Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:04

Sevinc Pərvanə "SALAVAT"


Sevinc Pərvanə

"SALAVAT"

Mən hekayənəvis deyiləm. Amma uşaqlığımdan bəri yadıma düşəndə ürəyimin başını cızz elətdirən elə şeylər var ki, unuda bilmirəm.

Qabağıma çıxan hər kəsə, uşağa-böyüyə danışıram.

Axır bir gün danışmaqdan doydum. Qərara gəldim bu uşaqlıq xatirələrimi kağıza köçürüm.

Bəlkə onda bu əhvalatlar hamınınkı ola. Mənim yaxamdan əl çəkə. Bir əhvalat ki, onu hamı biləcək, daha o hardan mənim əhvalatım olur, olacaq elliklə hamının. Nə başınızı ağrıdım...

Sevincli günlərdən çox qəmli günlərim işarələnib uşaqlıq tarixçəmdə.

Ad günü mərasimlərimdən birini xatırlamaram, qardaşlarımın sünnət toyu desən, yadıma gəlməz. Amma di gəl üç-dörd qəmli hadisə var ki, elə bil diski qoyuram, pultu basıram, televizor göstərir.

Ha istəyirəm qabağa çevirirəm, ha istəyirəm dala.

Anamla ki, atam girdi bir-birinə səslərinin zərbindən qəfil tavandan çılçıraq qopub düşdü döşəmənin tən ortasına. Ata nənəm qiyyə çəkdi:

- Bıy, başımıza bəlalar gələcək, Allaha, Tanrıya baxın, ay bala. Daha bəsdi, el-obadan ayıbdı.

Anam balacamızı dalına çatıb, ikimizi də qabağına qataraq dədə evinə yollandı.

Həmişəki kimi ana nənəm kandardaca bizi qarşılayıb üçümüzü də sıraya düzdü, quyunun üstündə əlini belinə vurub cilvələnən dəmir aftafa əlində bizə sarı gəldi.

Hamımızdan əllərimizi irəli uzatmağı tələb elədi. Dodağının altında başladı pıçıldamağa.

Sonra növbə ilə ayaqlarımızı yudu. Tapşırdı ki, ayaqlarımız , əllərimiz quruyana qədər əlimizi, ayağımızı bir yerə vurmayaq.

Kirimişcə qapının ağzındaca qurbağa kimi üstünə düzüldüyümüz iri daşın üstündə dayandıq ta o vaxta kimi əllərimizin, ayaqlarımızn suyu qurudu.

Yay axşamı idi, sərin meh əsib çılpaq ayaqlarımızı sərin diliylə yalayır, içimizi titrədirdi. Ata nənəmin təbirincə içimizi tez-tez “cin qıdıqlayırdı”.

Cin qıdıqladıqca ata nənəmin mehribanlığı, sevgi dolu səsi yadıma düşür, kövrəlirdim.

Nəhayət ki, soyuq nəm buxarlanıb qurudu. Bu xeyli vaxt aldı. Nənəm bizi daşın üstündən düşürüb bir-bir dalına alıb evə apardı. Bu dəfə təzə əngəl çıxardı:

- Baxın ha, quru döşəmədə harda istəyirsiz gəzin, bircə palazın üstünə çıxmayın . Namaz qılıram palazın üstündə, süfrə salıram.

Ata nənəm əksinə quru döşəmənin üstündə oynadığımızı görəndə acığı tutar, sonra şirin dillə palazın üstündə oynamağımızı məslənət görərdi.

Axşam yeməyində də ana nənəmin ayrı-seçkiliyi ilə üzləşdik. Babamla özünə ayrı, dayım, dayım arvadı, dayım uşaqlarıyla bizə ayrı süfrə saldı. Əvvəllər də bu evə gəlmişdim.

Ya lap uşaq olduğumdan ağlım kəsmirmiş, fikir vermirəmmiş. Ya da sevimli nənəmdən ayrılmağıma pərişan olduğumdan ana nənəmi onunla müqayisəyə girişmişdim.

Ata nənəm namaz qılmırdı, amma gecələr yatağına girməzdən qabaq Allaha şükür və dualarını pıçıldayırdı.

O pıçıltılar hələ də qulağımdadı:

“ Ay Allah, dəryalardakı balıqların və qumların, ağaclardakı yarpaqların, meşələrindəki quşların və böcəklərin, göylərdəki ulduzların sayı qədər sənə şükürlər olsun. Şükür və dualarımı qəbul et, sən özün balalarımı hifz elə”.

Anam ki, bizi qabağına qatdı, darvazadan çıxa-çıxda nənəm dalınca söylənmişdi:

-A bala, daşı tök ətəyindən, gəl getmə. Sözsüz ev olmaz. Aparıb uşaqların boyunlarını bükmə dədənin-nənənin qapısında. Yenə uşaqların əl-ayağı bağlanacaq orda.

