Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:15

«Onlar Eynulla Fətullayev azad edilsin deyə bilməzlər»


Parlamentin vitse-spikeri Ziyafət Əsgərov

Parlamentin vitse-spikeri Ziyafət Əsgərov

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin böyük palatasına şikayət edib. Bunu Milli Məclisin aprelin 27-dəki iclasında parlamentin vitse-spikeri Ziyafət Əsgərov deyib.

Parlamentdə müzakirələr zamanı bəzi millət vəkilləri Eynulla Fətullayevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının yerinə yetirilməsinin zəruri olduğunu bildirib.

Bu fikirlərə viste-spikeri Ziyafət Əsgərovun münasibəti isə belə olub:

«Avropa Məhkəməsinin qərarları Azərbaycan üçün məcburi deyil. Onlar Eynulla Fətullayev azad edilsin deyə bilməzlər. Onların qərarları Azərbaycan üçün yalnız tövsiyə xarakteri daşıyır».

Ziyafət Əsgərov hesab edir ki, əslində Avropa İnsan Haqları Məhkəməsinin qərarları da siyasiləşib.

«Laçından olan məcburi köçkünlərin şikayətinə bu instansiyanın münasibətində də siyasiləşmə özünü göstərir. Məhz ermənilər belə şikayət verəndən sonra Azərbaycandan olan qaçqınların şikayətinə baxılması barədə bağlı belə qərar verilib».

Onun sözlərinə görə, Avropa Məhkəməsinin böyük palatası öz qərarını Azərbaycanın ali məhkəməsinə göndərməlidir:

«Bundan sonra əgər zərərçəkən tərəf kasasiya şikayəti verərsə, onda Ali Məhkəmənin Plenumu bu məsələyə baxacaq və qərar qəbul edəcək ki, Fətullayevlə bağlı qərarı birinci instansiya məhkəməsinə göndərsin, yoxsa Apelyasiya Məhkəməsinə».

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru E.Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə E.Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində E.Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) E.Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə hazırda məhkəmə araşdırması gedir.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən onu dərhal azad etməyi tələb edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG