Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:52

Səyyad Aran Gülər Əhmədovanın güdazına getdi?


Səyyad Aran
Səyyad Aran
«Konsulluğun bu məsələyə laqeydliyi, konsulluq əməkdaşlarının Azərbaycandan ora tətilə getmiş adamların arxasına düşüb dükan-bazara getmək əvəzinə gəlib bizim yanımızda durmaması nəticəsində biz belə bir olay yaşadıq. Mən artıq dərəcədə xahiş edirəm ki, bu məsələlərlə bağlı XİN qarşısında məsələ qaldırılsın. Çünki bu, birinci belə hadisə deyil».

Hakim YAP-dan olan deputat Gülər Əhmədova bu il aprelin 2-də parlamentdə çıxışında belə demişdi. Deputatın sözlərinə görə, onların Türkiyədə ötən əsrin əvvəllərində Çanaqqala döyüşlərində həlak olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi işi az qala pozulacaqmış. Özü də Azərbaycanın İstanbuldakı baş konsulunun laqeydliyi ucbatından.

SPİKER DƏ TƏSDİQLƏMİŞDİ

Azərbaycanın İstanbuldakı baş konsulundan şikayətlər olduğunu o vaxt parlamentin spikeri Oqtay Əsədov da təsdiqləyib demişdi ki, məsələ XİN-də araşdırılır.

İndi artıq Səyyad Aran İstanbulda baş konsul deyil. Mayın 3-də prezident İlham Əliyev onu bu vəzifədən geri çağırıb. Yerinə də Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalovu təyin edib. Əslində, nəinki konsulun, hansısa səfirin də geri çağırılması o qədər də diqqəti çəkməyə bilər. Çünki necə ki, başqa ölkələrin Azərbaycandakı diplomatları fəaliyyət müddətinin başa çatması və ya digər səbəbdən yeniləri ilə əvəzlənirlər, eləcə də Azərbaycanın xaricdəki diplomatları geri qayıda bilərlər. Sadəcə, Səyyad Aranla bağlı Milli Məclisdə səslənən fikirlərdən sonra çox keçmədən onun geri çağırılması məsələni müzakirə mövzusuna çevirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovdan Səyyad Aranın geri çağırılmasının Gülər Əhmədovanın şikayəti və spikerin haqqında danışdığı araşdırma ilə əlaqəsinin olub-olmadığını soruşduq. O dedi ki, məsələni təfərrüatlı Prezident Administrasiyasından öyrənmək olar. O ki, qaldı deyilənlərə:

BU, SADƏCƏ ROTASİYA PROSESİDİR


«Bu, sadəcə olaraq rotasiya prosesidir. Diplomatlar vaxtaşırı geri çağırılır. İl ərzində artıq bir neçə səfir geri çağırılıb, yeri dəyişdirilib. Yəni buna təəccüblə yanaşmaq olmaz».

Hikmət Hacızadə
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsiblini isə bu məsələdə təəccübləndirən parlamentdə səslənən fikirlərin belə tez nəticəyə çevrilməsi olub:

BELƏ REAKSİYALARI MƏN HİSS ETMƏMİŞƏM


«Şikayət varsa, onun araşdırılması normal bir işdir. Amma Milli Məclisdə təkliflər, şikayətlər çox olur, lakin onlara belə reaksiyaları mən hiss etməmişəm».

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə isə deyir ki, adətən konsul müddəti başa çatdıqda geri çağırılır. Əgər ondan tez çağırıblarsa, bu onun fəaliyyətinin qeyri-qənaətbəxşliyi, səhhəti, ailə vəziyyəti və digər bu kimi məsələlərlə bağlı ola bilər.

«Diplomatik xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa görə, konsulun fəaliyyət müddəti 3 il müəyyən edilib. Səyyad Aran İstanbulda baş konsul vəzifəsinə 2006-cı ilin sentyabrında təyin olunub. 2009-cu ilin sentyabrında artıq onun fəaliyyət müddəti başa çatmışdı. Gülər Əhmədovanın parlamentdəki 2 aprel çıxışına qədər onun fəaliyyəti qeyri-qənaətbəxşliyi ilə deyil, daha çox Azərbaycan iqtidarının mövqeyini müdafiə edən və bəzi Qərb dövlətlərini ittiham edən bəyanatlarla diqqəti cəlb edirdi.

Səyyad Aran YAP-ın yaradılmasında və keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində iştirak edən «91-lər»dən biridir.

Haqqında parlamentdə səslənən fikirlərə cavab olaraq o vaxt «Media forum» saytına açıqlamasında Səyyad Aran bildirmişdi ki, deputat Əhmədova bilmədiyi şeylərdən danışır. O baş konsul olaraq həmin gün Çanaqqala döyüşünə həsr olunmuş tədbirlərdə Azərbaycanı təmsil edirmiş.
XS
SM
MD
LG