Bir-iki günlük müşahidələrimdən sonra gördüm, ana nənəm evdəki bütün qapıları donunun balağını qaldırıb əlinə alaraq açıb-örtür. Biz də gülüşüb onu təqlid eləyəndə anam göz ağartdı ki, ana nənəmin acığına gələr.

Bir sabah yuxudan ayılıb gördük, anam yoxdu.

Hay-küyümüzü yatırtmağa çalışan ana nənəm dedi ki, anam dayımla rayona, idarəyə gedib, işləri var, gələcəklər. Evin çox hissəsi xalça-palazla döşəndiyindən oynamağımız üçün dar, ensiz yer qalırdı adda-budda.

Səhərimizi yeyən kimi dayım uşaqlarıyla daraşdıq həyət-bacanın canına.

Orda azad idik. Heç kim qaba dəymə, qapıya toxunma, yatağa çıxma demirdi. Amma həyətdə də quyunun ətrafına dolanmaq, nənəmlə, babamın ikisinə bir işlətdikləri aftafalarına toxunmaq olmazdı.

Anam belə evdəkilərin aftafasıyla ata-anasınınkını səhv salanda nənəm salavat verərdi uzun-uzadı.

Aftafaların ikisi də dəmirdəndi, nənəm hesab eləyirdi ki, kauçuk aftafaları, qulplucaları kafirlər düzəldirlər, ona görə də murdardı.

Gizlənqaç oynayırdıq. Hardansa bizim balacanın ağlına gəlib gedib bağın o başındakı ağacların arxasında gizlənmiş taxta ayaqyoluna soxulub. Bir onda eşitdik ki, uşaq ilan vuran kimi bağırır. Haya yüyürdük.

Uşaq taxta ayaqyolunun dəliyindən nəcis dolu quyuya düşmüşdü. Yaxşı ki, quyunun dərinliyi uşağa boy verirdi.

Nənəmin dalınca qaçdıq. Ana nənəm uşağı bu vəziyyətdə görən kimi əvvəlcə bir kənara çəkilib öyüdü, deyindi-danışdı. Sonra üzünü mənə tutub tapşırdı ki, qardaşımın nəcisli əllərindən bərk-bərk yapışım.

Mən qardaşımdan, nənəm məndən tutdu, birtəhər uşağı çəkib dəlikdən çıxartdıq.

O biri uşaqlara toxunmamağımızı tapşırıb, ana nənəm dayımın balalarıyla bizim ortancılı günorta yeməyi yemək üçün apardı. Balacayla qaldıq al-günün altında iylənə-iylənə. Anam gəldi, ikimizi də həyətdəcə çimizdirdi.

Axırda nənəm gəlib salavatımızı verdi, sonra bizi evə buraxdı. Söyləndi ki, az qalıb məktəbə gedəm, hələ də salavatı bilmirəm. Sonrakı iki-üç gün ərzində ana nənəm salavat verməyi mənə öyrətməyə başladı.

Ciddi-cəhddən sonra axır ki, öyrənə bildim.

Anamla atam nəhayət, barışdılar. Evimizə qayıtdıq. Həmin il məktəbə getdim. Məktəbə başlamağımızın ilk həftəsiydi.

Müəllimə bildiyimiz şeirləri, hesabı soruşurdu. Şeir yerinə ana nənəmdən öyrəndiyim salavatı üç dəfə çevirib söylədiyimə indi də gülməyim gəlir.

İndi biz böyümüşük, ana nənəm çox qocalıb.

Ötən yay kəndə getmişdim. Baxdım nənəmin ağzında biri altda, biri üstdə, cəmi iki dişi qalıb.

Ürəyim ağrıdı, dedim, gəl protez diş düzəltdirim ağzına, rahat ye, iç. Daş atdı, başını tutdu ki, acından ölər, amma kafirlərin qayırdığı o murdar əşyanı ağzına almaz.

Hirsləndim, birdən nənəmə sataşmağım gəldi.

Bu dəfə içimi Cin yox, cinlərin böyüyü Şeytan qıdıqlayırdı.

Qapının girəcəyindəki uşaqlığımdan bəri tanış əl-üzyuyanın yanındakı sabunu göstərib dedim:

- Nənə, sən də əlini bu sabunla yuyursan?

- Hə, bala, deyirlər, bu yaxşıdı.

- Bıy, bayaq mən ayaqyolundan çıxanda fikirləşdim, sizdə sabun olmaz, əlimi sabunlamadım, eləcə oturdum süfrəyə. Amma salavat vermişdim, narahat olma.

Bu vaxt sağollaşmaq üçün tutduğum əlini qəfil əlimdən çəkdi:

- Ay bala, soruşardın gərək. Qurd keçinin nəyin yeyib, götür indi əlini sabunla! - dişi bağırsağını kəsən nənəm məni əl-üzyuyana sarı itələdi.

Gözümdən çıxan qığılcımlardan nə demək istədiyimi anlayıb qəfil qışqırdı:

- Allah sənə lənət eləməsin, bala.

HEKAYƏYƏ BURDA SƏS VER

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG