qətiyyən maraqlandırmırdı.

O, biznesmenləri oğru və daşqəlbli adamlar adlandırırdı. Atası onun gələcəyini özü planlaşdırmış, ona həyatda yol cızmışdır. Lakin Saleh inadla bildirirdi ki, onun yolunu getməyəcək.

Bu həyatda özü istədiyi kimi, arzuladığı kimi yaşamaq istəyirdi. O, ata hesabına adam olanlardan olmaq istəmirdi.

O isə ümumiyyətlə oğlunu heç vaxt başa düşmürdü, bəlkə də heç başa düşmək istəmirdi. Salehin sözləri qulağında səsləndi:

“Sən həmişə hamının işinə qarışırsan, hamıya nəzarət edirsən. Gör sən necə bəndəsən ki, artıq Allahın da işinə qarışırsan: Özün üçün qəbir qazıb, başdaşı düzəldirsən.

Yox! Bağışlayın “başdaşı”, “qəbir” bir az aşağı səviyyəli oldu. Məncə “sərdabə” sözü daha yerinə düşür.”

Yox! Axı deyəsən oğlu haqlıdır. Onun Yasamal qəbiristanlığında doğrudan da çox möhtəşəm və dəbdəbəli sərdabəsi vardı. Amma bu heç də oğluna əsas vermirdi ki, onu Allahın işinə qarışmaqda ittiham etsin.

Bütün bu fikirlərdən ürəyi daha artıq sıxıldı. O zəhrimara qalmış qəbiristanlığı yadına saldığına peşman oldu. Başqa bir şey haqqında fikirləşmək istədi, amma alınmadı. O sərdabə gözünün qabağından getmirdi.

Bu nə idi, axı o heç vaxt bu haqda fikirləşməmişdi. Ona nə olmuşdu? Bu fikirlərdən bütün bədəni titrədi. Yanında yuxuya getmiş Nemana qısqanc nəzərlərlə baxdı.

Birdən təyyarə bərk silkələndi. Hamı təlaşla bir-birinə baxdı. Neman diksinib sual dolu nəzərlərini ona tuşladı. Telman müəllimin üzü ona o qədər qorxunc gəldi ki, uzun müddət gözlərini döydü.

Nə olduğunu heç kəs anlamadı, arxadan katibəsinin təlaşlı səsi qulağına gəldi. Amma onun nə dediyini anlamadı. Bərk əsəbləşdi. Əvvəl pilotu, sonra isə təyyarəni istehsal edən şirkəti söydü.

Getdikcə silkələnmələr daha da çoxalırdı. Qulaqbatırıcı uğultu səsləri insanın tükünü ürpədirdi.

Stüardessa içəri girib bildirdi ki, narahatçılığa heç bir əsas yoxdur. Sadəcə təyyarədə bir az nasazlıq baş vermiş və tezliklə bu aradan qaldırılacaqdır. Amma üzünün ifadəsi tamam ayrı şeylərdən xəbər verirdi.

Onun gəlişi nəinki sərnişinləri sakitləşdirdi, hətta daha da təlaşa saldı.

Təyyarənin sol qanadı yanmağa başladı. İnsanların qışqırığını, qarma-qarışıqlığı, hamının öz canını qurtarmaq arzusunu çox sakitliklə seyr etməyə başladı. Elə bil ətrafda olanlar onu qətiyyən maraqlandırmırdı. Birdən Nemanın yanında olmadığını hiss etdi.

O hara yoxa çıxmışdı? Onu heç axtarmaq fikri də yox idi.

Elə bil bütün taqətini əlindən almışdılar. Hətta belə bir anda ayağa durmağa tənbəllik edirdi. Heç nə başa düşmürdü. Bu insan övladı niyə yaşamaq üçün mübarizə aparmırdı? Yoxsa bu yaşadığı həyat onu çoxmu bezdirmişdi?

Təyyarə sürətlə yerə enməyə başladı. Artıq nəsə etmək üçün çox gec idi.

Bu insan dühasının məhsulu məhv olarkən insanı da özü ilə aparırdı. Hamı sağ qalmaq, canını qurtarmaq arzusunda idi, amma bu arzu olaraq qalırdı.

Ürəyinin çox bərk döyündüyünü hiss etdi. Artıq ətrafda baş verənləri görmürdü, ancaq kiminsə onu çağırdığını aydın eşitdi. Amma qulaqlarına inana bilmədi. Bu səs onun rəhmətlik arvadı, yeganə oğlunun anasının səsi idi.

Onun adını necə də zərifliklə, mehribanlıqla çağırırdı. Lakin birdən bu səs də tamam itdi və hər şeydən çox bu səsin itməsinə heyifsləndi. Bədəni od tutub yanırdı. Yana-yana ölmək necə də dəhşətli imiş.

O bunun tez qurtarmağını necə də arzulayırdı. Birdən qaranlıq bir aləmə düşdü və sanki rahatlıq tapdı, çünki əzabları bitmişdi.

Bu insan övladının məğlubiyyəti və acınacaqlı sonu idi.

Səhər buldozerin səsi ərafı bürümüşdü. Bu səs-küy səhərin sakitliyini heç acımadan pozurdu.

Salehin kədər dolu gözləri atasının “sərdabə”sində idi. O, bura nifrət edirdi və atasının ölümündən sonra dağıdılmasını əmr etmişdi. Telman bəyin özünə qismət olmayan “sərdabə”si sökülürdü.

HEKAYƏYƏ BURDA SƏS VER

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG